Müasir Azərbaycanın xilaskarı və qurucusu

post-img

Mingəçevir Dövlət Universiteti (MDU) və şəhər icra hakimiyyətinun birgə təşkilatçılığı ilə “Heydər Əliyev müasir Azərbaycanın xilaskarı və qurucusudur” mövzusunda respublika elmi konfransı keçirilib. 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan konfransın iştirakçıları əvvəlcə universitetin foyesində Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, unudulmaz dahi şəxsiyyətin ruhuna ehtiramlarını bildiriblər.  

Şəhər ictimaiyyətinin, universitetin professor-müəllim heyətinin, tələbələrin, media nümayəndələrinin iştirak etdiyi tədbiri ­MDU-nun rektoru Şahin Bayramov açıb. O, Ulu öndərin Azərbaycanın tərəqqisi, inkişafı, təhsilimizin yüksəlişi, dünya arenasında özünə layiq yer tutması  naminə gördüyü işlərdən danışaraq, konfransın işinə uğurlar arzulayıb. 

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov “Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyini əbədiləşdirən dahi” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, Ümummilli lider müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş müdrik dövlət xadimi, tarix yaradan dahi şəxsiyyət kimi düşmüşdür. Onun Azərbaycana rəhbərliyinin hər iki dönəminə təhlili yanaşma göstərir ki, Heydər Əliyev uğurlu, uzaqgörən, məqsədyönlü fəaliyyəti ilə ölkəmizi müstəqil dövlət kimi formalaşmasın xidmət etmiş, zəruri məqamlarda bu müstəqilliyin qorunub saxlanılması və əbədiləşdirilməsini təmin etmişdir. İkinci Qarabağ müharibəsində qazanılmış parlaq qələbə Ulu öndərin hazırladığı güclü dövlət – güclü ordu konsepsiyasının təntənəsidir. Otuz il işğal altında qalan torpaqlarımız məhz bu konsepsiyanın nəticəsində 2020-ci ildə Ulu öndərin siyasi varisi, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla azad olundu, ərazi bütövlüyümüz təmin edildi. 

Bildirilib ki, bu gün azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa quruculuq sürətlə davam etdirilir. ­2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatlarının uğurla aparılmasından sonra ölkəmiz öz suverenliyini tam təmin etdi. İndi bütün ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır. Məruzədə Ulu öndərin Mingəçevirə və mingəçevirlilərə böyük diqqət və qayğısı da minnətdarlıqla xatırlanıb, konkret misallar gətirilib.  

Konfransda Milli Məclisinin Sədrinin 1-ci müavini Əli Hüseynli “Heydər Əliyev– Azərbaycan xalqının əsl milli azadlıq və müstəqillik ideyasının banisi”, AMEA-nin 1-ci vitse-prezidenti, akademik Arif Həşimov “Heydər Əliyev və Azərbaycan elminin inkişafı”, AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov “Heydər Əliyev və milli mənəvi dəyərlər”, “AzərEnerji” ­ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktor müavini Aytək Babayeva “Heydər Əliyev ­innovativ  texnologiyaların Azərbaycan Enerji sistemində tətbiqi bazasının qurucusudur”, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev “Azərbaycançılıq məfkurəsinin inkişafında Heydər Əliyev irsi” mövzularında məruzələrlə çıxış etmişlər. 

İlqar HƏSƏNOV, 
XQ-nin bölgə müxbiri

 



Son xəbərlər