Zamanla səsləşən hüquqi islahatların banisi

post-img

Əsl siyasət mümkün görünməyəni reallaşdırmaq əzmidir. Müstəqil Azərbaycanın son illərdə keçdiyi heyrətamiz inkişaf yolu, 30 illik işğalını aradan qaldırması, dövlət suverenliyini bərpa etməsi fonunda bu deyimdə necə böyük həqiqət payının mövcudluğunu aydın görmək olur. Respublikamız cəmi bir qərinə müddətində əsrə bərabər böyük inkişaf yolu keçərək, iqtisadi, siyasi və hüquqi islahatlar sahəsində inanılmaz nailiyyətlərə imza atıb, dünya xəritəsində layiqli yerini tutub. 

Ötən 30 illik zaman kəsiyində qazanılan nailiyyətlər, eyni zamanda, lider və şəxsiyyət amilinin hər bir xalqın həyatındakı rolunu qabarıq şəkildə üzə çıxarır. Hər bir xalqın vahid məqsədlər uğrunda birləşməsi, hədəflərinə doğru inamla irəliləməsi üçün zəruri olan milli ideya isə onun yetişdirdiyi böyük liderlərin dövlətçilik konsepsiyasında real təcəssümünü tapır. Bu prizmadan əminliklə deyə bilərik ki, Azərbaycan xalqı üçün belə bir dahi lider və şəxsiyyət məhz ulu öndər Heydər Əliyev olmuşdur. 

Heydər Əliyev respublikaya idarəçiliyinin hər iki mərhələsində azərbaycançılığı milli ideyaya çevirib, müstəqilliyin möhkəmləndirilməsini, Azərbaycanın davamlı iqtisadi, hüquqi və mədəni inkişaf yoluna çıxarılmasını başlıca hədəf kimi müəyyənləşdirmişdir. Bu ideya həm də respublikanın demokratik, hüquqi, dünyəvi dövlətə çevrilməsi, ərazi bütövlüyünün və suverenliyinin bərpası, beynəlxalq miqyasda mənafelərinin etibarlı şəkildə qorunması kimi ümdə məqsədləri özündə ehtiva etmişdir. 

Müstəqillik dövründə qazandığımız tarixi uğurların bir mühüm səbəbi də var– xalq və lider arasındakı sarsılmaz vəhdət! Azərbaycan məhz Ümummilli liderin inkişaf və tərəqqi yönümlü, uzaq hədəflərə hesablanmış islahatlar strategiyası ilə dayanıqlı uğurlara imza atıb, qarşıya qoyduğu məqsədləri əzmlə gerçəkləşdirmişdir. Bu günlərdə anadan olmasının 101-ci ildönümü respublika miqyasında qeyd edilən Ulu öndər müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi inkişaf təmayüllərini müəyyən edib, xalqı həqiqi müstəqilliyə qovuşduraraq ictimai şüarda əbədiyaşarlıq hüququ qazanmışdır. 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli “Azərbaycan Respublikasında ­2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” sərəncamı əsasında anadan olmasının 100-cü ildönümünün ötən il böyük təntənə ilə qeyd edilməsi Ulu öndərin müasir tariximizdəki müstəsna roluna verilən yüksək ictimai dəyərin təcəssümü olub. Qürur hissi ilə deyə bilərik ki, məhz “Heydər Əliyev ili”ndə dövlətimizin başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun döyüş meydanında dövlət suverenliyimizi bərpa etməsi, bu il fevralın 7-də Azərbaycanın hər yerində ilk dəfə olaraq keçirilmiş prezident seçkiləri mahiyyətcə Ulu öndərin ideyalarının təntənəsi olub. 

Ötən əsrin nüfuzlu dövlət xadimlərindən olmuş Uinston Çörçill deyirdi ki, “siyasətçi növbəti seçkilər, əsl lider isə gələcək nəsillər barədə düşünür”. Ötən əsrin 70-80-cı illərində Heydər Əliyev Azərbaycanın nə zamansa müstəqil dövlət olacağını görür, buna lazımi bünövrə hazırlamaq üçün əzmkarlıqla fəaliyyət göstərirdi. Azərbaycana birinci rəhbərliyi dövründə respublikanı nəhəng tikinti meydanına çevirən, irimiqyaslı tikinti və sənaye obyektlərinin inşasına xüsusi əhəmiyyət verən, yeni təhsil ocaqlarını, o cümlədən, Cəmşid Naxçıvanski adına Hərbi liseyi yaradan, mədəniyyətin, fundamental və tətbiqi elmlərin sıçrayışlı inkişafına nail olan, milli irsi, intellektual mülkiyyəti qoruyan Ulu öndər məhz bugünkü və gələcək tərəqqinin təməlini qoymuşdur.

