Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarını elan edib

post-img

Fevralın 13-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib. 

İclas növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin nə­ticələrinin rəsmən elan olunmasına həsr edilib.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açaraq bildirib ki, xüsusi konstitusiya icraatı üzrə məh­kəmə iclasında 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komis­siyasının (MSK) 2024-cü il 11 fevral tarixli protokolunun təsdiq və rəsmən elan edilməsinə dair konstitusiya işinə baxılacaq. 

Məhkəmə iclasının katibi deyib ki, iclasda xüsusi konstitusiya icraatı üzrə maraqlı subyekt qismində Mərkəzi Seç­ki Komissiyasının sədri Məzahir Pə­nahov, sədr müavini Rövzət Qasımov, katibləri Arifə Muxtarova və Mikayıl Rəhimov, komissiyanın digər üzvləri, habelə ekspert qismində Dövlət Statis­tika Komitəsinin ümumi şöbəsinin mü­diri Sevda Süleymanova və Aparatın statistika şöbəsinin sektor müdiri Fərid Əhmədov, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov, İnsan hüquq­ları və informasiya hüququ kafedrası­nın professoru, hüquq elmləri doktoru Etibar Əliyev iştirak ediblər. 

Sonra Fərhad Abdullayev məh­kəmənin tərkibini elan edib. 

“Azərbaycan Respublikasının Kons­titusiya Məhkəməsi haqqında” Qanu­nun 43-cü maddəsinə əsasən maraqlı subyektlərin qanuni nümayəndələrinin hüquq və vəzifələrini izah edən Kons­titusiya Məhkəməsinin sədri bildirib ki, onlar bu Qanuna əsasən, iclasda çıxış edə, sübutları təqdim edə, ekspertlərə suallar verə və sualları cavablandıra bilərlər. 

Məruzəçi kimi çıxış edən hakim Sona Salmanova bildirib ki, “Kons­titusiya Məhkəməsi haqqında” Qa­nunun 40.3.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin rəsmən elan edilməsi ilə əlaqədar işlərə xüsusi konstitusiya icraatı qaydasında baxılır. 2016-cı il 26 sentyabr tarixli ümumxalq səsverməsi – referendumla Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin 1-ci hissəsinə edilmiş də­yişikliyə əsasən, Azərbaycan Respub­likasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müd­dətinə seçilir. 

Diqqətə çatdırılıb ki, Seçki Məcəllə­sinin 203.1-ci maddəsinə əsasən MSK səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə pre­zident seçkilərinə yekun vurur və nəti­cələri təsdiq olunmaq üçün Konstitusi­yanın 102-ci maddəsinə uyğun olaraq Konstitusiya Məhkəməsinə təqdim edir. Mərkəzi Seçki Komissiyası səsvermə­nin nəticələri haqqında dairə seçki ko­missiyalarının protokollarındakı bütün məlumatları ümumiləşdirərək fevralın 7-də keçirilmiş növbədənkənar Azər­baycan Respublikası Prezidenti seç­kilərinin nəticələri barədə 2024-cü il 11 fevral tarixli protokol tərtib edib.

Səsvermənin nəticələri haqqında MSK-nın protokolu, qərar və ona əlavə olunmuş sənədlər səsvermənin nəti­cələrinin təsdiq və rəsmən elan edilməsi üçün Konstitusiya Məhkəməsinə təq­dim olunub. “Konstitusiya Məhkəməsi haqqında” qanunun 56.3-cü maddəsinə müvafiq olaraq Konstitusiya Məhkəmə­sinin Plenumu seçkilərin yekunlarına dair MSK-nın sənədlərinin Seçki Mə­cəlləsinin tələblərinə uyğun olduğunu müəyyən etdikdə seçkilərin nəticələrinin təsdiq olunması barədə qərar qəbul edir.

Daha sonra məruzəçi hakim Kam­ran Şəfiyev çıxış edərək diqqətə çatdı­rıb ki, seçkilərin nəticələri ilə bağlı MSK tərəfindən təqdim olunmuş protokolun Seçki Məcəlləsinin tələblərinə uyğun olub-olmamasının öyrənilməsi məqsə­dilə Dövlət Statistika Komitəsinin və Bakı Dövlət Universitetinin əməkdaşları iş üzrə ekspert qismində cəlb olunub. Bundan başqa, “Konstitusiya Məhkəmə­si haqqında” qanunun 56-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Apellyasiya məhkəmələrindən, Naxçı­van Muxtar Respublikasının Ali Məh­kəməsindən, Azərbaycan Respublikası­nın Ali Məhkəməsindən və Azərbaycan Respublikasının Prokurorluğundan seç­ki hüquqlarının müdafiəsi ilə bağlı baxıl­mış ərizələr əsasında məlumatlar tələb etmişdir. Konstitusiya Məhkəməsinə daxil olmuş məlumatlardan göründüyü kimi, seçki hüquqlarının müdafiəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsində 8, Sumqayıt Apellyasiya Məhkəməsin­də isə 1 ərizəyə baxılıb. Həmin ərizələr əsassız olduğuna görə təmin edilməyib. Ali Məhkəmədən daxil olmuş məlumatla­ra əsasən, verilmiş üç kassasiya şikayə­ti təmin edilmədən saxlanılıb. Gəncə, Şirvan, Şəki Apellyasiya məhkəmələri və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi seçki hüquqlarının mü­dafiəsi ilə bağlı hər hansı ərizənin daxil olmadığını bildiriblər. Azərbaycan Res­publikası Prokurorluğunun məlumatına əsasən, seçki hüquqlarının pozulması ilə əlaqədar bir şikayət üzrə aparılmış araşdırma zamanı həmin şikayətdə irəli sürülmüş dəlillərin öz təsdiqini tapmadı­ğı müəyyən edilib. 

Məruzəçi hakim bildirib ki, Seçki Məcəlləsinin 28.2-ci maddəsinə uyğun olaraq, MSK-nın qərarları açıq səsver­mə yolu ilə komissiyanın iclasında üzv­lərinin 18-nin iştirak etdiyi halda və azı 12 üzvün səs çoxluğu ilə qəbul edilir. Seçki Məcəlləsinin 100.12-ci maddəsin­də nəzərdə tutulub ki, protokollar komis­siyanın həlledici səs hüquqlu üzvünün ümumi sayının ən azı üçdə ikisi tərəfin­dən imzalanmalıdır. MSK-nın təqdim et­diyi protokoldan da göründüyü kimi, bu protokol komissiyanın 18 üzvündən 18-i tərəfindən imzalanıb. 

Konstitusiyanın 101-ci maddəsi­nin II hissəsinə və Seçki Məcəlləsinin 203.4-cü maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının Prezi­denti səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir. MSK-nın protokolundan gö­ründüyü kimi, etibarlı hesab edilmiş seçici səslərindən 4 milyon 567 min 458-i və ya 92,12 faizi Əliyev İlham Heydər oğlunun lehinə verilib.

Sonra maraqlı subyektin qanuni nümayəndəsi, Mərkəzi Seçki Komis­siyasının sədri Məzahir Pənahov çıxış edib. MSK sədri deyib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı Sərəncam imzalan­dıqdan sonra MSK seçkilərin hazırlanıb keçirilməsinə məsul ali orqan kimi öz işinə başlamışdı. Seçkilər elan edildik­dən sonra namizəd kimi iştirak etmək arzusunda olan 17 subyektdən Mərkəzi Seçki Komissiyasına müraciətlər daxil olub. Bu müraciətlərin 5-i siyasi parti­yalar tərəfindən, 12-si isə namizədliyi özü tərəfindən irəli sürülmüş şəxslər tərəfindən idi. MSK bütün tərəflərə ilkin mərhələdə müsbət cavab verib. Komis­siyanın iclasında 17 nəfərin namizədliyi təsdiqlənib. Seçki Məcəlləsinin tələbinə uyğun lazım olan seçici imzalarının top­lanması üçün həmin namizədlər imza vərəqələri ilə təmin edilib. Məcəllənin tələbinə görə, 40 min imza toplamaq tələb olunurdu. Həmin 40 min imza möv­cud 125 dairənin 60-dan toplanmalı idi. İmza vərəqələrini və ona əlavə olunmuş sənədləri geri qaytaran 7 iddiaçının ha­mısının namizədliyi qeydə alınıb. Onlar­dan 5-nin namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülüb, 2-si isə öz təşəb­büsü ilə seçkilərə qatılıb. 

