Alçanı al – salamat qal!

post-img

Çoxumuzun sevimli meyvəsi olan və böyük həvəslə yediyimiz alça mövsümüdür. Xüsusi dada malik alça sağlamlığa faydaları ilə diqqət çəkir. Tərkibindəki vitamin və minerallar sayəsində əsl şəfa mənbəyidir. Bu meyvənin tərkibində A, C, K, E, B6 vitaminləri, kalium, kalsium, maqnezium, fosfor mineralları, beta-karoten, lutein və zeaksantin kimi antioksidant birləşmələr var.

Alça antioksidant təsiri ilə immuniteti gücləndirir, tərkibindəki kalium ürək əzələlərinin işini tənzimləyir, təzyiqi aşağı salır, lif sayəsində LDL xolesterinini azaldır. Ehtiva etdiyi C vitamini isə zədələnmiş damarların bərpasını sürətləndirir.

Alça çoxlu lif ehtiva etdiyindən həzm sisteminin sağlamlığını qoruyur. Bağırsaqlar üçün yararlıdır, qəbizliyin qarşısını alır. Tərkibindəki fitokimyəvi maddələr iltihabı azaldır. Toxluq hissi verir, arıqladır.  Kalorisi çox az olsa da, qanda dəmir çatışmazlığının qarşısını alır, sümük sağlamlığı üçün vacibdir, qan şəkərini tənzimləyir.

 Alça gözəlləşmək istəyənlərin də bir nömrəli seçimi olmalıdır. Çünki tərkibindəki antioksidantlar dərinin zədələnməsinə səbəb olan sərbəst radikallarla mübarizə aparır. C vitamini kollagen istehsalını dəstəkləyərək dərinin elastikliyini qoruyur. Qırışların əmələ gəlməsinin qarşısını alır və qocalma gecikir. Hüceyrələrin özünü yeniləmə prosesi sürətlənir. E vitamini dəri gözəlliyi üçün xüsusilə vacibdir.

Ancaq ekspertlər xəbərdarlıq edirlər ki, alçanın bütün bu faydalarından yararlanmaq üçün onu duzsuz yemək lazımdır.

Z.HÜSEYNLİ 
XQ

 

Sosial həyat