Azərbaycanın Qırğızıstan Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Bişkek şəhərindəki Heydər Əliyev adına 20 saylı məktəb-gimnaziyada ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə mərasim keçirilib.
Məclisdə səfirliyin əməkdaşları, diaspor fəalları, təhsil ocağının müəllim və şagirdləri iştirak ediblər. Məktəb direktoru Kanikey Alimkulova ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin indiki məcrada davam etməsi üçün Heydər Əliyevin yaratdığı əsasların önəmindən söz açıb.
Səfir Lətif Qəndilov isə Heydər Əliyevin iki qardaş ölkə arasında münasibətlərin qurulmasında çox mühüm rol oynadığını qeyd edib. Diplomatın Heydər Əliyevin “Manas”ın 1000 illiyi ilə bağlı dediyi “Manas”in dili bizim ortaq dilimizdir” sözlərini xatırlatması alqışlarla qarşılanılb. Səfir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün ulu öndərin siyasi kursunu davam etdirərək ölkələrimiz arasındakı münasibətləri daha da inkişaf etdirir. Dövlət başçısının xoş məramı ilə 20 nömrəli məktəb-gimnaziyada bu ölkədə ilk 6 otaqda STEAM mərkəzi yaradılıb.
Mərasim şagirdlərin hazırladığı bədii proqramla davam edib, Azərbaycan və qırğız dillərində mahnılar ifa olunub.
Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri
Bişkek