Rus dilinin az qala dövlət dili səviyyəsində qəbul edilmək üzrə olduğu bir zamanda – 1969-cu ildə respublikaya rəhbər təyin olunan Heydər Əliyev keçmiş Azərbaycan SSR Ali Sovetinin plenumunda ana dilində çıxış etməklə, cəmiyyətə milliləşmənin zəruriliyi icmarıcını vermiş, milli dilə, dinə, dəyərlərə bağlı olmağı, tarixi irsi yaşatmağı ictimai fikrə təlqin etmişdi. Ulu öndərin Azərbaycan dövlətçiliyinin varlığını təsdiqləyən rəmz və atributlara münasibəti də həssas və birmənalı idi. 1978-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dilinin rəsmi dövlət dili kimi qəbul edilməsi də məhz Ümummilli liderin əzmkarlığı sayəsində mümkün olmuşdu. 

Ulu öndər o çətin dövrdə belə fəaliyyətində ədalət, insanpərvərlik, humanizm kimi ali dəyərlərə sadiqliyini nümayiş etdirirdi. Düzgünlük, haqqı nahaqqa qurban verməmək, zəifləri, məzlumları müdafiə etmək, hər bir fərdin mənafeyini önə çəkmək böyük strateq Heydər Əliyevin idarəçilik fəlsəfəsinin əsas mahiyyətini təşkil edirdi. Ulu öndərin ötən əsrin 70-80-cı illərində kasıb və imkansız ailələrin övladlarının respublikada və onun hüdudlarından kənarda yüksək təhsil almasına, ixtisaslı kadr kimi yetişməsinə hər cür kömək göstərməsi də onun xeyirxahlığının, yüksək humanizminin bariz ifadəsidir. Yalnız bu faktı xatırlatmaq yerinə düşər ki, ­Heydər Əliyev respublikaya birinci rəhbərliyi dövründə o zamankı Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə kasıb, imkansız ailələrin övladlarının daxil olmasına yol açan xüsusi qərar qəbul etmiş, bu sahədə ədalət və şəffaflıq prinsipini qorumuşdu.

Ümumilikdə, 1969–1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir. Azərbaycan məhz bu illərdə de-fakto müstəqilliyi üçün etibarlı zəmin formalaşdırdı. Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə irəli çəkildikdən sonra respublikaya rəhbərlik edən naşı rəhbərlər, təəssüf ki, Azərbaycanı yenidən iqtisadi və mənəvi tənəzzül məngənəsinə sürüklədilər. 80-ci illərin sonuna yaxın bədnam qonşularımız imperiya rəhbərliyinin himayəsi altında Azərbaycana qarşı aşkar ərazi iddiaları ilə çıxış etməyə başladılar. Bütün bunlara göz yuma bilmədiyi üçün SSRİ rəhbərliyindən istefa verən böyük strateq Heydər Əliyev hətta təqaüddə olarkən də millətinin haqq səsini ucaltmaqdan çəkinmirdi. 1990-cı ilin Qanlı Yanvarından dərhal sonra ailəsi ilə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedən bu fenomen şəxsiyyət imperiya rəhbərliyini Kremlin bir addımlığında sərt ittihamlara məruz qoydu, xalqının faciəsinə vətənpərvərliklə reaksiya verdi, dərdinə şərik çıxdı.

Böyük filosof Heraklitin sözüdür: Əsl lider insanları ideyalar ətrafında toplamağı bacaran şəxsdir. 1990-cı ilin iyununda Ulu öndərin Moskvadan Azərbaycana dönüşü ilə ölkəmizdə kortəbii xarakter daşıyan xalq hərəkatı tədricən konkret məcraya salındı. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda Azərbaycanın dövlət müstəqilliyinin bərpasına xidmət edən ilk hüquqi addımlar atıldı. Azərbaycanın başqa bölgələrindən fərqli olaraq, Naxçıvan Muxtar Respublikası 90-cı illərin əvvəllərində daha çətin, ağır və acınacaqlı vəziyyətdə yaşayırdı. 1990-cı ildə Azərbaycan Ali Sovetinə keçirilən seçkilər zamanı naxçıvanlılar güvəndikləri liderə etimad göstərərək Heydər Əliyevi deputat seçdilər. 

