“Sən elə bir zirvəsən”...

post-img

Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı tədbir keçirilib. 

"Azərbaycan gənclərinin inkişaf hərəkatı" İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə kollec rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, millət vəkilləri və ictiamiyyət nümayəndələri iştirak edirdilər. Əvvəlcə Dövlət Himni səsləndirildi. Sonra ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Kollecin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov bildirdi ki, ulu öndər Heydər Əliyev müstəqilliyimizin ilk dövründə Azərbaycanın gələcək uğurlu inkişafının ideoloji əsaslarını dəqiq müəyyənləşdirib. O, Heydər Əliyevin mənalı ömür yolundan, milli musiqi sənətinə qayğısından danışdı. 

Milli Məclisin deputatı Vüqar İsgəndərov çıxışında dedi ki, Ümummilli liderin müdrik siyasəti ilə əsrlər boyu formalaşan Azərbaycanın çoxmədəniyyətlilik ənənəsi bu gün də yaşayır və inkişaf etdirilir. 

Deputat Aydın Mirzəzadə dahi liderin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışaraq qeyd etdi ki, milli dövlətçiliyin inkişafını və qüdrətlənməsini təmin edən tarixi şəxsiyyətin həyat fəaliyyəti bu tarixin özü ilə eyniləşir, dövrün başlıca mahiyyətini təşkil edir.

Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti, şəhid atası Əli Nur vurğuladı ki, ulu öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayıb, xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olub. Ulu Öndərin tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərib.

Sonda “Azərbaycan gənclərinin inkişaf hərəkatı” İctimai Birliyinin sədri Miri Mirəliyev çıxış edənlərə və iştirakçılara təşəkkürünü bildirdi və belə tədbirlərin davamlı olacağını diqqətə çatdırdı.

Tədbirin bədii hissəsi musiqi nömrələrilə davam etdi.

XQ

 

Son xəbərlər