II MƏQALƏ
Liderlik faydalı işlər görmək məharətidir.
Piter Druker
Suverenlik diplomatiyası
Azərbaycan Cənubi Qafqazın qədim dövləti kimi, unikal liderlik və dövlətçilik ənənəsinə malikdir. Bu məsələnin təməli o dərəcədə fundamentaldır ki, yalnız onun üzərində bərqərar olan liderlik ölkənin uğurunu təmin edə bilər. Bu aspektdə yeni tarixi dönəm üçün Azərbaycanda uğurlu liderlik strategiyasını ulu öndər Heydər Əliyevin bənzərsiz liderlik təcrübəsi bazasında müəyyən etmək olar.
Belə bir fəlsəfi qənaətimiz vardır ki, Prezident İlham Əliyevin postmüharibə dövründə çox əhəmiyyətli siyasi-diplomatik uğurlar əldə etməsinin təməlində məhz vurğuladığımız liderlik təcrübəsi dayanır. Bu əsasda Azərbaycan Prezidenti konkret olaraq müstəqil dövlət quruculuğunu yeni səviyyəyə yüksəltmişdir. Artıq həmin mərhələni canlı olaraq yaşayırıq. Bu mərhələni diplomatiya prizmasında necə adlandırmaq olar?
Artıq dünya politoloqları sırasında ona “suverenlik diplomatiyası” deyirlər. Təbii ki, burada həqiqət payı çoxdur. Lakin, bizcə, İlham Əliyevin diplomatik məharətinin substantiv və funksional aspektlərini tam olaraq belə təsnifat ifadə etmir. Çünki İlham Əliyev postmüharibə mərhələsində “sistemüstü şəbəkə diplomatiyası”nın Azərbaycan nümunəsini yaradır.
Sistemüstü şəbəkə diplomatiyası
Burada “sistemüstü” termini Azərbaycan Prezidentinin sərt qaydalı sistemliliyin fövqündə dayanan və əsas olaraq əhatəliliklə yanaşı çevikliyi ifadə edən dinamik fəaliyyətini ifadə edir. Fəlsəfədə və politologiyada “şəbəkə” anlayışı “sistem” anlayışından daha mütəhərrik və hər anında kreativliyə (situasiyada yaradıcı davranışa) qabil stuktur-funksional bütöv kimi təsəvvür edilir. Bu mənada şəbəkənin adi mürəkkəb çoxluqdan iki başlıca fərqi mövcuddur.
Birincisi, şəbəkədə tərkib hissələri arasında dərin məntiqi və funksional bağlılıq olur, lakin, bu, həmin elementlərin bir-birinə sərt bağlılığını deyil, ahəngdar qarşılıqlı münasibətlərini ifadə edir.
İkincisi, şəbəkə mütləq konkret strateji hədəfə istiqamətlənmiş sinergetik fəaliyyəti tələb edir. Bunun fəlsəfi anlamı ondan ibarətdir ki, adi mürəkkəb çoxluqdan fərqli olaraq şəbəkə fəaliyyəti tərkib hissələrinin sinerjisinin təmini şəraitində özünü təsdiq edə bilir.
Bu fərqliliklər şəbəkədaxili situasiyaya aiddir. Sistemüstü diplomatiyada şəbəkə–ətraf mühit münasibətləri konteksti də prinsipial rol oynayır. Çünki şəbəkənin mövcudluq şərtləri daim ətraf mühitə tam açıq olmasını zəruri edir. Bu olmasa, onda şəbəkə deyil sistemdən bəhs etmək lazım gəlir. Müasir fəlsəfi və elmi təsəvvürlərə görə, şəbəkə həmin aspektdə inkişaf və sürətli yeniləşmə üçün daha potensial struktur hesab olunur. Yəni şəbəkə ətraf mühitə münasibətdə sistemdən fərqli olaraq, daha açıq və dinamik strukturdur.
Eyni zamanda, şəbəkə funksional olmaq üçün ətraf aləmlə münasibətlərini özünün daxili mahiyyətinə uyğun məcrada qurmalıdır. Liderlikdə diplomatik fəaliyyət baxımından, bu, situasiyaya bütöv baxmaq qüdrətində olan strateji zəkanın olması deməkdir. Burada diplomatiyanın iki aspekti birləşir – birincisi, lider fəaliyyətinin bütün aspektlərini öncədən müəyyən edilmiş strateji hədəfə fokuslandırmalıdır; ikincisi, bu prosesin gedişində ətraf mühitlə qarşılıqlı əlaqələrin ümumi mənzərəsi səviyyəsində milli maraqlara cavab verən çevik qərarlar qəbul etməyi bacarmalıdır.
Bu yanaşma çərçivəsində suverenlik diplomatiyası sistemüstü şəbəkə diplomatiyasının tərkib hissələrindən biri kimi görünür. Hesab edirik ki, Azərbaycan Prezidentinin postmüharibə dövründə diplomatik məharəti məhz daha geniş kontekstdə xarakterizə olunmalıdır.
