Avropa Şurasına üzv dövlətlərin parlament sədrlərinə məktub

post-img

Yanvarın 26-da Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin Avropa Şurası Parlament Assambleyasında təmsil olunan nümayəndə heyətinin AŞPA-nın qış sessiyası zamanı üzləşdiyi əsassız ittihamlar barədə Avropa Şurasına üzv dövlətlərin parlament sədrlərinə məktub ünvanlayıb. 

Məktubda Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əlaqələrin ma­hiyyətinə toxunulur. Qeyd edilir ki, Azər­baycan 2001-ci ildə ölkədə insan hüquq­larını və qanunun aliliyini daha yaxşı təbliğ etmək və müdafiə etmək niyyəti ilə Avropa Şurasına üzv olmuşdur. 

Diqqətə çatdırılır ki, bu müddət ərzin­də torpaqlarımızın Ermənistan tərəfin­dən işğalı faktına, bu ərazilərdə aparılan etnik təmizləmə siyasətinə, yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkü­nün pozulmuş hüquqlarına Avropa Şura­sının biganə qalmayacağına dair gözlən­tilərimiz puç olmuşdur. Azərbaycan hər zaman regionumuzda davamlı sülhə nail olmaq üçün Avropa Şurası və onun qu­rumlarının köməyi və dəstəyi ilə ədalətin siyasi mülahizələrə qələbə çalaraq üstün olacağına ümid edib. Məhz Azərbaycan öz ərazilərinin 30 ilə yaxın davam edən işğalına baxmayaraq, münaqişənin sülh yolu ilə həlli prosesində iştirak etməyə davam etməklə bu istiqamətdə səylərini əsirgəməyib, eyni zamanda, Avropa Şu­rası qarşısında götürdüyü öhdəliklərin ye­rinə yetirilməsinə böyük əhəmiyyət verib.

Məktubda bildirilir ki, bu gün təcavüz­karla qurbana münasibətdə süni taraz­lığın mövcud olduğu Avropa Şurasında fundamental dəyərlərin tənəzzülü təəssüf doğurur. Eyni zamanda, azərbaycanlıla­rın etnik təmizləmə siyasətinin qurbanı olması, onların əsas hüquqlarının pozul­ması faktına qurum çərçivəsində uzun illər ərzində göz yumulub, bu məsələ ilə bağlı Azərbaycanla müxtəlif səviyyələrdə əsaslı dialoqdan yayınılıb.

Qeyd olunur ki, bu yanaşmaya rəğ­mən, Azərbaycan hər zaman Avropa Şurası Parlament Assambleyasının bir sıra üzvləri və müxtəlif qruplaşmalardan gələn qərəzli və əsassız təzyiqlərə qarşı mübarizə aparıb. Məktubda Azərbayca­nın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bu dəfə də parla­ment nümayəndə heyətimizin AŞPA-dakısəlahiyyətlərinin “əsaslı” səbəblərdən mübahisələndirilməsi kimi növbəti riyakar kampaniya ilə üzləşdiyi bildirilir. Vurğu­lanır ki, göstərilən səbəblər həqiqəti əks etdirmir, heç bir əsası yoxdur. 

Eyni zamanda, bildirilir ki, bu addım Azərbaycanın Avropa Şurası və onun qu­rumları ilə indiyə qədər həyata keçirdiyi əməkdaşlığa, habelə son razılaşmalara da kölgə salır. Ölkəmiz Avropa Şurasına üzv olduğu vaxtdan qurumun 65-ə yaxın sazişinə qoşulmuş, insan hüquqlarının bərabər şərtlərlə daha səmərəli müdafiə­si üçün milli qanunvericiliyini Avropa Şu­rasının standartlarına uyğunlaşdırmışdır. Azərbaycan təşkilatın qurumları ilə sıx əməkdaşlıq edir. 

Məktubda nəzərə çatdırılır ki, parla­ment nümayəndə heyətimizin səlahiy­yətlərinin Azərbaycanın qurumla əmək­daşlığı çərçivəsində, Avropa Şurasının insan hüquqları üzrə komissarının və Baş katibinin ölkəmizə yüksək səviyyəli səfər­lərinin, eləcə də milli azlıqların müdafiəsi üzrə Çərçivə Konvensiyasının məşvərət komitəsi ilə davam edən əməkdaşlığı fo­nunda mübahisələndirilməsi faktı iddianın əsassız, siyasi motivli və qərəz xarakterli olduğunun sübutudur. AŞPA üzvləri tərə­findən Azərbaycana qarşı irəli sürülən ittihamlar digər beynəlxalq qurumların, əsasən də bu yaxınlarda Azərbaycana səfər etmiş Avropa Şurasının təmsilçilə­rinin birbaşa müşahidələrini və gəldikləri nəticələri əks etdirmir. 

Vurğulanır ki, qeyd olunan faktları və AŞPA-nın bəzi üzvlərinin mövqeyini nəzərdən keçirdikdən sonra biz bu addımı qətiyyətlə rədd edirik. Azərbaycana qarşı qeyd olunan son dərəcə məsuliyyətsiz davranışa etiraz olaraq Azərbaycan Res­publikası Milli Məclisinin Parlament As­sambleyasında iştirakını dayandırmaq­dan başqa çarəsi qalmamışdır. Bu akt bütövlükdə Azərbaycana qarşı qərəzli və ikili standartların açıq təzahürüdür, eyni zamanda, Assambleyanın və bütövlükdə Şuranın nüfuzuna ciddi zərbədir. 

Bu münasibət Azərbaycan nümayən­də heyətinin AŞPA ilə qarşılıqlı əməkdaş­lığını qeyri-mümkün edir və bununla da müxtəlif ölkələrdən olan parlamentarilər arasında dialoq platforması kimi xidmət etmək üçün nəzərdə tutulan bu orqanın əsas məqsəd və məramını pozur. Təəs­süf ki, bu vəziyyət Avropa Şurasının böl­gəmizlə əlaqəli məsələlərdən, o cümlə­dən təşkilatın mandatı ilə birbaşa bağlı olan fəaliyyətlərdən daha da təcrid olun­masına səbəb olacaq.

Məktubun sonunda bildirilir ki, AŞPA-da müxtəlif mexanizmlərdən siya­si təzyiq vasitəsi kimi istifadə edilməsinə yönəlmiş belə tendensiya onun qərəzsiz­liyini və inklüzivliyini təhdid edir və belə davam edəcəyi təqdirdə Avropa Şurası­nın bütün fəaliyyətinin tam siyasiləşməsi və qütbləşməsi ilə nəticələnəcək.

Son xəbərlər