Əsrə bərabər 20 il
Prezident İlham Əliyevin islahatlar strategiyası miqyasına görə olduqca genişdir və təkcə iqtisadi fəaliyyətlə məhdudlaşmır, həm də mürəkkəb və sistemli xarakteri ilə diqqəti cəlb edir. Bu səbəbdən Azərbaycanın iqtisadi modelini əksər hallarda ölkənin inkişaf modeli kimi dəyərləndirirlər.
İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan nəinki dünyanın ən dinamik inkişaf edən dövləti kimi tanındı, həm də daha sürətlə dəyişən ölkə imici qazandı. Dünya təcrübəsində çox az ölkəni nümunə göstərmək olar ki, cəmi 30 illik müstəqillik tarixi ərzində belə genişmiqyaslı uğurlara imza atsın.
Müstəqilliyinin ilk illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü və 1994-cü ildən həyata keçirilən neft strategiyası sayəsində Azərbaycanın iqtisadiyyatı böhranlı postsovet dönəmindən sonra bərpa yoluna yenicə başlayırdı. 2003-cü ildən isə ölkədə yeni sosial-iqtisadi inkişaf modelinə keçidə start verildi. Bu model çərçivəsində iqtisadiyyatın şaxələndirilməsi və rəqəmsallaşdırılması, özəl sektorun rolunun gücləndirilməsi və investisiyaların cəlb olunması üçün əlverişli mühitin yaradılması, sosial problemlərin həlli üzrə sürətli addımlar atıldı.
MİLLİ PRİORİTETLƏR
Prezident İlham Əliyev 2021-ci il fevralın 2-də “Azərbaycan 2030: sosial- iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncam imzaladı. Strategiyaya uyğun olaraq, qarşıdakı onillikdə beş Milli Prioritet həyata keçirilməlidir:
– İqtisadiyyatın dayanıqlı artımının və rəqabətqabiliyyətliliyinin təmin edilməsi;
– dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin yaradılması;
– rəqabətqabiliyyətli insan kapitalı və müasir innovasiyalar;
– işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;
– təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.
İQTİSADİ YÜKSƏLİŞ
Prezident İlham Əliyevin yeni iqtisadi kursuna, bütünlüklə, strateji istiqamət verən ilk Proqram normativ-hüquqi aktı 2004-cü ilin fevralında “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004–2008-ci illər)” qəbul edilməsi oldu. Azərbaycanda yoxsulluğun səviyyəsinin azaldılması üçün Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə yoxsulluğun real səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə ailə təsərrüfatları sahiblərinin illik anketləşdirilməsi tətbiq olundu. Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və sosial-iqtisadi inkişaf üzrə 2 Dövlət Proqramı (2003–2005-ci və 2008–2015-ci illər üçün) qəbul edildi. Bunun nəticəsində son 20 il ərzində yoxsulluğun səviyyəsi, təxminən, 44,7 faizdən 5,2 faizədək azalıb.
Prezident İlham Əliyevin yeni iqtisadi kursu çərçivəsində vaxtında görülən bu və digər çoxsaylı tədbirlər sayəsində artıq 2004-cü ildə Azərbaycanda ÜDM (hələ “Azəri–Çıraq–Günəşli” yatağından böyük neftin ixracına başlanmazdan əvvəl) artaraq 10,2 faizə çatıb.
Artıq 2005-ci ildə Prezidentin apardığı unikal iqtisadi strategiya və Azərbaycan cəmiyyətinin həyatının bütün sahələrinin modernləşdirilməsi kursu sayəsində ölkə iqtisadiyyatı fenomenal inkişaf tempi – ÜDM-in 26,4 faiz artımını nümayiş etdirdi. 2006-cı ilin yekunlarına görə isə ÜDM 34,5 faiz artıb. Bu gün 2003-cü illə müqayisədə real ÜDM-in həcmi 3,6 dəfə, nominal isə 17,2 dəfə artıb.
İlham Əliyev dövlət başçısı seçildikdən dərhal sonra bütün regionların inkişafını strateji məqsəd kimi müəyyənləşdirdi. Belə ki, onun tərəfindən təsdiqlənən ümummilli əhəmiyyətli sistemli proqramlardan birincisi 2004-cü ilin fevralında start verilən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” oldu. Prezidentin ötən illər ərzində Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı üzrə dörd Dövlət Proqramı (2004–2008-ci, 2009–2013-cü, 2014–2018-ci, 2019–2023-cü illər) qəbul olunub.