Məsələnin bu cür qoyuluşu avtomatik olaraq başqa bir aktual siyasi-nəzəri məqamı diqqətə gətirir. Kifayət qədər mürəkkəb struktur-funksional keyfiyyətlərə malik sistemüstü şəbəkə diplomatiyasının təməlində Heydər Əliyevin yeni liderlik təcrübəsinin hansı əlamətləri dayanır?
Ulu öndərin liderlik təcrübəsinin üç əlaməti
Heydər Əliyevin liderlik təcrübəsi son dərəcə zəngin və əlamətləri də çoxdur. Bizi həmin əlamətlərin sırasında postmüharibə mərhələsində sistemüstü şəbəkə diplomatiyasını reallaşdırmağı stumullaşdıran keyfiyyətlər maraqlandırır. Bizcə, ilk əlamət liderin realpolitika müstəvisində özünə inamıdır. Özünəinam, bütövlükdə, liderliyin hər bir növü üçün xarakterikdir. Ancaq Heydər Əliyev çox mürəkkəb geosiyasi regionda (Cənubi Qafqazda) lideri olduğu ölkə üçün olduqca əlverişsiz siyasi, geosiyasi, psixoloji və ideoloji situasiyada özünəinam keyfiyyətini bütövlükdə cəmiyyətə sirayət etdirə bildi. Özünəinamın bu transformasiyası abstrakt şərtlərə deyil, konkret realpolitikaya uyğun baş verdi. Onun lakonik ifadəsi – “Fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamındadır.
Liderin şəxsi psixoloji özünəinamını ictimailəşdirə bilməsi hər zaman baş tutmur. Postsovet məkanında belə bir təcrübə yoxdur (Rusiya istisnadır, çünki əsrlərlə davam edən güclü dövlət psixoloji özünəvurğunluğu bu ölkədə inersiya ilə hələ davam edir). Onu da nəzərə alaq ki, postsovet məkanında Azərbaycan qədər bütün aspektlərdə əlverişsiz şərtlər daxilində müstəqilliyini təsdiq etməyə çalışan ikinci dövlət olmamışdır! Heydər Əliyev üçün şəxsi özünəinamı sosial hadisəyə çevirmək böyük məharət tələb edirdi. Ulu öndər bunu bacardı, çünki özünəinamın psixoloji və mənəvi təməlində səmimilik və düzlük dayanır. Bu səbəbdəndir ki, Heydər Əliyevlə ünsiyyətdə olan olan siyasi liderlər, onu “verdiyi sözə tam əməl edən siyasətçi” kimi xarakterizə edirlər. Eyni fikirləri onunsiyasi varisi haqqında söyləyirlər!
Səmimi və düz insan önzünəinamlı olur – haqq yolunda getdiyini bilir! Haqqa söykənən həmişə qalibdir!
Eyni zamanda, liderin özünəinamı sosiallaşdırması prosesi mifik, abstarkt ideoloji söyləntilər kimi deyil, realpolitikanın sərt şərtləri daxilində reallaşmalıdır. Azərbaycan dövlətçilik ənənəsi üçün unikal olan bu keyfiiyyəti müasir mərhələdə Ulu öndər şəxsi aspektdən praktiki siyasi müstəviyə çıxardı. Və sonrakı təcrübə göstərdi ki, həmin keyfiyyətin siyasi varisin liderlik özəlliklərindən biri kimi formalaşmasına tam nail oldu.
İkinci əlamət cəmiyyətin daxili birlik və həmrəylik fəlsəfəsini yeniləşdirməsi ilə bağlıdır. Heydər Əliyev elə bir inqilabi yenilik etdi ki, hətta indi Avropa üçün nümunə ola bilər (Yurgen Habermasın Avropa həmrəyliyi ilə bağlı narahatlıqlarını xatırlayaq). Konkret olaraq, Heydər Əliyev Azərbaycan cəmiyyətinin etnik birlik modelindən sosial-mədəni modelə müasir şərtləri nəzərə alaraq transformasiyasına nail oldu! Bu zaman etnik birlik modelinə psixoloji cəhətdən zərrə qədər də zərbə vurulmadı. Əksinə, Ulu öndər məharətlə onu yeni dövrün ruhuna uyğun forma və məzmuna saldı!
Bu prosesin iki sosial, mədəni, psixoloji, siyasi və ideoloji sütunu vardır – azərbaycançılıq və multikulturalizm! Bu iki təfəkkür fenomeninin praktiki siyasi liderliyə üzvi surətdə gətirilməsi sonrakı mərhələdə sistemüstü şəbəkə diplomatiyasının mühüm təminedici şərtlərini formalaşdırdı. Heydər Əliyevin siyasi varisi həmin keyfiyyətə də tam yiyələnərək, lider kimi asanlıqla regional və qlobal miqyaslardakı fəaliyyəti zamanı konstruktiv manevrlər edə bildi. Həmin əlamətin əsas tezisi “Biz birlikdə güclüyük”dür!
Üçüncü əlamət Heydər ƏIliyevin müasir dövrdə liderliyə milli dövlət quruculuğu kontekstində milli-regional-qlobal sintezi gətirməsi ilə bağlıdır. Bu əlamətin ana tezisini “Bir millət, iki dövlət” kəlamı təşkil edir. Bu kəlam Azərbaycan liderliyində müstəqil dövləti regional və qlobal miqyasların qarşılıqlı əlaqəsində “görməyə” imkan verir. Həmin kəlamın fəlsəfi və siyasi-nəzəri məzmunu, reallaşma mexanizmləri, funksionallığı və strateji məqsədi basxımından “yeni qlobal siyasi konstruktivizm” kimi qiymətləndirilə bilər. Ulu öndər bu cür “siyasi universallaşmanın” reallaşması “xəritəsi”ni də müəyyən etmişdir. Onu sxematik olaraq belə formula edə bilərik: milli dövlətçilikdən türk dövlətləri birliyinə və oradan da qlobal konstruktiv, qarşılıqlı faydalı əməkdaşlıq formatlarına keçid.
Heydər Əliyevin siyasi varisi üçün liderlik aspektində burada olduqca vacib, əhəmiyyətli və strateji mənası dərin olan keyfiyyətlərin əsası yaradılmışdır.
Birincisi, siyasi varis istənilən səviyyədə lider kimi fəaliyyətində milli, güclü, müstəqil dövlət kimi inkişafın əsas məqsəd olduğunu qəbul etməlidir.
İkincisi, bu əsas məqsədə nail olmaq üçün “Bir millət, iki dövlət” formulunun ruhu əsasında bütün türk dünyasının konstruktivliyə, açıqlığa, sülhsevər və əməkdaşlığa istiqamətlənmiş siyasi təşkilatlanması təmin edilməlidir.
Üçüncüsü, milli və ümumtürk miqyasının qlobal miqyasda dövlətlərarası münasibətlərə konstruktiv aspektdə transformasiya etməsi üçün sistemüstü şəbəkə diplomatiyası yeni mərhələyə uyğun məzmunlaşmalı və faktiki olaraq “strateji yol xəritəsi” funksiyasını yerinə yetirməlidir!
Prezident İlham Əliyev bütün bu yeni liderlik keyfiyyətlərinə mükəmməl səviyyədə sahibdir və bunu fəaliyyətində əldə etdiyi konkret nəticələr sübut edir! Buna qətiyyən şübhə yoxdur. Bununla yanaşı, cəmiyyət üçün aydınlaşdırılmalı mühüm məqamlar vardır. Məsələ ondan ibarətdir ki, hazırkı çox mürəkkəb və qarışıq geosiyasi mühitdə liderlərin toplum tərəfindən adekvat dərk edilməsi dövlət və millət səviyyəsində çox vacibdir. Çünki dünya üzrə müasir dövlətçilik təcrübəsi göstərir ki, lider-toplum birliyinin mövcud olduğu dövlətlər real inkişaf edərək gücünü artıra bilir. Bu şərtin qoyulmasının özəl səbəbi vardır.
Həmin səbəb indi istənilən müstəqil dövlətin siyasi və ictimai şüuruna, toplumun rəyinə kənardan simmetrik və asimmetrik təsirlərin olması ilə bağlıdır. Həm də indi ideoloji mərkəzlərin elə müasir təsiretmə mexanizmləri vardır ki, haradan hansı informasiyanın hansı məqsədlərlə gəldiyini çevik müəyyən etmək çox çətindir. Üstəlik, son illər bu təxribat-informasiyaları “insan haqları”, “demokratiya”, “azadlıq”, “müasirlik” və s. kimi ibarələr altında yeridirlər. Müşahidələr göstərir ki, cəmiyyətlər bu kimi təsirlərin altına müvəqqəti də olsa düşürlər. Lakin qısa zamanda cəmiyyətin aldığı zərbələri uzun müddət neytrallaşdırmaq çətin olur. Bu prosesin fəlsəfi və siyasi-ideoloji aspekti mürəkkəbdir – ona baş vurmayaq.
Deməli, lider-toplum birliyinin perspektivli olması nə liderin, nə də toplumun ayrı-ayrılıqda mənfəəti deyil, bütövlükdə, tarix, millət, dövlətçilik qarşısında ortaq siyasi, mənəvi, ideoloji və tale məsuliyyətidir! Həm də məsələ yalnız nəzəri səviyyədə qalmamalı, konkret praktiki həyatda toplumun biliyinə və inamına çevrilməlidir. Bu da hər bir tarixi mərhələdə dövlət başçısı–liderin fəaliyyətinin cəmiyyətə anladılmasının strateji əhəmiyyətini təkrar-təkrar meydana çıxarır.
Bütün bunlara görə, Prezident İlham Əliyevin postmüharibə mərhələsində milli, regional və qlobal miqyaslarda hansı mənalarda dövrün uğurlu memarı olduğuna aydınlıq gətirilməlidir! Şərəfli olduğu qədər də, böyük məsuliyyət və zəhmət tələb edən məsələdir!
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru