Separatçıların “dəmir yumruq” altına yürüşü

post-img

Baqratla gizli müzakirə aparanlar ölkələrini yeni savaşa sürükləyirlər

Erməni apostol kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan Hayastanda qarışıqlıq salmaq, ölkə rəhbərliyini Azərbaycanla münasibətləri qaydaya salmaq istiqamətində götürdüyü kursdan yayındırmaq istiqamətində cəhdini davam etdirir. O, dünən növbəti çox təhlükəli oyununu oynayıb. Səhər saatlarında İrəvandakı “Ani Qrand” hotelində Azərbaycan ərazisində 1991-ci ilin sentyabrından 2023-cü ilin sentyabrınadək mövcud olmuş qondarma “dqr” rejimini təmsil edən şəxslərlə görüşüb. Görüş Ermənistanın “Nyus.am” saytında “Qarabağ rəsmiləri və deputatlar, habelə icmanın liderləri” ilə müzakirə kimi təqdim edilib.

Ölkəmizə qarşı işğalçı müharibə­nin, Xocalı soyqırımının fəal iştirakçısı, qorxaq olduğu qədər də qaniçən, yırtıcı və hiyləgər olan, azərbaycanlı əsir və girovlara amansız işgəncələr verən, qon­darma rejimdə müxtəlif “vəzifələr” tutan, “general-mayor” adlandırılan, 2023-cü ildə Azərbaycanın ədalət mühakimə­sindən son anda qaçıb canını qurtarmağı bacaran Vitali Balasanyanın görüşdə Baqratın yanında əyləşməsi diqqətdən yayınmır. Kriminal “sxodka”nın məşvərət məclisinə bənzəyən görüşdə qondar­ma rejimin “ombudsmanı” adlandırılan Qeqam Stepanyanın, eləcə də lokal xarakterli antiterror tədbirlərindən sonra görüş üçün Yevlaxa gələn iki “deputat”­dan birinin – “Artsax demokratik par­tiyası” fraksiyasının rəhbəri David Me­lkumyannın iştirakı da kadrlarda aydın görünür.

Görüşdən əvvəl keçmiş qondarma rejimin iki “deputatı” – Metakse Akopyan və Nella Qriqoryan jurnalistlərlə ünsiyyət qurublar. Akopyan deyib ki, 44 günlük müharibədən sonra Qarabağda baş verənlər Ermənistanda təkrarlanır. O, tipik revanşist fikirlərlə çıxış edərək deyib: “Biz yenə də Ermənistan ərazisini kimin təhvil verdiyini (?) görürük. Onlar Qarabağda da eyni hərəkəti etdilər. Düşmən qoşun­larının olması ona gətirib çıxaracaq ki, insanlar o kəndlərdə yaşaya bilməyəcə­klər”. Onun səsləndirdiyi fikirlər İrəvan­dakı etirazçıların daha çox Qarabağdan getmiş ermənilərə “stavka” etdiyini aydın şəkildə ortaya qoyur: “Qarabağdan Er­mənistan hökumətinin dəstəyini itirmək qorxusu ilə etiraz aksiyalarına qatıl­mayan az sayda əhali var. Bu, mövcu­dluq mübarizəsidir, Qarabağa qayıtmaq ümididir. Bu və ya digər hakimiyyətdən asılı olmayaraq, bizim tələblərimiz dəyiş­məyəcək: Beynəlxalq qurumlarda Qara­bağ əhalisinin hüquqlarının müdafiəsi”. Akopyan əlavə edib ki, “Vətən naminə Tavuş” hərəkatı bu ümidi inama çevirib.

Nella Qriqoryan isə daha kəskin ri­torikadan istifadə edib. O, Azərbaycan Ordusunun bir günlük antiterror tədbir­ləri ilə separatizm yuvasını dağıtmasına, ölkənin suveren ərazilərini azad etmə­sinə görə Paşinyanı suçlayıb: “Artsaxın təslim olmasında (?) yeganə təqsirkar Nikol Paşinyan və onun xuntasıdır. Pa­şinyan 2022-ci il oktyabrın 6-da Praqada Alma–Ata bəyannaməsi əsasında Azər­baycanın ərazi bütövlüyü və suverenliyini tanımaqla “Artsax”ı təslim etdi. Hər şey o gündən başladı”.

Hökumətyönlü dairələrin ittihamları­na cavab verən deputat and-aman edib ki, “Artsax xalqı” etiraz aksiyalarında pul qarşılığında iştirak etmir: “Onlar özləri pul üçün hər şeyi etməyə hazır olanlar­dır. “Artsax”lılar mitinqə pul üçün deyil, öz “vətənləri” (?) naminə gedirlər”.

Görüşün ilk 30 dəqiqəsində jurna­listlərin iştirakına imkan verilib. Daha sonra müzakirələr bağlı qapılar arxasın­da davam etdirilib.

