Beynəlxalq təşkilatların II Zirvə görüşü

post-img

Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusun­da VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsin­də beynəlxalq təşkilatların “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” adlı II Zirvə görüşü keçirilib. 

“The Guardian” qəzetinin ətraf mühit üzrə redaktoru Fiona Har­vinin moderatorluq etdiyi tədbirdə açılış nitqi ilə çıxış edən ekologiya və təbii sərvətlər naziri, COP29-unmüəyyən olunmuş prezidenti Muxtar Babayev bu il beynəlxalq ictimaiyyətin diqqətinin ölkəmizə, xüsusilə də ətraf mühitin qo­runması və iqlim dəyişmələrinin qarşısının alınması istiqamətin­də fəaliyyətə yönələcəyini qeyd edib. O bildirib ki, qlobal iqlim dəyişikliyi ilə bağlı müzakirələ­rin ən yüksək platforması olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a evsahibliyinin ölkəmizə həvalə edilməsi yüksək etimadın və inamın növbəti göstəricisi, beynəlxalq təşkilatlarla formalaş­dırılmış uğurlu əməkdaşlığın nəti­cəsidir. Nazir deyib ki, COP29-unAzərbaycanda keçirilməsi ilə bağlı qürurverici qərar həm də ölkəmizin yaşıl gələcəklə bağlı hədəflərinin məntiqi davamıdır. Azərbaycan Respublikasının Pre­zidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi isə bu missiyaya verilən dəyəri təsdiqləyir.

COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev çıxışın­da hazırda COP29 komandası­nın substantiv məsələlər üzrə üç əsas istiqamətdə fəaliyyət göstər­diyini qeyd edib. Onun sözlərinə görə, bunlardan birincisi danışıq­lar prosesinə hazırlıqdır: “Hələ ki, COP29-un yekun sənədləri üzrə danışıqlar prosesi başlama­yıb. Lakin həmin prosesə hazırlıq məqsədilə müxtəlif tərəf dövlət­lərlə bu prosesin qeyri-tərəf olan iştirakçıları ilə aktiv məsləhətləş­mələr, konsultasiyalar aparılır. Nəticədə onların mövqeləri öyrə­nilir və indidən danışıqlar prosesi­nin strategiyası hazırlanır.

İkinci istiqamət olaraq, biz “Sədrin fəaliyyət gündəliyi” adlan­dırılan COP29 sədrliyinin təşəb­büsləri və COP29-un sədri olaraq Azərbaycana daxil olan digər ölkə və təşkilatların təşəbbüsləri barə­də məlumatları alıb təhlil edib və onların əsasında öz fəaliyyət gün­dəliyimizi hazırlayırıq.

Nəhayət, üçüncü istiqamət: milli səviyyədə Azərbaycan hansı tədbirlər görməlidir, hansı addım­lar artmalıdır ki, özü qlobal miq­yasda bir nümunə göstərə bilsin? Bu istiqamətdə də konsultasiya­lar, fəaliyyətlər aparılır”.

BMT-nin Sivilizasiyalar Al­yansının ali nümayəndəsi Migel Anxel Moratinos COP29-a evsa­hibliyi edəcəyi üçün Azərbaycana təşəkkürünü bildirib. 

Öz çıxışında iqlim dəyiş­mələrinin beynəlxalq gündəliyi tutan ekoloji problemə çevril­diyini deyən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik fikirlərinə belə davam edib: “Həmin qlobal məsələ real bir haldır və fəsadlarını aradan qaldıra bilməsək, gələcək nəsillər üçün problem yaranacaq. Odur ki, təxirəsalınmaz və təcili tədbir­lərin həyata keçirilməsi vacibdir. Biz yalnız beynəlxalq əməkdaşlıq yolu ilə iqlim böhranlarını aradan qaldıra bilərik”.

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubaniçbek Ömüralıyev iqlim dəyişikliyi ilə mübarizə məsələsinin TDT-nin gündəliyində olduğunu vurğula­yıb: “Biz həmin qlobal problemin həllinə töhfə vermək üçün türk dövlətləri arasında əməkdaşlığı daha da möhkəmləndirməliyik”. 

“COP29-da iqlim dəyişikliyi məsələsinin həlli üçün qətiyyətə yaxınlaşmağımız zəruridir” –deyən TÜRKSOY-un Baş katibi Sultan Raev qeyd edib ki, yaşıl iq­tisadiyyata keçid üçün cəsur lider­lik, yeni həllər, cəmiyyətin bütün təbəqələrinin iştirakını təmin edən səmərəli əməkdaşlıq vacibdir.

“Mədəni diplomatiyanın gü­cündən istifadə edən əməkdaş­lığa əsaslanan fəaliyyətlər yolu ilə gələcək nəsillər üçün davamlı inkişafa nail ola bilərik. İqlim də­yişikliyi təkcə bioloji müxtəlifliyi, təbii mühiti deyil, mədəni irsi də təhdid edir. Odur ki, sərhədləri aşan mədəni fəaliyyətlər yarat­maq bizim borcumuzdur”, – deyə o bildirib.

Digər çıxış edənlər də iqlim dəyişikliyinin gələcəkdə səbəb olacağı fəsadlardan danışıb, problemin həlli üçün daha tutarlı addımlar atılmasının, ölkələrin üzərlərinə götürdükləri öhdəlik­lərə əməl etməsinin, bu istiqamət­də beynəlxalq əməkdaşlığın va­cibliyini qeyd ediblər. 

XQ

Son xəbərlər