İran – Azərbaycan dostluğu sarsılmazdır

post-img

Son faciədən biz də üzüldük 

Prezident İlham Əliyevin son iyirmi ildəki xarici siyasəti dəfələrlə sübut etmişdir ki, o, istənilən görüşdə, müsahibədə, qəbulda nə danışırsa, bütün fikirləri səmimidir, dediyi sözlərin hamısının üstündə durur, imzasına hörmətlə yanaşır, dost və tərəfdaşlarına yüksək səviyyədə sədaqətlidir. Bütün azərbaycanlılar fəxr edirlər ki, dövlət başçımız hansısa həmkarına və ya başqa ranqlı siyasətçiyə “dostum”, “qardaşım” deyirsə, deməli, həmin siyasətçi, sözün həqiqi mənasında, Azərbaycanın dostuna, qardaşına çevrilmişdir. Dəfələrlə biz bunun şahidi olmuşuq.

Son dövrlərdə biz Azərbaycanın daha bir səmimi və sədaqətli dostunun yanımızda olduğunu gördük. BMT, Qo­şulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və EKO kimi beynəlxalq təş­kilatlarda uğurla əməkdaşlıq etdiyi­miz İran İslam Respublikası iki dövlət başçısının qarşılıqlı səmərəli fəaliyyəti nəticəsində, sözün həqiqi mənasında, xalqlarımızın və dövlətlərimizin firavan gələcəyi naminə bir-birinin sədaqətli dostuna çevrildilər. Mərhum Prezident Seyid İbrahim Rəisi ötən illərdəki bü­tün anlaşılmazlıqların birdəfəlik geridə qoyulması üçün su diplomatiyasından uğurla istifadə edərək azərbaycanlı həmkarı ilə məhz sərhəddə görüşmək, mühüm layihələrin başa çatması se­vincini birlikdə yaşamaq qərarına gəldi. Əslində, bu addım hər iki dövlətin və xalqlarımızın sabaha gedən yolunun ardınca su atmaq mənasını verirdi.

Mayın 19-da Azərbaycan Prezi­denti İlham Əliyevin və İran İslam Res­publikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağı­nın istismara verilməsi və “Qız qalası” hidroqovşağının açılış mərasiminin keçirilməsi dünyanın hər yerindəki bə­dxahlarımıza göndərilən qətiyyətli me­saj idi ki, artıq Tehranla Bakı çəkici eyni zindana vurur və bizim aramıza girmək istəyənlər heç nəyə nail ola bilməyə­cəklər.

Həmin qənaəti Azərbaycan Prezi­denti aydın şəkildə dilə gətirdi: “İran – Azərbaycan əlaqələrinin gələcək in­kişafı da çox müsbətdir. Mən bu gün hörmətli Prezident Rəisini bu il Azər­baycanda keçiriləcək iqlim konfransı­na dəvət etmişəm. Hörmətli Prezident Rəisi məni İrana dəvət edib. Bu dəvətə görə təşəkkürümü bildirirəm. Əminəm, bizim bundan sonra da görüşlərimiz çox olacaq, son illər biz artıq beşinci dəfədir ki, görüşürük, amma sərhəddə ilk dəfədir. Bundan sonra da bu görüş­lər olacaq. Bu görüşlərin həm mahiyyət üzrə çox böyük əhəmiyyəti var, həm də xalqlarımıza, bölgəyə və dünyaya ciddi mesajdır. İran–Azərbaycan birliyi, dost­luğu sarsılmazdır. Heç kim bizim ara­mıza girə bilməz. Bu səylər əbəsdir və biz bugünkü mərasimlə bunu bir daha sübut edirik”.

