Laçınlılar yenidən doğma yurdlarında səs verəcəklər

post-img

Növbədənkənar prezident seçkilərində qürurverici və yaddaqalan hadisələrdən biri də bu seçkilərin Azərbaycanın bütöv ərazisində keçirilməsidir. İşğaldan azad edilmiş ərazilərimizdə ilk dəfə seçki keçirilməsi anti-Azərbaycan, islamofob, Azərbaycanofob və türkəfob qüvvələri ciddi narahat edir. Hazırda Azərbaycan dünyada bütov və suveren ölkə kimi tanınır. Otuz ildən sonra ilk dəfə olaraq doğma ata-baba yurdlarında səs verəcək laçınlılar da seçkiyə bu qürurla gedəcəklər.

Fevralın 7-də keçiriləcək növbə­dənkənar prezident seçkilərində Laçın rayonunda yaşayan və işləyən 6 min 17 seçicinin iştirakı gözlənilir. İşğaldan azad edilmiş Laçın rayonunda yaşayan və işləyən insanlar 3-ü rayon mərkəzin­də olmaqla 5 seçki məntəqəsində səs verəcəklər. Onlardan biri – 105 saylı seç­ki məntəqəsi Laçın şəhər 2 nömrəli tam orta məktəbdə yerləşir. Havaların şaxtalı keçməsi, o cümlədən qar yağması seçki prosesinə hazırlığa problem yaratmayıb. Azad edilən ərazilərimizdə yaradılan di­gər 25 seki məntəqəsində olduğu kimi, burada da seçki prosesinin tam şəffaf və demokratik şəraitdə keçirilməsi üçün zəruri şərait yaradılıb. Hazırda həmin məntəqə MSK tərəfindən bütün ləvazi­matlarla təmin edilib. Seçki qutuları, eyni zamanda, yaşlıların, xəstələrin, fiziki qü­surluların evdə səs vermələri üçün yara­dılmış səyyar seçki qutuları məntəqəyə vaxtında çatdırılıb. Seçici siyahısında ad­ları olan seçicilərə bildirişlər də çatdırılıb. 

Laçında yaşayıb səs verənlər deyirlər ki, doğma ata-baba yurdunda səs vermək hər birimiz üçün qürurverici hadisədir. On­lar həmin gün nə qədər qar yağsa da, şax­ta olsa da, səsvermədə iştirak edəcəklərini bildirirlər. Laçın işğal olunanda hələ uçaq olanlar bu gün doğma yurdlarına böyük həvəslə, ruh-yüksəkliyi ilə qayıdıblar. 

Laçın şəhəri ilə yanaşı, rayonun Za­bux, Qorçu və Zerti kəndlərində də seçki məntəqələri yaradılıb. Ümumilikdə, 121 saylı Laçın Seçki Dairəsinin 119 seçki məntəqəsi üzrə 59 min 563 seçici qeydə alınıb.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər