Seçki məntəqələrində quraşdırılmış veb-kameralar əvvəlki illərdəkindən 2 dəfə daha yüksək görüntü effektinə malikdir

post-img

Fevralın 7-də - prezident seçkiləri günü veb-kameralar vasitəsilə ölkədən və xaricdən seçki ilə bağlı bütün prosesləri izləmək mümkün olacaq. Secki-2024.az saytı xəbər verir ki, səsvermə günü seçki məntəqələrində proseslərin birbaşa izlənilməsi, keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin olunması üçün veb-kameraların tənzimlənməsi və digər texniki parametrlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılaraq daha da təkmilləşdirilib. Belə ki, veb-kameraların müşahidə sistemi tam yenilənərək yeni nəsil müşahidə sistemi tətbiq olunub və əvvəlki illərdəkindən iki dəfə daha yüksək görüntü effektinə, optimal şəbəkə utilizasiyasına, avtofokuslama və s. kimi mühüm xüsusiyyətlərə malik kameralar quraşdırılıb. Həm müşahidə sisteminin avadanlıq və proqram təminatı baxımından komponentləri, həm də səsvermə günü seçki məntəqələrindəki prosesləri canlı izləmək üçün nəzərdə tutulan internet səhifəsi tam şəkildə yenilənib.

Sözügedən veb-kameralar istər ölkə daxilində, istərsə də xaricdəki internet istifadəçilərinə səsvermə günü Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan, seçki məntəqəsindəki bütün prosesləri - səsvermə, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini fasiləsiz müşahidə imkanı yaradacaq.

Qeyd edək ki, ölkə üzrə 1 000 seçki məntəqəsində - ümumi seçki məntəqələrinin 20 faizində veb-kameralar quraşdırılıb.

Son xəbərlər