Valday gölü, “Valday” Klubu və müasir dünyamız

post-img

Bu diskussiya formatının fəxri qonaqları sırasında Azərbaycan Prezidentinin adı ilk sırada çəkilir

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan rəhbərliyi üzərində qazandığı möhtəşəm uğurlardan biri də 2019-cu il oktyabrın 3-də Soçidə “Valday” Bey­nəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında olmuşdu. Dövlət başçımız həmin tədbirdə keçmiş Qarabağ mü­naqişəsindən söz açaraq, diqqəti Ermənistanın işğalçılıq siyasətinin nəticələrinə yönəltmiş, BMT Təh­lükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin on illərdən bəri ye­rinə yetirilmədiyini vurğulamışdı. 

Silahlı Qüvvələrimizin Ali Baş Koman­danı Ermənistanın baş nazirinin həmin tədbirdən əvvəl “Qarabağ Ermənistandır və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq demişdi: “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi!”. 

Xatırladaq ki, dövlət başçımızın uğur­lu çıxışı və Nikol Paşinyanın biabır olma­sı ilə nəticələnən ( Ermənistan mətbuatı baş nazirin həmin diskussiyaya qatılma­sını erməni xalqı üçün rüsvayçılıq adlan­dırmışdı) 2019-cu il müzakirələri “Şərq şəfəqləri və dünya siyasi quruluşu” möv­zusuna həsr olunmuşdu. Görüş iştirakçı­ları “Yaxın Şərq dünya siyasətinin labo­ratoriyası”, “Dini ekstremizm problemləri və onun siyasətə təsiri”, “Böyük Avrasiya geoiqtisadi məkanın təşkilinin yeni forma­sı kimi” və digər mövzular ətrafında fikir mübadiləsi aparmışdılar. Eyni zamanda, ilk dəfə olaraq, dünya energetika baza­rında vəziyyət, Rusiyanın İslam dünyası ilə qarşılıqlı münasibətləri diskussiyaların mövzusuna çevrilmişdi. 

Bəs Valday Diskussiya Klubu nə deməkdir? Onun müasir dünyadakı rolu nədən ibarətdir? Klubun sessiyalarında kimlər iştirak etmişdir? Bu suallara cavab tapmaq üçün həmin klubun elektron re­surslarına baxdım və... fəxr etdim. Çün­ki klubun diskussiyalarında iştirak etmiş çoxsaylı dövlət başçılarının ad-soyadının sıralanmasında Azərbaycan Prezidenti­nin adı birinci çəkilir.

Moskva Dövlət Beynəlxalq Müna­sibətlər İnstitutunun təsisçiliyi ilə yara­dılmış bu klubun elektron resurslarında göstərilir ki, ötən illər ərzində dünyanın aparıcı ekspertlərinin görüş yerinə çevril­miş klub öz tədqiqatlarında qlobal siyasət və iqtisadi proseslərin araşdırılmasına xüsusi yer verir. İndiyədək klubun işinə, təxminən, 85 ölkədən dünya elmi birliyini təmsil edən 1000-dən çox nümayəndə, o cümlədən, Harvard, Kolumbiya, Corcta­un, Stenford, Karlton, Sarbonna, London, Qahirə, Tehran, Tokio, Təl-Əviv və digər universitetlərin tanınmış professorları qa­tılıblar. Bir çox ölkələrin prezidentləri və baş nazirləri “Valday klubu”nun qonağı olublar. Rusiya Prezidenti Vladimir Putin klub yarandığı vaxtdan hər il diskussiya­ların iştirakçıları ilə görüşür və ətraflı fikir mübadiləsi aparır.

Qeyd edək ki, bu klub iyirmi il bundan əvvəl – 2004-cü ildə Rusiyanın Velikiy Novqorod şəhərində – Vladimir Putinin Valday gölünün yaxınlığında, meşəlik ərazidəki iqamətgahında yaradılıb. Son­radan klubun tədbirləri müxtəlif şəhərlər­də, daha çox isə Soçi şəhərində keçirilsə də, bütün görüşlər “Valday” müzakirələri adlandırılır. 

