Milli Məclisdə insan alveri ilə bağlı məruzə dinlənildi

post-img

Mayın 21-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirildi. Spiker aprel–may aylarında parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində görülmüş işlər haqqında məlumat verərək, bu dövrdə iki ölkəyə rəsmi və iki ölkəyə də işgüzar səfərlərin həyata keçirildiyini bildirib.

Ötən dövrdə Milli Məclisdə spikerin Bolqarıstan və Konqo prezidentləri, Ma­layziya, İraq, Latviya parlamentlərinin sədrləri, Türkiyə, İtaliya, Gürcüstan, Əl­cəzair, Yeni Kaledoniya parlamentlərinin təmsilçiləri, Çin Xalq Respublikasının Xarici Ölkələrlə Dostluq Assosiasiyası­nın sədri, Beynəlxalq Parlamentarilər Konqresinin baş katibi, Cənub–Şərqi Asi­ya Dövlətləri Assosiasiyası Parlamentlə­rarası Assambleyasının baş katibi və rəh­bərlik etdikləri nümayəndə heyətləri, Türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələrinin sədrləri və digər rəsmi şəxs­lər ilə görüşləri olmuşdur. 

Sonra S.Qafarova gündəliyə 11 məsələ daxil edildiyini bildirdi. Birinci məsələ – İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun – daxili işlər na­zirinin birinci müavini, polis general-ley­tenantı Seyfulla Əzimovun 2023-cü ildə Azərbaycan Respublikasında insan al­verinə qarşı mübarizəyə dair məlumatı dinlənildi.

Qeyd edildi ki, hazırda ölkəmizdə insan alverinə qarşı hərtərəfli mübarizə üçün əlverişli mexanizm yaradılıb və bu istiqamət üzrə milli fəaliyyət planları uğurla icra edilir. O, illik məlumatın Ağır Cinayətlər məhkəmələrinin, Baş Pro­kurorluğun, Ombudsman Aparatının, beynəlxalq təsisatların, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Daxili İşlər Nazirliyinin struktur qurumlarının müva­fiq sahə üzrə Milli Fəaliyyət Planından irəli gələn tədbirlərin yerinə yetirilməsinin və apardıqları monitorinqlərin nəticələri, təhlilləri nəzərə alınmaqla hazırlandığını dedi. Məlumatda insan alverinə qarşı mü­barizə fəaliyyəti ilə bağlı qanunvericilik, profilaktika, maarifləndirmə, təlim və tre­ninqlər, beynəlxalq əməkdaşlıq, məcburi əməyin qarşısının alınması sahəsində tədbirlər, cinayət təqibi və sair istiqamət­lərdə görülən işlər öz əksini tapıb.

Hesabat dövründə insan alverinə qar­şı mübarizədə normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləş­dirilməsi ilə bağlı “Azərbaycan Respubli­kasında insan alverinə qarşı mübarizəyə dair 2020–2024-cü illər üçün Milli Fəaliy­yət Planı”nın icraçı qurumlarının siyahısı dəqiqləşdirilib, normativ hüquqi aktlara uyğunlaşdırmalar aparılıb. Bununla ya­naşı, “İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdi­rilməsi, fəaliyyəti, habelə onların fəaliyyə­tinə nəzarət qaydaları”na əsasən, İnsan alveri qurbanları üçün Yardım Mərkəzinin yaradılması, xüsusi müəssisədə onların dərman preparatları ilə təmin edilməsi, təxirəsalınmaz tibbi və psixoloji yardı­mın göstərilməsi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) funksiyala­rına aid edilib. Həmçinin, Nazirlər Kabi­netinin 2023-cü il 16 may tarixli qərarı ilə “İnsan alverinə qarşı mübarizə üzrə milli koordinator yanında işçi qrupun tərkibi, təşkili və fəaliyyəti qaydası” təsdiqlənib.

İnsan alverinə qarşı mübarizə ilə bağ­lı metodik və maarifləndirici vəsaitlərin hazırlanması, o cümlədən, yayımlan­ması, həmin cinayətlərin törədilməsinə şərait yaradan hallarla bağlı cəmiyyətdə dözümsüzlük mühitinin yaradılması is­tiqamətində də məqsədyönlü tədbirlərin həyata keçirildiyi bildirildi. Belə ki, Daxi­li İşlər Nazirliyi tərəfindən hazırlanmış 14.000 maarifləndirici buklet aidiyyəti dövlət orqanlarına göndərilib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərə­findən 3.000 nüsxədə hazırlanmış “İnsan alverinin qurbanı olma!” bukleti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı “İnsan alveri–Uşaq alveri ilə mübarizə” mövzusunda 1.000 ədəd məlumat kitabçası paylanı­lıb, sosial şəbəkələrdə məlumatlandırıcı videoçarxlar nümayiş etdirilib. Səhiyyə Nazirliyi tərəfindən “İnsan alveri proble­mi və onun profilaktikası” məzmununda metodik vəsait hazırlanıb, “Sağlam uşaq” internet portalında maarifləndirici mate­riallar yerləşdirilib. Ombudsman Aparatı tərəfindən “Ombudsmanın fəaliyyətində uşaq hüquqlarının müdafiəsi” adlı ma­arifləndirici vəsait və “Uşaq Hüquqları Konvensiyası” elektron kitabı ictimaiyyətə təqdim edilib.

Milli koordinator insan alveri сi­nayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə cəlb olunması sahəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri barəsində də məlumat verdi: “Bir sıra qanunlarda dəyişikliklər edilərək cinsi toxunulmazlıq və cinsi azadlıq əleyhinə olan cinayətlə­rin yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi ağırlaşdırıcı hal kimi müəy­yən edilib, uşaqların cinsi istismarı ilə bağlı cinayətlərə görə cəzalar sərtləşdi­rilib. Yetkinlik yaşına çatmayanları ictimai mənəviyyata zidd əməllərə cəlb etmə də cinayət tərkibinin əməli kimi müəyyənləş­dirilib. Bu cür məqsədlərlə uşaqların təqib edilməsinə görə qanunvericiliyə cinayət məsuliyyətini nəzərdə tutan müddəalar əlavə edilib”.

Sonra deputatlar hesabatla bağlı fikir­lərini bildirdilər. 

İnsan alverinə qarşı mübarizəyə dair mili koordinatorun illik məruzəsi səsə qo­yularaq məqbul hesab edildi. 

Gündəlikdəki digər qanun layihələri də səsə qoyularaq qəbul olundu. 

İclasın sonunda helikopter qəzasında faciəli şəkildə həlak olan İran İslam Res­publikasının Prezidenti İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir-Abdul­lahianın və digər şəxslərin xatirələri bir dəqiqəlik sükutla yad edildi.

Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər