Azərbaycan bu gün qeyri-neft sektorunun inkişafı istiqamətində islahatların ardıcıl xarakter daşıması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, institusional layihələrin həyata keçirilməsi sayəsində dünyanın ən sürətlə və dayanıqlı inkişaf edən ölkəsinə çevrilib.
Bu, dövlətimizin başçısının fevralın 14-də yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə keçirilən andiçmə mərasimindəki nitqində də aydın ifadəsini tapıb. Ölkə rəhbəri çıxışında cari ilin yanvar ayının nəticələrinə əsaslanaraq, bu müddətdə ümumi daxili məhsulun 5 faiz, qeyri-neft sektorunda isə 12 faizdən çox artmasını qeyd edib. Dövlətimizin başçısı nitqində belə bir nəticənin Azərbaycanın gələcək uğurlarında əsaslı rol oynayacağına əminliyini diqqətə çatdırıb. Prezident İlham Əliyev daha sonra deyib: “Müqayisə üçün vurğulaya bilərəm ki, 2003-cü ildə bizim ümumi daxili məhsulumuz 7 milyard dollar idi, keçən ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollardır. Yəni bu, 20 ildə iqtisadiyyatımızın inkişafının əsas göstəricisidir. Bizim 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,5 milyard dollardır və biz bu 20 il ərzində görün öz valyuta ehtiyatlarımızı nə qədər artırmışıq. Bu, bizə iqtisadi və maliyyə müstəqilliyi verən əsas amillərdən biridir”.
Ümumiyyətlə, Azərbaycanın strateji valyuta ehtiyatlarının artımının dinamik xarakter alması təsadüfi deyil. Bu, əsasən, dövlət başçısının uzaqgörən siyasətinin, qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan uğurlu islahatların, investisiya mühitinin əlverişliliyinin nəticəsində mümkün olub.
Dövlətimizin başçısının çıxışlarının birində bununla bağlı qeyd etdiyi kimi, uzun illər Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafı iqtisadiyyatın dayanıqlı surətdə inkişaf etməsinə, bir sektordan – neft-qaz sektorundan asılı olmamağa imkan verib. Hətta dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi Azərbaycanın ümumi iqtisadi inkişafına təsir etməyib. Bu, Azərbaycanın iqtisadi modelinin unikallığı və ölkəmizin seçdiyi yolun nə qədər düzgün olmasını bir daha göstərirb.
Yeri gəlmişkən, Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin təminatı olan valyuta ehtiyatlarının getdikcə artması iqtisadi islahatların daim diqqət mərkəzində saxlanılmasının məntiqi nəticəsidir. Xatırladaq ki, 2004-cü ildə birinci regional Dövlət Proqramı hazırlanıb qəbul edilən zaman respublikamızın valyuta ehtiyatları cəmi 1,8 milyard dollar idi. Azərbaycan, hətta ən çətin illərdə, dünyada maliyyə böhranı hökm sürdüyü dövrdə – 2015-ci, 2016-cı, 2017-ci illərdə belə valyuta ehtiyatlarını qoruya və artıra bildi. Təkcə 2019-cu ildə ölkəmizin valyuta ehtiyatları 6,4 milyard dollar, cari ilin yanvarında isə 1 milyard dollar artdı.
Hazırda Azərbaycanın valyuta ehtiyatları ölkə rəhbərinin adı çəkilən nitqində vurğuladığı kimi, 69,5 milyard dollar səviyyəsinə çatıb. Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları isə profisitli tədiyə balansı şəraitində bu il fevralın 1-nə 11 milyard 661 milyon ABŞ dollar təşkil edib. Bu isə ekspertlərin qiymətləndirmələrində ölkəmizin iqtisadi və siyasi müstəqilliyinin təminatı kimi ifadəsini tapıb.
Azərbaycanın valyuta ehtiyatlarının artmasında son illərdə yaradılan sənaye zonalarının da mühüm təsiri olub. 2023-cü ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye müəssisələrində 26 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Həmin sahibkarlıq subyektləri tərəfindən sənaye zonalarına 471 milyon manat investisiyanın yatırılması, 3100-dən çox iş yerinin yaradılması nəzərdə tutulub.
Keçən il sənaye zonalarında fəaliyyətə başlayan 12 müəssisədə polimer qatqıları, keramik plitələr, qablaşdırma məhsulları, istilik izolyasiya lövhələri, nəqliyyat vasitələri üçün əyləc bəndləri və s. məhsullar istehsal olunub. İl ərzində rezidentlər tərəfindən sənaye zonalarına 135 milyon manatdan artıq investisiya yatırılıb, 744 daimi iş yeri yaradılıb, 3,3 milyard manat dəyərində isə məhsul satışı həyata keçirilib.
Qeyd edək ki, indiyədək sənaye zonalarına 6,6 milyard manatdan çox investisiya yatırılıb, 10 mindən artıq daimi iş yeri yaradılıb. Bütövlükdə isə, ötən müddətdə ölkənin sənaye zonalarında 12,1 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 3,9 milyard manatlıq və ya 32,2 faizə yaxın hissəsi ixrac olunub. Sənaye zonalarında istehsal olunan məhsullar Kanada, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Hindistan, İsrail, İspaniya, İtaliya, Avstriya, İngiltərə, Brazilya və s. olmaqla dünyanın 70-dək ölkəsinə göndərilib.
Emin BAĞIROV,
mexanika üzrə fəlsəfə doktoru, şərhçi
Azərbaycanda bu gün iqtisadiyyat üçün yeni istiqamətlər formalaşıb. Bu istiqamətlər idxaldan asılılığın azaldılması, qeyri-neft əmtəə və xidmət ixracının genişləndirilməsi, qeyri-neft emal sənayesinin inkişafının sürətləndirilməsi, biznesin bank kreditlərinə çıxışının genişləndirilməsi, dövlət investisiyalarının iqtisadi səmərəsinin artırılması, özəl investisiyaların dominant rolunun təmin edilməsi, kiçik və orta sahibkarlığın iqtisadi artımın başlıca qüvvəsinə çevrilməsi, şəffaflığın yüksəldilməsi və kölgə iqtisadiyyatının səviyyəsinin minimuma endirilməsindən ibarətdir. Yeni məqsədlərə doğru yolda əldə edilən ilkin nəticələr müsbətdir. Yuxarıda xatırladılan göstəricilər də bunun bariz ifadəsidir.
Son illərdə iqtisadi inkişafın dinamik xarakter almasında kapital qoyuluşu mühüm rol oynayıb. Reallaşdırılan investisiya yeni istehsal və xidmət sahələrinin, iş yerlərinin açılmasını şərtləndirib. Nəticədə məhsul istehsalı artıb, göstərilən xidmətlərin keyfiyyəti yaxşılaşıb.
Respublikamızda xarici və daxili investisiyaların iqtisadiyyata cəlb edilməsi istiqamətində də müxtəlif proqramlar həyata keçirilib. Məhz elə buna görə də Azərbaycan kapital qoyuluşunda nəinki MDB məkanında, hətta bir çox Şərqi Avropa ölkələrindən öndə olub.
Hesabat ilində də ölkəyə investisiya qoyuluşunda müsbət dinamika nəzərə çarpıb. Belə ki, ölkə iqtisadiyyatında yüksək iqtisadi artım templəri, habelə dövlət büdcəsinin investisiya xərclərinin icrasının sürətlənməsi, o cümlədən işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti-bərpa işlərinin həyata keçirilməsi fonunda 2023-cü ildə əvvəlki dövrlərlə müqayisədə əsas kapitala investisiyaların real artım tempi müsbət göstəricilərlə diqqət çəkib.
Dövlət Statistika Komitəsindən bildirildiyinə görə, hesabat ilində ölkədə əsas kapitala 20 milyard 297 milyon manat məbləğində, yaxud 2022-ci illə müqayisədə 9,8 faiz çox vəsait yönəldilib. Məlumata əsasən, neft-qaz sektoruna cəlb edilən investisiyaların həcmi 10,9 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,3 faiz artıb. İstifadə olunan vəsaitin 12 milyard 485 milyon manatı və ya 61,5 faizi məhsul istehsalı sahələrinə, 6 milyard 840 milyon manatı (33,7 faizi) xidmət sahələrinə, 971 milyon manatı (4,8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilən vəsaitlərin 16 milyard 412 milyon manatını və ya 81 faizini daxili vəsaitlər təşkil edib. Həmin vəsaitlərin 14 milyard 560 milyon manatı və ya 72 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Bütün bunlarla yanaşı, onu da vurğulamaq lazımdır ki, yoxsulluğun azaldılması, səhiyyə sisteminin müasir standartlara uyğun yenidən qurulması, əhalinin kommunal çətinliklərinin, o cümlədən içməli su probleminin səmərəli həlli olunması, ölkənin enerji təhlükəsizliyinin gerçəkləşdirilməsi, bir sözlə, Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırılması beynəlxalq səviyyədə, dünyanın aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları tərəfindən də etiraf edilib. Bu, dövlətimizin başçısının fevralın 14-də yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə keçirilən andiçmə mərasimindəki nitqində də aydın ifadə olunub: “Biz əlbəttə ki, yoxsulluqla bağlı və işsizliklə bağlı öz fəaliyyətimizi davam etdirməliyik. Yoxsulluq Azərbaycanda 5 faiz səviyyəsindədir. 2003-cü ildə təxminən 50 faiz idi. İşsizliklə bağlı daim işlər aparılmalıdır ki, işsizlik aşağı səviyyədə olsun. Müstəqillik dövründə əhalimiz 3 milyon artıb və artan əhalisi olan ölkələrdə işsizlik bir qayda olaraq ciddi problemdir, o cümlədən bizim üçün. Biz hər il 10 minlərlə yeni iş yeri yaratmalıyıq”.
Ölkə rəhbəri nitqində belə bir vəzifənin prioritet xarakter daşıdığını, bunun üçün xarici sərmayəyə ehtiyac duyulduğunu və iqtisadi islahatların daha da sürətləndirilməsinin, o cümlədən biznes mühitinin yaxşılaşdırılmasının zəruriliyini də diqqətə çatdırıb.
Beləliklə, son illərdə ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik və dayanıqlıq təmin edilib, sosial rifahı dəstəkləyən iqtisadi artıma nail olunub. Respublikada möhkəm siyasi-ictimai sabitlik və təhlükəsizlik, uzaqgörən daxili və xarici siyasət bu müddətdə qarşıya qoyulan mürəkkəb sosial-iqtisadi məqsədlərin, habelə ölkənin ərazi bütövlüyünün bərpasında həlledici rol oynayıb.
Vaqif BAYRAMOV
XQ