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımızı muxtar respublikanın rəsmi bayrağı kimi qəbul etdi. Muxtar Respublika ittifaqın qalıb-qalmaması barədə səsvermə prosesində iştirakdan imtina etdi, “Yeni ittifaq müqaviləsi”nə qətiyyətlə “Yox!” dedi. Sovet qoşun hissələrinin Muxtar Respublika ərazisindən çıxarılması, 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymətin verilməsi də məhz Heydər Əliyevin Azərbaycan xalqına əvəzsiz töhfəsi idi. 

1993-cü ilin iyununda xalqın təkidi ilə Bakıya qayıdan Ulu öndər Azərbaycanın idarəçilik sükanı arxasına keçdi. Üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə mətinliklə sinə gərərək xalqımızı vətəndaş müharibəsi, milli müstəqilliyin itirilməsi təhlükəsindən qurtardı. Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı yaratdı. 

Ulu öndərin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra irəli sürdüyü dövlətçilik konsepsiyası mahiyyət etibarilə Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf modeli kimi özünü doğrultdu. İctimai-siyasi sabitliyi və sosial-iqtisadi inkişafı bu modelin əsas dayağına çevirən böyük strateq Heydər Əliyev cəmiyyətdə dayanıqlı milli birliyə nail olmaq üçün hər şeydən öncə, insan hüquq və azadlıqlarının maksimum təminatı məsələsinə xüsusi diqqət yetirirdi. 

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoydu.

Konstitusiyanın müddəalarının həyata keçirilməsi, demokratik təsisatların, qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi məqsədi ilə müxtəlif komissiyalar yaradıldı. Hüquqi islahatlara müstəsna əhəmiyyət verən Ulu öndər Hüquqi İslahatlar Komissiyasına rəhbərliyi bilavasitə üzərinə götürərək prosesin mütəşəkkil və sürətli aparılmasını təmin etdi. Qısa müddət ərzində ölkəmizin bu günü və gələcəyi naminə son dərəcə vacib, əhəmiyyətli, habelə hüquq sisteminin mahiyyətini müəyyən edən tam yeni qanunlar, məcəllələr qəbul olundu. Bu qanunvericilik aktları beynəlxalq səviyyəli mütəxəssislər tərəfindən ekspertizadan keçirilməklə, yüksək dəyərləndirildi. 

İnsan haqlarının etibarlı qorunması dövlətin prioritet məqsədi kimi müəyyən edildi, respublikamız insan hüquq və azadlıqlarının təminatı sahəsində əsas beynəlxalq konvensiyalara qoşuldu. 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyuldu, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növü tamamilə ləğv edildi, əfv və amnistiya institutları tətbiq olunmağa başlandı. Ölkəmizdə insan haqlarının müdafiəsinə dair mühüm normativ aktlar qəbul olundu, bu sahədə xüsusi Dövlət Proqramı hazırlanaraq həyata keçirilməyə başlandı, İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) institutu yaradıldı. 

Aparılan məhkəmə-hüquq islahatları nəticəsində Konstitusiya Məhkəməsi təsis olundu, 2000-ci ildən əvvəlki məhkəmə sistemindən köklü surətdə fərqlənən, insan haqlarının müdafiəsinə daha etibarlı təminat yaradan üçpilləli müstəqil məhkəmə sistemi fəaliyyətə başladı. Həmin vaxtdan etibarən keçmiş sovet respublikaları arasında ilk dəfə Azərbaycanda həbs və insan hüquqlarını məhdudlaşdıran digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi məhkəmələrin müstəsna səlahiyyətinə aid edildi. Həmçinin, məhkəmələr üzərində hər hansı, o cümlədən, prokuror nəzarəti ləğv olundu, demokratik məhkəmə nəzarəti institutu formalaşdırıldı.

