Pakistanın Milli Günü Bakıda qeyd edildi

post-img

Pakistan İslam Respublikasının Milli Gününün 84-cü ildönümü münasibətilə martın 29-da Bakıda rəsmi qəbul təşkil edilib.

Tədbir hər iki ölkənin dövlət himnləri­nin səsləndirilməsi ilə başlayıb.

Pakistanın ölkəmizdəki səfiri Bilal Haye Azərbaycan ilə Pakistan arasında­kı çoxşaxəli münasibətlərdən, sıx dostluq əlaqələrindən danışıb. Diplomat bildirib ki, iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi-ticari, müdafiə, təhlükəsizlik, mə­dəniyyət, təhsil və digər sahələrdə uğurla davam etdirilir.

Ölkəsinin müstəqillik tarixindən danı­şan diplomat Pakistanın bundan sonra da davamlı inkişaf edərək güclənəcəyinə əminliyini bildirib. “Biz inanırıq ki, Azər­baycan Qarabağ problemini uğurla həll etdiyi kimi, Pakistan da Kəşmir məsələsini həll edəcək. Ölkələrimiz hər zaman bir-bi­rini dəstəkləyib və bu dəstək bundan son­ra davam etdiriləcək”, - deyə Bilal Haye vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafa­yev Pakistanın milli bayramı münasibətilə Prezident İlham Əliyevin təbriklərini çatdı­rıb. Qeyd edib ki, Azərbaycan ilə Pakis­tan arasında mövcud olan iqtisadi, siyasi və mədəni əlaqələr dostluq prinsiplərinə əsaslanır. Pakistanın Azərbaycan üçün çox mühüm bir ölkə olduğunu deyən nazir əlavə edib ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra onu tanıyan ilk dövlətlər­dən biri də Pakistan olub. Bununla yana­şı, Pakistan Qarabağ məsələsi ilə bağlı Azərbaycanı beynəlxalq platformalarda hər zaman dəstəkləyir.

Nazirin sözlərinə görə, bu gün hər iki ölkəni möhkəm siyasi tellər bağlayır. Ölkələrimiz arasında əlaqələr hazırda strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Azərbaycan və Pakistan arasında əlaqələ­rin möhkəm əsasının Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə qurulduğu­nu diqqətə çatdıran V.Mustafayev iki ölkə arasında münasibətlərin hazırda yüksək səviyyədə uğurla davam etdirildiyini deyib.

O bildirib ki, Azərbaycan və Pakistan arasında ticarət dövriyyəsi ildən-ilə artır. Ölkələrimizin müxtəlif sahələrdə uğurlu əməkdaşlığından, xeyli sayda sənədlərin imzalandığından danışan nazir vurğula­yıb: “Azərbaycan xalqı Pakistan dövlətinin və xalqının dəstəyini yüksək qiymətləndi­rir. Əminik ki, dostluğumuz, əlaqələrimiz bundan sonra daha da dərinləşəcək və möhkəmlənəcək”.

XQ

Son xəbərlər