Əməkdar incəsənət xadimi: “Seçkilər ölkəmizin yeni inkişaf və quruculuq mərhələsinə keçidinin rəmzi olacaq”

post-img

“Azərbaycan xalqını həqiqətən də xoşbəxt, bizim nəsli isə tariximizin ən taleyüklü anlarının canlı şahidi olduğumuz üçün ikiqat xoşbəxt hesab etmək olar. Azərbaycan Ordusu xalq və hakimiyyətlə möhkəm birlik və həmrəylik şəraitində cəmi 44 gün ərzində Qarabağı və ətraf rayonları erməni işğalından azad etdi. 2023-cü ilin sentyabrında isə uğurlu antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Beynəlxalq vasitəçilərin uzun illər ərzində edə bilmədiyi və ya etmək istəmədiyini Azərbaycan reallığa çevirdi”. Bunu secki-2024.az saytına açıqlamasında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Dilarə Əliyeva deyib.

Onun sözlərinə görə, Vətən müharibəsindəki Zəfər vahid məqsəd uğrunda birləşən, inamla irəliləyən, vətənpərvərlik ruhu ilə ədaləti dəstəkləyən Azərbaycan xalqının tarixi qələbəsidir.

“Əmin ola bilərik ki, 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri də xalqımızın tarixinə qızıl hərflərlə yazılacaq. Məhz həmin gün Azərbaycan xalqı öz gələcəyini etibar edəcəyi lideri seçəcək. Biz bu seçkilərlə seçdiyimiz şəxsə təkcə siyasi gələcəyimizi deyil, həm də Azərbaycanın bütün sahələrdə, o cümlədən, mədəniyyət sahəsində gələcək inkişafını etibar etməyə hazırıq. Azərbaycan zəngin mədəniyyətə malik ölkədir və mədəni irs yalnız siyasi və iqtisadi sabitlik şəraitində inkişaf etdirilə bilər. Mən xalqımıza elə sabitlik arzulayıram ki, gənc nəslimiz ruhən və yaradıcılıqla inkişaf edə, vətənpərvərlik ruhunu möhkəmləndirə, Azərbaycan Bayrağını dünya arenasında ucalda, ölkəni layiqincə təmsil edə və bizə qürur hissi bəxş edə bilsin. Qarşıdan gələn prezident seçkiləri ölkəmizin yeni inkişaf və quruculuq mərhələsinə keçidinin rəmzi olacaq”, - deyə Dilarə Əliyeva fikrini yekunlaşdırıb.

Son xəbərlər