Günortadan sonra isə Qalstanyanla ekspertlər, analitiklər, politoloqlar və icti­mai təşkilatların nümayəndələri arasında yenə də qapalı görüş olub. Axşama yaxın isə arxiyepiskop “Surb Anna” kilsəsinin həyətində günün nəticələrini ümumiləş­dirib.

Bu görüş “Keçinin əcəli çatanda ço­banın çomağına sürtünər” məşhur el məsəlini yada salır. Görünür, separatçılar yenə “dəmir yumruq” arzusunda, pilotsuz uçuş aparatları (PUA) həsrətindədirlər. Onların İrəvanda keşiş Baqratla bağlı qapılar arxasında müzakirələr aparması o günlər üçün darıxdıqlarının göstəricisi sayıla bilər...

Ancaq istər parlamentdəki hakim “Mənim addımım” fraksiyasının üzvləri, istər Paşinyanın komandasında təmsil olunanlar, istərsə də baş nazir özü ha­kimiyyətin ünvanına səslənən ittihamları cavabsız qoymurlar.

Məsələn, hakim partiyanın deputatı Vaaqn Aleksanyan deyib ki, revanşistlərin baş naziri vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdırmaq planı baş tutmayacaq. Deputat bunun üçün müxaliflərin yetərli səslərinin olmadığını, hakim partiyadan da onlara dəstək verilməyəcəyini bildirib: “Parlament müxalifəti baş nazir Nikol Pa­şinyanın impiçment edilməsi prosesinə başlamaq istəyir, başlasınlar. Düzünü desəm, buna gülürəm, çünki başlaya bil­mirlər, başlasalar da, uğursuzluğa məh­kumdurlar. Əgər hakim “Mülki müqavilə” partiyasından “Hayastan” fraksiyasına (rəhbəri Robert Koçaryan) deputatların keçəcəyini düşünürsünüzsə, yanılırsınız. Bu, baş verməyəcək”.

Dünən, həmçinin Ermənistan par­lamentinin sədri Alen Simonyan da jurnalistlərə ölkədəki son hadisələrlə bağlı geniş şərh verib. O, din xadiminin siyasətlə məşğul olmasını qəbuledilməz saydığını bildirib: “Siyasət ticarətdir. “İn­cil”də “Mənim atamın evini bazara çevir­məyin!” ifadəsi var. Sizcə, biz beynəlxalq tərəfdaşlarla danışıqlar aparanda, bu, ticarət deyil? Koalisiya yaradırsan, siyahı tərtib edirsən, bunun özü sövdələşmədir. Kilsə öz işini yarımçıq qoyub, indi bu cür əməllərlə məşğuldur”.

Simonyan onu da bildirib ki, keşiş Baqratın arxasında dayananlar köhnə siyasi qüvvələrdir, bu, yeni siyasi hərə­kat deyil: “Onların hansı formada zühur etmələri seçim məsələsidir. Biz burada yeni və tanış olmayan heç nə görmürük. Əvvəllər ölkədə baş verənlərin təkrarıdır. Sadəcə keçmiş baş nazir Vazgen Ma­nukyanı keşiş Baqrat əvəzləyib. Həmin insanlar, eyni gündəm, köhnə məqsəd...”

Məlumat üçün bildirək ki, V.Manu­kyan 44 günlük müharibədən dərhal sonra Ermənistanda hakimiyyət əleyhinə başlayan və aylarla davam edən etiraz aksiyalarına rəhbərlik etmişdi. Aksiya­lardan sonra növbədənkənar seçkilərə gedən N.Paşinyan revanşistləri növbəti dəfə məğlub etmişdi.

Parlament sədri hesab edir ki, köh­nə gündəmlə hərəkət edən Ermənistan müxalifəti uğursuzluğa məhkumdur. Simonyan əminliklə bildirib ki, Qalstanyan heç vaxt baş nazir ola bilməyəcək.

O, baş nazirlə daxili siyasi vəziyyəti müzakirə etdiklərini, amma indi daha çox Azərbaycanla sərhədlərin demarka­siyası ilə məşğul olduqlarını vurğulayıb. Simonyan Ermənistan və Azərbaycan arasında Tavuş vilayəti ilə Qazax rayonu istiqamətində demarkasiya prosesinin, demək olar ki, başa çatdığını da bildirib: “Ermənistan və Azərbaycan arasında həmin hissənin demarkasiyası prosesini başa çatdırmışıq və dayaq məntəqə­si yaratmışıq. Sərhədin bərpası üçün gələcəkdə istifadə olunacaq bəzi prinsi­pləri müəyyən etmişik”.

Revanşistlərin Qazax rayonunun 4 kəndinin ölkəmizə təhvil verilməsinə dair etirazlarına gəldikdə isə Simonyan vu­rğulayıb ki, həmin ərazilər Ermənistana məxsus deyildi. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan bu məsələdə aydın xəritə seçib. Bununla bağlı iki ölkə tərəfindən təsdiqlənmiş hüquqi baza var: “Bizim dövlət sərhədimiz dövlət müstəqilliyini bərpa etdiyimiz dövrdə olan sərhəddir. Burada Alma-Ata bəyan­naməsinə qayıdaraq demək istəyirəm ki, keçmiş SSRİ ölkələri həmin sənədlə bir-birinin ərazi bütövlüklərini tanıyıblar. Ermənistan da bu sənədi imzalayaraq digər respublikaların, o cümlədən Azər­baycanın o dövrdə mövcud olan inzi­bati sərhədlərini tanıyıb. Həmin əsasla təməlləri qoymuşuq, qarşılıqlı məqbul olan prinsiplər əldə etmişik, o prinsiplərə əsaslanaraq delimitasiyaya başlamışıq və bu, bütün dünya ölkələri tərəfindən qəbul edilib, alqışlanıb”.

Ermənistandakı etiraz aksiyaları ilə bağlı fikirlərini öyrəndiyimiz politoloq Yeganə Hacıyeva bildirdi ki, ölkədəki aksiyalar təkcə kənardan dəstəklənmir. Həm də hökumətin özü tərəfindən gizli şəkildə stimullaşdırılır. Onun sözlərinə görə, bu, hökumətin demokratik olduğu görüntüsünün yaradılması üçün lazım­dır: “Bununla “Ermənistan demokratik ölkədir, etirazlara imkan yaradır, əks fi­kri boğmur” görüntüsü formalaşdırılır. Paşinyan hökuməti bu aksiyalardan öz xeyrinə yararlanır. Əslində isə hökumət aksiyaların qarşısını almaq üçün lazımı addımlar atır. Xüsusilə sanksiyalaşdırıl­mamış lokal etiraz aksiyalarında bunu görmək mümkündür. Qərb təsisatları isə bunu görmürlər. Daha doğrusu, görmək istəmirlər. Onlar “Ermənistan demo­kratik ölkədir” tezisi üzərindən siyasət yürütməkdə qərarlıdırlar. Bu mənada eti­raz aksiyaları Paşinyan hakimiyyəti üçün beynəlxalq ictimaiyyət qarşısındakı imi­cini qorumaq vasitəsinə çevrilib”.

Y.Hacıyeva qeyd etdi ki, etiraz ak­siyalarının nə ilə yekunlaşacağı su­alının cavabı ortadadır. Politoloq qeyd etdi ki, aksiyalar bir aydır davam edir və müəyyən formada hakimiyyətin özü tərəfindən uzlaşdırılır. Müsahibimiz he­sab edir ki, etirazlar hakimiyyət daxi­lindəkilərlə yanaşı, xaricdən bir neçə qrup tərəfindən də dəstəklənir: “Məsələ ondadır ki, Paşinyanın hazırkı siyasi dönəmdə ölkədə ciddi alternativi yoxdur. Hazırda onun rəqibləri – Koçaryan və Sarkisyan vaxtilə diktatura qurmuş, mitinqlərdə onlarla Ermənistan vətən­daşının qətlinə fərman vermiş şəxslər­dir. Onların rəhbərlik etdikləri Qarabağ klanı cəmiyyətin dərin nifrətini qazanıb. Onlar, əslində, ictimai legitimliklərini itiri­blər. Bu səbəbdən klan bir müddət idi ki, “Paşinyana kimi alternativ qoya bilərik” sualına cavab axtarırdı”.

Politoloq Paşinyanın qarşısına alter­nativ kimi din xadiminin çıxarılmasının bir neçə izahının olduğunu vurğuladı: “Birincisi, real alternativin olmamasıdır. İkincisi, din xadiminin birləşdirici faktor kimi istifadə olunması, üçüncüsü isə di­nin özünün beynəlxalq səviyyədə Ermə­nistan–Azərbaycan münasibətlərində is­tismar olunması cəhdidir. Erməni lobbisi ərazi üstündə başlamış mübahisəni bütün dünyada xristian–müsəlman mübahisəsi müstəvisinə çəkməyə və öz maraqlarını dünyadakı xristianların köməyi ilə təmin etməyə çalışır. Deyirlər ki, Azərbaycan dünyada xristianlığı ilk dəfə dövlət dini kimi qəbul etmiş ölkəyə qarşı müəyyən addımlar atıb və sair. Yəni, bu amildən yararlanmağa çalışırlar”.

Y.Hacıyeva etirazların hər hansı nəticəsinin olmayacağı fikrindədir. Çünki aksiyalar mütəşəkkil formada keçirilmir və əhalinin ona ciddi marağı yoxdur.

Səxavət HƏMİD
XQ



Siyasət