Bu klub beynəlxalq ekspertlər ordu­su tərəfindən Asiya, Yaxın Şərq, Rusiya– Çin və Avroatlantik mövzularının müza­kirə edildiyi “Valday konfransı” kimi də qəbul edilir. Klubun bəzi sessiyaları Pe­terburq Beynəlxalq İqtisadi Forumunda və Vladivostok Şərq İqtisadi Forumunda müzakirəyə çıxarılır.

Son illər isə bu müzakirələrə dünyanın aparıcı siyasətçiləri, dövlət və hökumət başçıları da qatılırlar. Həmin siyasətçilər arasında Azərbaycan Prezidenti İlham Əliyevin, İordaniya Haşimilər Krallığının kralı İkinci Abdullah ibn Əl-Hüseyn, Qa­zaxıstan Prezidenti Qasım-Jomart Toka­yev, Filippin Prezidenti Rodriqo Duterte, Əfqanıstan Prezidenti Həmid Karzay, Finlandiya Prezidenti Tarya Hallonen, İranın İslami Məşvərət Şurasının sədri Əli Laricani, Avstriya Prezidenti Haynts Fişer, CAR Prezidenti Tabo Mbeki, Çexi­ya Prezidenti Vatslav Klaus, Fransanın sabiq baş nazirləri Fransua Fiyon və Do­minik de Vilpen, İtaliyanın Baş naziri Ro­mano Prodi, Ümumçin Xalq Təmsilçiləri Məclisinin sədri Fu İn, Monqolustan Xa­rici işlər naziri Tsoqbaatar Damdin, İsrail Müdafiə naziri Moşe Yaalon, Almaniya­nın Müdafiə naziri Folker Ryue... və on­larca digər siyasətçi, dövlət və hökumət təmsilçilərinin adları var. 

Mən siyahını bilərəkdən uzadır­dım ki, görək Nikol Paşinyanın adını da görəcəyəmmi? Amma yoxdur. Maraqlı­dır. Nəyə görə yoxdur? Axı o, “Valday”da ən çox zərərdidə olan şəxs idi. Həm də Paşinyanın Rusiyaya dirsək göstərməsi son bir neçə ilin “faktıdır”. Onun “Val­day”dakı “məşhur” çıxışından isə beş il ötür. Əlavə edim ki, siyahıda adı çə­kilənlərin yarıdan çoxu sabiq prezident və ya baş nazirlərdir. Onların adı qeyd olunsa da, bu gün hələ də “Ermənistanı ağ günə çıxarmağa çalışan” baş nazirin adı gözə dəymədi.

Daha bir əlavə edim ki, bu siyahını nəinki mən tərtib etməmişəm, hətta onun hazırlanmasında Azərbaycanın və ya Rusiyanın heç bir jurnalisti iştirak etmə­yib, sadəcə klubun məsullarının hesabatı bu şəkildədir (https://ru.valdaiclub.com/).

Sonda bildirək ki, dünyanın ən iri “be­yin mərkəzləri”nin reytinqində ilk yerləri ABŞ-nin Brukinqs İnstitutu, Fransa Bey­nəlxalq Münasibətlər İnstitutu və ABŞ-nin Karnegi Fondu tutur. Azərbaycan analitik mərkəzləri arasında doqquz il əvvəl yaradılan “Baku International Poli­cy and Security Network” mərkəzi də son illər aparıcı analitik mərkəzlərin ümum­dünya indeks-reytinqinə daxil edilib. Bu indeks-reytinq hər il ABŞ-nin Pensilva­niya Universitetinin nəzdində fəaliyyət göstərən Loder İnstitutu tərəfindən dərc olunur. 

İ.MƏMMƏDCANOĞLU,
Əməkdar jurnalist

Siyasət