Peru Konqresində 28 May Azərbaycanın Müstəqillik Günü münasibətilə Konqresin üzvü Maria del Karmen Alva Prieto və Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun adından təbrik müraciətləri qəbul edilib.
Bu barədə Azərbaycanın Meksikadakı səfirliyinin verdiyi məlumat bildirilir ki, sənədlərdə 1918-ci il mayın 28-də Azərbaycan xalqının ilk dəfə öz müstəqilliyini elan edərək Azərbaycan Xalq Cümhuriyyətini qurduğu, müsəlman Şərqində ilk demokratik, dünyəvi və parlament respublikası olduğu və digər demokratik dünya dövlətləri tərəfindən tanındığı vurğulanıb. Ölkəmizin müstəqilliyinin milli kimliyin önəmli hissəsi kimi əlamətdar tarixi bir hadisə olduğu, ölkə rəhbərliyi və xalq üçün xüsusi əhəmiyyət kəsb etdiyi qeyd olunub.
Bununla yanaşı, demokratik, bərabər prinsip və dəyərlər üzərində qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti vətəndaşlarının heç bir ayrı-seçkilik olmadan eyni hüquqlarla təmin edildiyi və əhalisinin müsəlmanlar çoxluq təşkil edən ölkələr arasında qadınlara bərabər seçki hüququ verən ilk ölkə olduğu bildirilib.
Bu gün Azərbaycanın beynəlxalq aləmdə din və mədəniyyətlərin harmoniya, sülh şəraitində birgə yaşaması üçün uğurlu model hesab edildiyi diqqətə çatdırılıb.
Təbrik müraciətlərində 1996-cı il iyunun 25-də Peru ilə Cənubi Qafqazın maliyyə və turizm mərkəzinə çevrilmiş, regionun yüksək sosial-iqtisadi inkişafına malik lider dövləti olan qardaş Azərbaycanla diplomatik əlaqələrinin qurulduğu, iki ölkə arasında təhsil, sərmayə və ticarət sahələrində əməkdaşlıq əlaqələrinin gücləndirilməsində qarşılıqlı maraq olduğu bildirilib.
Sonda ölkəmizin müstəqilliyinin 106-cı ildönümü münasibətilə ölkəmizin ali rəhbərliyinə və Azərbaycan xalqına təbrik müraciətinin çatdırılması xahiş edilib.
XQ