22 ölkənin 49 qurumu Ermənistanı ətraf mühiti qorumağa çağırır

post-img

22 ölkədən 49 qeyri-hökumət təşkilatı və ekofəal Ermənistanın dağ-mədən sənayesində beynəlxalq ekoloji norma və standartları pozaraq həyata keçirilən işlərin dünyanın ekosistemini pozmasına dair bəyanat yayıb. Cənubi Qafqaz regionu üçün ekoloji ədalət tələb edən sənəddə bildirilir:

“Biz, xarici ölkələrin vətəndaş cəmiy­yəti təşkilatları və fəalları Ermənistan Respublikasının dağ-mədən sənayesin­də beynəlxalq ekoloji norma və standart­ları pozaraq həyata keçirilən işlərin eko­logiyaya vurduğu ciddi ziyanla bağlı dərin narahatlığımızı bildiririk. Bu ölkədə hava və suyun çirklənməsi vaxtilə lokal xarak­terli olsa da, artıq onun fəsadları təkcə Cənubi Qafqaz üçün deyil, bütün dünya üçün ciddi təhdidə çevrilib. Ermənista­nın mədən sənayesi transsərhəd çayları çirkləndirməklə Şərqi Avropadan Mərkəzi Asiyaya qədər geniş coğrafiyada bir sıra ekoloji problemlərə səbəb olmaqda da­vam edir”.

Bəyanatın davamında qeyd edilir ki, qlobal ictimaiyyətin BMT-nin Dayanıq­lı İnkişaf Məqsədlərinə nail olmaq üçün səfərbər olduğu, ekoloji problemlərin həlli üçün səylərini gücləndirdiyi bir vaxtda Er­mənistanın bu hərəkətləri Transsərhəd Çaylar Konvensiyası və BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd Kon­tekstdə Ətraf Mühitə Təsirin Qiymətlən­dirilməsi Konvensiyasının (Espoo Kon­vensiyası) tələblərini ciddi şəkildə pozur: “Yaxın zamanda BMT-in İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransı - COP29-un Cə­nubi Qafqaz regionunda, Azərbaycanda keçiriləcəyini nəzərə alaraq, Ermənistan da ətraf mühitə ziyan vuran əməllərdən çəkinməli, bununla da beynəlxalq kon­vensiyalardan irəli gələn öz öhdəliklərini yerinə yetirməlidir”.

Bəyanatda Ermənistanın müvafiq beynəlxalq razılaşmalara qoşulmaq­la qlobal miqyasda iqlim dəyişmələri ilə mübarizə aparmaq və planetin qorun­masında qaydalara riayət etmək öhdəli­yi xatırladılaraq deyilir: “Biz, Ermənistan hökumətini və Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin məxsus olduğu özəl şirkətləri həmin müəssisələrdə təftiş, qiymətləndirmə və monitorinq işləri apar­maq üçün ekologiya və sağlamlıq sahə­sində ixtisaslaşmış beynəlxalq ekspert­lərə, o cümlədən qonşu ölkələrdən olan ixtisaslaşmış QHT-lərə şərait yaratmağa çağırırıq”.

XQ

Son xəbərlər