Əslində, Azərbaycan Prezidenti bu arqumentlərini dəfələrlə, müxtəlif bey­nəlxalq tribunalardan səsləndirmişdir. Azərbaycanın rəsmi mövqeyi ondan ibarətdir ki, bölgənin inkişafı bölgədə­ki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin edilməlidir. Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir: “ Əgər kimsə – bu­radan minlərlə kilometr uzaqlıqda yer­ləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istə­yirlərsə, bizimlə danışsınlar. Yersiz və lazımsız müdaxilə bu günə qədər heç bir səmərə verməyib və verməyəcək”. Dövlət başçımız bu qənaəti ilə təkcə uzaq xaricdəki bədxahlarımıza cavab vermirdi, həm də əldə edilmiş müsbət tendensiyaya görə İran rəhbərliyinə təşəkkür edirdi.

Yeri gəlmişkən, dövlət başçımız mayın 21-də İran İslam Respublikası­nın ölkəmizdəki səfirliyində olarkən hə­min təşəkkürü daha müfəssəl şəkildə dilə gətirdi: “Seyid İbrahim Rəisi böyük dövlət xadimi idi, görkəmli siyasətçi və İran xalqının etibarını qazanmış böyük şəxsiyyət idi. Onunla çoxsaylı görüşlə­rim hər zaman məndə çox böyük təəs­sürat izi buraxırdı. Onunla son görü­şüm isə tarixi bir görüş idi. Həm o, həm də mən bu görüşü məhz tarixi görüş adlandırmışdıq”.

Ancaq, çox təəssüf ki, gələcək la­yihələrin icrasını görmək mərhum Pre­zidentə nəsib olmadı. Dövlət başçımı­zın fikrincə, təsəlli verən amil odur ki, öz həyatını İranın inkişafına qurban vermişdir və bizim yaddaşımızda, İran xalqının, Azərbaycan xalqının yadda­şında o, parlaq şəxsiyyət, böyük dövlət xadimi, Azərbaycan dövlətinin və xalqı­nın böyük dostu kimi qalacaq.

...Şəxsən mən – uzun illərin təcrü­bəsinə malik olan jurnalist 2020-ci ildə Azərbaycanla İran arasında yaranmış siyasi böhranın, xüsusən bu qonşu ölkədəki Azərbaycan səfirliyinə qarşı törədilən məlum terror aktından son­rakı kritik vəziyyətin tezlikılə aradan qaldırıla biləcəyinə inanmırdım. Ancaq siyasətçilər jurnalistlər kimi fikirləşmir­lər. Cənab prezidentlər İlham Əliyev və Seyid İbrahim Rəisi cəmi iki-üç il ərzində talenin və tarixin qonşu etdi­yi bu iki ölkəni və xalqı, sözün həqiqi mənasında, dosta, tərəfdaşa çevirə bil­dilər. Aramızda heş bir narazılıq və ya narahatlıq qalmadı.

Dövlət rəsmilərinin də dediyi kimi, Ağbənd yolu regionları birləşdirən əsas nəqliyyat-tranzit yollardan biri olacaq. Oradan Türkiyəyə və İran vasitəsilə Fars körfəzinə yüklərin daşınması hə­yata keçiriləcək. Üstəlik, yaxın illərdə dəmir yolunun da çəkilməsi nəzərdə tutulur. Bundan başqa yuxarıda qeyd etdiyimiz fakt üzündən fəaliyyətini da­yandırmış səfirliyimiz də yaxın aylarda açılacaq, Qeyd edək ki, səfirliyimizə hücum edən şəxs artıq cəzalandırıl­mışdır. Rəsmi məlumata görə, iyul­dan səfirliyimiz yeni binada fəaliyyət göstərəcək.

Prezident İlham Əliyevin qənaəti belədir ki, Azərbaycan bundan sonra İranla ikitərəfli əlaqələri inkişaf etdir­mək istiqamətində siyasət yürüdəcək. Əminik ki, rəsmi Tehran da bu yöndə addımlarını daha da sıxlaşdıracaq. Ümidvarıq ki, region ölkələri bütün pronblemləri öz aralarında həll edə­cəklər.

İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist

Siyasət