2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimlər şəffaf prosedurlar əsasında, o cümlədən, test üsulu ilə imtahanla seçildi. Nəticədə hakim korpusunun 60 faizi təzələndi. Ümummilli lider sonrakı mərhələdə də ölkə həyatının bütün sahələrində çevik və işlək mexanizmlər üzərində çoxşaxəli islahatları təmin etdi. 2002-ci il avqustun 24-də keçirilən ümumxalq səsverməsi ilə (referendum) Azərbaycan Respublikası Konstitusiyasına edilmiş əlavə və dəyişiklikləri bu baxımdan xüsusi xatırlatmaq lazımdır. Həmin əlavə və dəyişikliklərin bir hissəsi də məhkəmə hakimiyyətinin fəaliyyəti ilə bağlı idi. Konstitusiyanın Apellyasiya Məhkəməsinin səlahiyyətlərini, hakimlərin seçilməsi qaydasını müəyyən edən maddəsi yeni redaksiyada verildi, prokurorluğun məhkəmə prosesində iştirakı əsasən cinayət məhkəmə icraatı ilə məhdudlaşdırıldı, Ali Məhkəmənin ümumi və ixtisaslaşdırılmış məhkəmələrin işinə nəzarət funksiyası ləğv edilərək, onun yalnız kassasiya instansiyası olması təsbit edildi. Həmçinin, həbs və insan hüquqlarını məhdudlaşdıran digər prosessual məcburiyyət tədbirlərinin görülməsi məhkəmələrin müstəsna səlahiyyətinə aid edildi, məhkəmələr üzərində prokuror nəzarəti ləğv edildi. İstintaqa məhkəmə nəzarəti, habelə təhqiqat, istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətlərindən məhkəməyə şikayət hüququ müəyyən olundu.

Heydər Əliyevin şəxsiyyət kimi böyüklüyü həm də əsasını qoyduğu siyasəti yeni dövrün tələblərinə uyğun davam etdirə biləcək qüdrətli lider və etibarlı davamçı yetişdirməsindədir. Ədalət mühakiməsinin səmərəsinin və məhkəmə hakimiyyətinin müstəqilliyinin artırılmasına xüsusi diqqət yetirən dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsi ilə məhkəmə sisteminin modernləşməsi prosesi cəmiyyətin inkişafına adekvat olaraq uğurla davam etdirilir. 

Son 15 ildə hakim ştatlarının sayı 2 dəfə, məhkəmə aparatı işçilərinin sayı 75 faiz artırılıb, 20-dək yeni regional məhkəmələr – o cümlədən, apelyasiya, ağır cinayətlər, kommersiya, hərbi məhkəmələr – yaradılıb, məhkəmə infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Ölkədə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən mütərəqqi tədbirlər nüfuzlu beynəlxalq qurumların da diqqətini cəlb edib, Avropa Şurası Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) Azərbaycanda hakimlərin seçimi prosesini bilavasitə izləməklə ölkəmizin təcrübəsini digər Avropa dövlətlərinə örnək göstərib. 

Son illər ərzində ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında məhkəmə infrastrukturunun müasirləşdirilməsinin rolu nəzərə alınaraq, bu sahədə irimiqyaslı işlər görülür, məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan yeni məhkəmə binaları tikilib istifadəyə verilir. Məhkəmə sistemində ən müasir yeniliklər, eləcə də elektron xidmətlərin genişləndirilməsi də xüsusi diqqət mərkəzindədir. 

Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ədliyyə və məhkəmə sisteminin inkişafında yeni mərhələ olmaqla, bu sahədə islahatların müasir çağırışlara uyğun davam etdirilməsinə rəvac verib, o cümlədən, elek­tron məhkəmənin tətbiqi ilə bağlı təşkilati işlərin yekunlaşdırılmasını, onun funksionallığının artırılmasını, fiziki və hüquqi şəxslərin bu sistemdən istifadəsinin təşviqini şərtləndirib. Ali Məhkəmənin sədri, Məhkəmə-Hüquq Şurasının rəhbəri İnam Kərimovun təşkilatçılığı ilə hazırda həmin fərmandan irəli gələn məsələlərin həlli, ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində tədbirlər uğurla davam etdirilir. 

Əminliklə deyə bilərik ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları son 21 ildə Azərbaycan Prezidenti İlham Əliyev yüksək əzmlə, yeni dövrün gerçəkliklərinə uyğun davam etdirir. Aparılan islahatlar nəticəsində ədalət mühakiməsini həyata keçirən məhkəmələrin insan hüquq və azadlıqlarının təminatında rolunun və imkanlarının daha da genişlənəcəyi isə şübhəsizdir. 

Abbas RZAYEV, 
Binəqədi Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən 

 

Siyasət