Seçkilərdə şəffaflığın yüksək səviy­yədə təmin olunmasına xüsusi diqqət yetirildiyini deyən Məzahir Pənahov qeyd edib ki, seçkilər keçirildikdən iki gün ərzində protokollar MSK-ya təqdim olunur: “Biz bu sənədlərlə tanış olduq­dan sonra hər hansı çatışmazlıqların olub-olmadığını müəyyən edirik. Hər hansı xoşagəlməz hal olduğu zaman araşdırılır. Budəfəki seçkilərdə araş­dırmadan sonra 11 məntəqə seçki ko­missiyasında nöqsanlar olduğu aşkar edilib. MSK-nın qərarı ilə həmin seçki məntəqələrinin məntəqə seçki komissi­yaları buraxılıb”. 

MSK sədri bildirib ki, prezident seç­kiləri ərəfəsində Mərkəzi Seçki Komissi­yasına vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər daxil olub. Vətəndaşlar xa­hiş ediblər ki, Mərkəzi Seçki Komissiyası qeydiyyatdan çıxma vəsiqələri almaları və azad edilmiş ərazilərdə səs vermələri üçün onlara şərait yaratsın. Onlara izah olunurdu ki, bu, indiki mərhələdə müm­kün olmayan məsələdir. 

“Biz Mərkəzi Seçki Komissiyasının ilk iclasında bu seçkiləri Zəfər seçkiləri adlandırmışdıq. İlk günlərdən etibarən işğaldan azad edilmiş ərazilərdə səs­vermənin necə təşkil edilməsi ilə bağlı araşdırmalar apardıq. Seçki Məcəllə­sinin tələbinə görə, orada son iki ildə həyata keçirilən tikinti, bərpa və quru­culuq işlərində iştirak edən şəxslər son 6 ay ərzində həmin ərazidə yaşadıq­larına görə onlar da həmin ərazi üzrə siyahılara daxil edilməli idi. Nəticədə həmin ərazidə təxminən 22 mindən artıq daimi əsaslarla yaşayan seçici­ni siyahıya aldıq”, – deyə MSK sədri qeyd edib.

Sonra Məzahir Pənahov Konstitusi­ya Məhkəməsinin hakimlərinin suallarını cavablandırıb. 

İclasa ekspert qismində dəvət olun­muş Dövlət Statistika Komitəsinin ümu­mi şöbəsinin müdiri Sevda Süleymano­va bildirib ki, Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının 2024-cü il 11 fevral tarix­li protokolu Seçki Məcəlləsinin 100.2-ci, 100.12-ci, 108.2-ci və 203.3-cü mad­dələri baxımından düzgün tərtib edilib və qanunvericiliyin tələblərinə uyğundur.

Digər ekspert – Bakı Dövlət Univer­sitetinin hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürovun rəyinə əsasən, prezident seçkilərinin nəticələrinə dair MSK-nın protokolu Seçki Məcəlləsinin müvafiq maddələri­nin tələblərinə tam cavab verir.

Ekspertlərin rəyləri Konstitusiya işinə əlavə olunub. 

Sonra MSK sədri Məzahir Pənahov yekun sözlə çıxış edib. Bildirib ki, Seç­ki Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq bu proseslərdə vəzifələri olan qurumlar öz vəzifələrinin öhdəsindən uğurla gəliblər. 

Konstitusiya Məhkəməsi Plenumu­nun prezident seçkiləri ilə bağlı keçirilən iclasında hakimlər qərarın elan olunma­sı üçün müşavirəyə gediblər.

Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin təsdiq və rəs­mən elan olunmasına dair qərarı oxu­yub.

Qərarda deyilir ki, 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbay­can Respublikası Prezidenti seçkilərinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il 11 fev­ral tarixli protokolunda əks olunmuş nə­ticələr təsdiq edilsin.

Azərbaycan Respublikasının Prezi­dentliyinə namizəd Əliyev İlham Heydər oğlu Azərbaycan Respublikasının Prezi­denti seçilmiş elan edilsin.

Qərar elan olunduğu andan qüvvəyə minir, Azərbaycan Respublikasının rəs­mi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi­nin Məlumatı”nda dərc edilsin, habelə Konstitusiya Məhkəməsinin rəsmi inter­net saytında yerləşdirilsin.

Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun iclasını bağlı elan edib.





Son xəbərlər