Fransanın müstəmləkəçilik siyasəti ittiham olunub
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə İstanbulda keçirilən “Dekolonizasiya: İntibah dövrünün başlanğıcı” mövzusunda beynəlxalq konfrans işini panel iclaslarla davam etdirib.
İclaslarda “Kolonizasiyanın milli kimliyə təsirləri”, “İntibah dövrünün dekolonizasiyası üçün Fransa hökuməti tərəfindən yaradılmış süni hüquqi maneələr” mövzularında müzakirələr aparılıb.
Mövzular müstəmləkəçiliyin milli kimliyə təsirləri, Fransa hökuməti tərəfindən yaradılan süni hüquqi maneələr, bu bölgələrdə etnik və mədəni ayrı-seçkilik, siyasi qeyri-sabitlik, münaqişələr, sosial və iqtisadi problemlər, medianın təqibi, əsassız həbslər, təhlükəsizlik, miqrasiya, sərhədlər, milli resurs və mülkiyyət, insan hüquqları və ədalət, vətəndaşlıq kimi məsələlərə dair fikir mübadiləsi aparılıb.
İclaslarda mövzuya dair suallar cavablandırılıb.
Qeyd edək ki, konfransa dünyanın 13 ölkəsindən və 5 beynəlxalq təşkilatdan ümumilikdə 50 nümayəndə iştirak edib. Konfrans iştirakçılarının böyük əksəriyyəti Fransanın hələ də müstəmləkəsi altında olan dənizaşırı ərazilərindən gələn şəxslərdir. Onlar Fransa dövlətinin müstəmləkəçilik siyasətinin müvafiq ölkələrdə fəsadlarına dair faktlarla İstanbuldan bütün dünyaya səsləniblər.
Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu ötən il iyulun 6-da Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin nazirlər toplantısı çərçivəsində yaradılıb.
Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının müstəmləkəçilik və neokolonializm təcrübələrinə qarşı mübarizədə prinsipial mövqeyinin əsaslılığını və aktuallığını təsdiqləyib.
***
Panel müzakirələrindən sonra iştirakçılar adından Fransa Prezidenti Emmanuel Makrona açıq məktub ünvanlanıb.
Məktubda BMT Baş Assambleyasının dekolonizasiya ilə bağlı qətnamələrinə istinad edilərək, həmin sənədlərin 60 ildən çoxdur qəbul olunmasına baxmayaraq, Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupunda yaşayan xalqların bu gün də Fransanın müstəmləkəçiliyindən və neokolonializmindən əziyyət çəkdiyi vurğulanır.
Həmin adalarda Fransanın törətdiyi müxtəlif cinayətlər, habelə bu torpaqların Fransa dövləti tərəfindən işğal edilməsi, yerli iqtisadiyyatın inkişafına bilərəkdən maneə yaradılması, yerli əhalilərin pestisidlərlə zəhərlənməsi və əhalinin bunun fəsadlarından əziyyət çəkməsi, insanların məcburi emmiqrasiyaya sövq edilməsi, bu ərazilərə qanunsuz köçürülmənin bu gün də aparılması, orada müstəmləkəçi məhkəmə sistemlərinin tətbiqi və digər faktlar da məktubda kəskinliyi ilə əksini tapıb.
İştirakçılar Emmanuel Makrondan Fransa hökumətinin qanunsuz hərəkətlərini dayandırması tələbini irəli sürərək, bu ərazilərdə mədəni və dini irsin vəziyyətinə dair məruzənin hazırlanması üçün UNESCO missiyasının həmin bölgələrə göndərilməsinin əhəmiyyətini vurğulayıb, ATƏT-in ətraf mühit, iqtisadiyyat, insan hüquqları və yerli əhalilərin hüquqlarına dair vəziyyətinin öyrənilməsi missiyasının müstəmləkə ölkələrinə göndərilməsi üçün quruma müraciət ünvanlamasına çağırış ediblər.
XQ