Son 6 ildə 696 məhsula belə sənəd verilib
İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “Azexport” portalının rəhbəri Ayxan Qədəşovun redaksiyamıza bildirdiyinə görə, 2018-ci ilin aprel ayından ötən ilin fevral ayına kimi adı çəkilən portal Azərbaycandan ixrac üçün 696 adda məhsula sərbəst satış sertifikatı təqdim edib. Yeri gəlmişkən, həmin sertifikat insan orqanizmi ilə birbaşa təmasda olan tibbi avadanlıqların, dərman vasitələrinin və qida məhsullarının xarici bazarlara ixracı zamanı bəzi ölkələr tərəfindən tələb olunan sənədlər sırasında yer alıb.
İxrac sərbəst satış sertifikatı sadalanan kateqoriyadan olan məhsulların respublikamızdan ixracı zamanı tələb edilən zəruri sənədlər siyahısında yoxdur və könüllü xarakter daşıyır. Buna baxmayaraq, bəzi ölkələrdə sərbəst satış sertifikatı hazırda zəruri sənədlər siyahısındadır. Bu da həmin dövlətlərdə qida və dərman məhsullarının idxalı zamanı sərbəst satış sertifikatının mövcudluğunu mütləq şərt edir.
Hazırda dünya ölkələrində bu sertifikata olan tələb artmaqdadır. Yəni hər il daha çox dövlət sərbəst satış sertifikatını qida və dərman məhsullarının idxalı üçün zəruri sənədlər siyahısına əlavə edir. Bəzi hallarda isə sertifikatın beynəlxalq adı regiona görə dəyişir. Buna misal olaraq “Free Sale Certificate” (FSC), “Certificate of Free Sale” (CFS) və “Free Sale Declaration” (FSD) kimi formaları qeyd etmək olar. Adların fərqliliyinə baxmayaraq, bunlar Azərbaycanda “Azexport” portalı tərəfindən təqdim olunan sərbəst satış sertifikatı ilə eyni hüquqa malik sənəd kimi qəbul edilir.
İİTKM-in məlumatında bildirilir ki, sərbəst satış sertifikatı Azərbaycan Prezidenti İlham Əliyevin 12 sentyabr 2017-ci il tarixli müvafiq Fərmanına uyğun olaraq “Azexport” portalı tərəfindən təqdim edilir. Sertifikat ixrac olunan malın Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiqləyir. Sertifikatın verilməsi “Made in Azerbaijan” məhsullarının əvvəllər ixracında çətinlik yaranan Amerika, Asiya, Okeaniya, Avropa və Körfəz regionunun 100-dən artıq ölkəsinə məhsulların ixracını asanlaşdırır.
Məlumatda sərbəst satış sertifikatın əldə edilməsi qaydasına da aydınlıq gətirilir. Bildirilir ki, ixracatçı ödənişi, sertifikatı üçün lazımlı sənədləri (qida təhlükəsizliyi, baytarlıq/fitosanitar, uyğunluq sertifikatları, qeydiyyat şəhadətnaməsi və malların ölkə daxilində satışını sübut edən sədərləri) və sertifikatın alınması üçün ərizəni doldurduqdan sonra icra üçün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə göndərməlidir. Ərizə alındıqdan 3-14 iş günü müddətində sərbəst satış sertifikatı hazır və təsdiqlənmiş şəkildə onlayn qaydada ixracatçının ərizədə göstərdiyi ünvana çatdırılır.
Sərbəst Satış Sertifikatı təqdim edildiyi gündən 1 il müddətinə etibarlı hesab edilir. Sertifikatın həqiqiliyini və etibarlığını təsdiq etmək üçün www.dth.az/check keçidindən istifadə olunur.
Bütün bunlara əsaslanıb deyə bilərik ki, son illər ölkəmizin ixrac potensialının gücləndirilməsi istiqamətində bir sıra mühüm layihələr həyata keçirilib. Bunun nəticəsində özəl bölmə sürətli inkişaf mərhələsinə daxil olub, sahibkarlığın hüquqi bazası formalaşdırılıb, iqtisadi sərbəstlik diqqət mərkəzində saxlanılıb. Gömrük prosedurlarının sadələşdirilməsi, ticarət maneələrinin azaldılması və tranzit daşımaların optimallaşdırılması kimi mühüm tədbirlər də gerçəkləşdirilib. Eyni zamanda, yüksək keyfiyyətli məhsul istehsalı məqsədilə respublikamıza ən müasir texnika və avadanlıqlar gətirilib. Müəssisələrdə texnoloji proses günün tələbləri səviyyəsində tamamilə yenidən qurulub.
Respublikada Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə ciddi əməl olunması, daxili bazarın qorunması, haqsız rəqabətə qarşı mübarizənin diqqət mərkəzində saxlanılması və rəqabətin inkişafı ilə bağlı tədbirlər həyata keçirilməsi, eyni zamanda, istehlak mallarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin artırılması sahibkarların, eləcə də istehlakçıların mövqelərini gücləndirib. Şübhəsiz ki, standartlaşdırma və metrologiya kimi mühüm sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması da milli istehsalçıların xarici bazarlara çıxışını stimullaşdırıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına əsasən, yuxarıda vurğulanan tədbirlər nəticəsində 2023-cü il ərzində Azərbaycanın ümumi ixracı 33,9 milyard dollar, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,8 faiz artaraq 3,3 milyard dollar təşkil edib. Hesabat dövründə yeyinti məhsulları üzrə ixrac 928 milyon dollara bərabər olub. Elektrik enerjisinin ixracı 3,3 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 1,9 dəfə, plastmas və ondan hazırlanan məmulatların ixracı 19,3 faiz, qara metallardan məmulatların ixracı 13,3 faiz, meyvə-tərəvəz ixracı isə 8,7 faiz artıb.
Ötən il ixracın həyata keçirilməsində önəmli rol oynayan “Azexport.az” portalının fəaliyyəti istiqamətində də müəyyən layihələr gerçəkləşdirilib. İİTKM-də ötən ilin hesabatına dair keçirilən mətbuat konfransında bu barədə ətraflı bəhs edilib. Qurumun icraçı direktoru, professor Vüsal Qasımlının sözlərinə görə, hesabat dövründə bu portal vasitəsilə 56 sərbəst satış sertifikatı təqdim olunub. Bununla da sertifikatların ümumi sayı 689-a çatdırılıb. Cari il isə “Azexport” vasitəsilə ölkədaxili məhsul-çatdırma xidməti istifadəyə verilib. Eləcə də “Azexport”un xətti ilə ilk dəfə ABŞ-a məhsul ixrac edilib. Portalın daha bir yeniliyi isə “Metaverse” platformasında 10 şirkət və yerli media qurumları üçün virtual stend və konfrans zalının quraşdırılması olub.
İİTKM-də hesabat konfransında “Bir pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən 2023-cü ildə, ümumilikdə, 5 ölkəyə – İsveçrə, Rusiya, Türkiyə, Gürcüstan və İtaliyaya 243 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirilib. İxrac edilən məhsullar isə, əsasən, qiymətli metallar, süd və qənnadı məhsulları, polad boru və pambıq mahlıcı olub.
Mirbağır YAQUBZADƏ
XQ