Dünən spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası keçirildi. Əvvəlcə parlament Sədrinin başçılıq etdiyi nümayəndə heyətinin İsveçrənin Cenevrə şəhərində işgüzar səfəri barədə məlumat verildi.
S.Qafarova səfərdə məqsədin Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Üçüncü Konfransında və Asiya Parlament Assambleyasının koordinasiya iclasında iştirak etmək olduğunu bildirdi. O, həmçinin “Parlament diplomatiyası: sülh və qarşılıqlı anlaşma üçün körpülərin salınması” mözusunda müzakirələrin aparıldığını nəzərə çatdırdı.
Qeyd edildi ki, hazırda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə və Asiya Parlament Assambleyasına Azərbaycan Milli Məclisinin Sədri rəhbərlik edir. Cenevrədə Azərbaycanın sədrliyi ilə bu iki təşkilatın irimiqyaslı tədbirləri keçirilib. Tədbirdə QHPŞ-nin Üçüncü Konfransında üzv parlamentlər, habelə beynəlxalq təşkilatların 56 nümayəndə heyəti iştirak edib. “İqlim dəyişikliyi ilə mübarizədə parlament fəaliyyətinin canlandırılması” mövzusu ətrafında müzakirələr aparıldığı diqqətə çatdırılıb. QHPŞ yanında beynəlxalq təşkilatlara müşahidəçi statusunun verilməsi haqqında qərarlar və tədbirin yekunlarına dair Cenevrə Bəyannaməsi qəbul edilib. Bununla yanaşı, QHPŞ ilə Parlamentlərarası İttifaq arasında Anlaşma Memorandumu da imzalanıb.
Spiker, həmçinin Parlamentlərarası İttifaq çərçivəsində Azərbaycanın sədrliyi ilə keçirilən assambleyanın ilk koordinasiya iclası barədə də məlumat verdi. O, hər üç toplantıda bu ilin noyabrında Bakı şəhərində keçiriləcək COP29-a hazırlıq işlərindən danışdığını, ölkəmizdə 2024-cü il “Yaşıl Dünya Uğrunda Həmrəylik İli” kimi qeyd olunduğunu bildirdi. Eyni zamanda, Cenevrədə bir sıra ikitərəfli görüşlərin də keçirildiyini diqqətə çatdırdı.
S.Qafarova Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə Azərbaycan və Ermənistan parlament sədrlərinin ikitərəfli görüşünün də baş tutduğu barədə məlumat verdi.
Parlamentin Sədri iki gündən sonra ölkəmizdə Azərbaycanlıların Soyqırımı Gününün qeyd ediləcəyini bildirdi. Xalqımız erməni şovinistlərinin vəhşiliyinin qurbanı olmuş on minlərlə günahsız insanın xatirəsini daim ehtiramla yad edir.
Sonra S.Qafarova gündəliyə 21 məsələnin və ilk 2 qanun layihəsinin Prezidentin məktubu ilə daxil edildiyini bildirdi.
Hər iki məsələ barəsində Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Qanun layihələri müzakirəsiz qəbul edildi.
Gündəlikdəki digər məsələlər – “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” və “Bələdiyyələrin statusu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini komitə sədri Siyavuş Novruzov təqdim etdi. O, “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Qanunda nəzərdə tutulan dəyişiklikləri diqqətə çatdıraraq bildirdi ki, sənəd yerli özünüidarəetmədə səmərəliliyin artırılmasını təmin etmək məqsədi daşıyır. Qanun layihəsində ölkə üzrə sonuncu bələdiyyə seçkilərindən keçən 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin digər bələdiyyələrlə birləşdirilməsi nəzərdə tutulur.
“Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim etdi. Qanuna təklif olunan dəyişikliklər ödənişinin elektronlaşması sahəsində güzəştli şərtlərlə pensiya alanlara elektron xidmətin tətbiq olunması ilə bağlıdır.
Bəzi deputatlar pensiya yaşının azaldılmasını təklif etdilər. Komitə sədri bu təkliflərə cavab olaraq bildirdi ki, dünyanın heç bir ölkəsində qanunvericilik çərçivəsində pensiya yaşının azaldılmasına baxılmır. Bu gün dünyada uzunömürlülük artır. Ona görə də dünyada pensiya yaşının azaldılması əvəzinə, artırılması müzakirə olunur. Deputat xatırlatdı ki, hazırda Azərbaycanda 1 milyon 100 min pensiyaçı var.
Sonra gündəliyə daxil edilən digər qanun layihələri də müzakirə edilərək müvafiq qərarlar qəbul olundu.
Əliqismət BƏDƏLOV
XQ