Azərbaycanda III beynəlxalq minatəmizləmə konfransı

post-img

Mayın 30-da Zəngilanda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda III beynəlxalq humanitar minatəmizləmə konfransı öz işinə başlayıb. 

Konfransda, ümumilikdə, 75 ölkədən 300-dən çox nümayəndə iştirak edir. İştirak­çılar arasında bir sıra ölkələrin yüksək vəzifəli şəxsləri, BMT-nin baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif ölkələrin minatəmizləmə mərkəzləri­nin rəsmilərinin, habelə ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin və­zifəli şəxsləri iştirak edirlər.

Məclis mina partlayışı nəticəsində zərər çəkmiş Tamam Cəfərovanın mina qurbanla­rı adından dünya ictimaiyyətinə müraciəti ilə başlayıb.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonla­rında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev tədbirdə çıxış edərək bildirib ki, beynəlxalq konfransın Zəngilanda işə başlamasının böyük rəmzi mənası var. Zəngilanın Ağalı kəndi yenidən qurulan və keçmiş məcburi köçkünlərin qayıt­dıqları ilk yaşayış məskənidir. Bu miqyasda işlərin aparılması məhz minaaxtaranların gər­gin əməyi sayəsində həyata keçirilir, insanla­rın təhlükəsizliyi təmin edilir və minaların ətraf mühitə təsiri azaldılır.

Konfransda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Admi­nistrasiyasının Xarici siyasət məsələləri şö­bəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub (Müraciət qəzetin bugünkü nömrəsində dərc olunub). 

Prezidentin köməkçisi dünyanın üzləş­diyi mina probleminin ətraf mühitə təsiri məsələlərinin müzakirəsi məqsədilə bir araya gələn konfrans iştirakçılarına təşəkkür edib, konfransın işinə uğurlar arzulayıb.

ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov ölkəmizin üzləşdiyi mina prob­leminin təsirinin aradan qaldırılmasına beynəlxalq dəstəyin artırılmasının zərurili­yini diqqətə çatdırıb. O qeyd edib ki, işğal­dan azad edilmiş ərazilərimizin 10 min 285 kvadratkilometri mina və partlamamış hərbi sursatlarla müxtəlif səviyyələrdə çirklənmiş hesab olunur. Vüqar Süleymanov kənd təsər­rüfatı, əkinçilik üçün münbit torpaqların, eyni zamanda, saysız-hesabsız heyvan və bitki növlərinin, çaylar, göllər, bulaqlar, kəhrizlər və su quyularının mina və müharibənin digər partlayıcı qalıqları ilə ciddi şəkildə çirklənmə­si, habelə minaların mənfi təsirinin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib. 

BMT Baş katibinin köməkçisi, BMT-nin İnkişaf Proqramının Avropa və Müstəqil Döv­lətlər Birliyi üzrə Regional Bürosunun direk­toru İvana Jivkoviç nitqində minatəmizləmə fəaliyyətinin ətraf mühitin bərpası və milli inki­şaf proqramları ilə inteqrasiyasının vacibliyini vurğulayıb. Bildirib ki, minaların ətraf mühitə təsirini azaltmaq missiyası yalnız partlayıcı sursat problemini aradan qaldırmaq deyil, eləcə də gələcək nəsillər üçün təhlükəsiz hə­yat, kənd təsərrüfatı və biomüxtəlifliyin təmin edilməsidir. 

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev konf­ransda videomüraciətlə çıxış edərək bildirib ki, COP29-un məqsədlərinə uyğun olaraq, biz iqlim davamlılığı məsələlərini minatəmiz­ləmə və yenidənqurma səylərimizə inteqrasi­ya etməyə çalışırıq. Hədəfimiz işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonası yarat­maqdır. 

Sonra ANAMA və BMT-nin İnkişaf Proqra­mı arasında niyyət bəyannaməsi imzalanıb.

Sənədi agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov və BMT-nin İnkişaf Proq­ramının Azərbaycandakı rezident nümayən­dəsinin səlahiyyətlərini icra edən Alessandra Roccasalvo imzalayıblar. 

Niyyət bəyannaməsi Azərbaycan Res­publikası ərazisində Mina fəaliyyəti ilə əlaqə­dar Mükəmməllik Mərkəzinin yaradılmasında əməkdaşlığı ehtiva edir. Mərkəz mina təh­lükəsi ilə mübarizə sahəsində milli, regional və beynəlxalq səviyyələrdə təlim və bacarıq­ların artırılması, sertifikatlaşdırma və biliklə­rin ötürülməsini həyata keçirəcək, habelə humanitar minatəmizləmə sahəsində ən son texnologiya və metodologiyaları təkmilləşdir­mək üçün minalarla mübarizədə tədqiqat və innovasiyaları təşviq edəcək. Mərkəzin yara­dılması Azərbaycanın mina təhlükəsi ilə mü­barizə imkanlarını artırmaq və minasız dünya üçün qlobal səylərə töhfə vermək niyyətinin göstəricisidir. Bu təşəbbüs Azərbaycanın həm milli, həm də beynəlxalq istəklərinə uy­ğun olaraq sülh, təhlükəsizlik və davamlı inki­şafa, regional və qlobal əməkdaşlığa sadiqli­yini əks etdirir.

Daha sonra konfrans iştirakçıları Zəngilan məscidində olublar. Məlumat verilib ki, Zəngi­landa inşa olunan məscidin təməli Prezident İlham Əliyev tərəfindən 2021-ci il aprelin 26-da qoyulub. 

Konfrans iştirakçıları Ağalı kəndində də olublar. 

Qonaqlar, həmçinin minatəmizləmə pro­sesini izləyib və Azərbaycanın bu sahədəki fəaliyyəti haqqında məlumatlandırılıb.

Konfrans işini mayın 31-də Bakıda davam etdirəcək.



Son xəbərlər