Bu proqramlar çərçivəsində 100 milyard manatdan çox investisiya yatırılıb. Həmin proqramlar şəhərlərin, qəsəbələrin və kəndlərin simasını kökündən dəyişib, regionların potensialının artırılması, infrastrukturun, kommunal xidmətlərin, investisiya və biznes mühitinin yaxşılaşdırılması, eləcə də əhalinin rifahının yüksəldilməsi üçün imkanlar açıb.
Bununla yanaşı, iqtisadiyyata yatırılan investisiyalar 4 dəfə artıb – ölkəyə müxtəlif sektorlardan 318,9 milyard dollardan artıq vəsait daxil olub. Bundan başqa, həmin dövr ərzində ölkəmizin əhalisinin nominal gəlirləri 13,6 dəfə, strateji valyuta ehtiyatları isə 2003-cü illə müqayisədə 42,8 dəfə artıb. Xarici borc 9,3 faiz (2023-cü il oktyabrın 1-nə) səviyyədədir, Azərbaycanın strateji valyuta ehtiyatlarının xarici borca nisbəti 10,5 dəfə üstələyir. Göstərilən rəqəmlər Azərbaycanın iqtisadi inkişaf modelinin sabitliyindən xəbər verir və milli iqtisadiyyatın xarici şoklara adaptiv və adekvat reaksiyasının bariz nümunəsidir. Bu illər ərzində əsas diqqət özəl sektorun möhkəmləndirilməsinə, biznes mühitinin yaxşılaşdırılmasına yetirilib. Bu çərçivədə sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması istiqamətində mühüm addımlar atılıb. Təkcə sahibkarlara imtiyazlı şərtlərlə ayrılan kreditlərin həcmi 3,01 milyard manatı ötüb.
Bu gün Azərbaycan regionun aparıcı iqtisadi gücünə çevrilib. Azərbaycanın təşəbbüskarı olduğu və tərəfdaşları ilə birgə həyata keçirdiyi bir sıra irimiqyaslı layihələr təkcə bizim deyil, qonşu regionların da inkişafına mühüm töhfəsini verir. Bu layihələr arasında Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri, eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatında başlıca rol oynamaq qabiliyyətinə malik Cənub Qaz Dəhlizi kimi nəhəng layihə yer alır.
Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində məhz son 20 il ərzində Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərləri tikilib istismara verilib. Bundan başqa iki nəqliyyat meqalayihəsini – Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin tikintisini və “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində işləri xatırlatmaq lazımdır.
SOSİAL SİYASƏT
Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri əmək haqqlarının yüksəldiməsi, müxtəlif dövlət xidmətlərinə əlçatanlığın təmin edilməsi və vətəndaşlarla məmurlar arasındakı münasibətlərdə şəffaflığın artırılmasıdır. Bu məqsədlə 2019-cu ilin mayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyətə başlayan DOST (Davamlı və Operativ Sosial Təminat) Agentliyi yaradılıb. Hazırda 7 DOST mərkəzi fəaliyyət göstərir, 2025-ci ilə qədər onların sayının 17-yə çatdırılması, 55 DOST filialının açılması və beləliklə, bütün ölkə üzrə xidmətlərin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.
DOST mərkəzləri vasitəsilə tam şəffaflıq və vətəndaş məmnunluğu əsasında “bir pəncərə” prinsipi ilə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində 15 istiqamət üzrə 159 xidmət göstərilir. 2023-cü il dekabrın 1-nə olan məlumata görə, bu mərkəzlərdə 1,9 milyon nəfərə xidmət göstərilib. Vətəndaşların xidmətlərdən məmnunluq dərəcəsi 98,1 faiz təşkil edir.
BÖYÜK QAYIDIŞ
Artıq üçüncü ildir ki, Azərbaycan Qarabağ regionunun işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı dirçəliş proqramı həyata keçirir. Dağıdılmış kənd və şəhərlərin yerində qısa müddətdə “Ağıllı kənd”lərin bünövrəsi qoyuldu, 2022-ci il isə azad edilmiş Zəngilanda salınmış ilk Ağalı “Ağıllı kənd”inə qayıdışına başlanğıc ili oldu.
2022-ci il noyabrın 16-da “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edildi. 2021–2023-cü illərdə Qarabağ və Şərqi Zəngəzurda layihələrin həyata keçirilməsinə 7 milyard dollar ayrılıb, 2024-cü ildə dövlət büdcəsindən bu məqsədlər üçün minimum daha 2,4 milyard dollar vəsait yönəldiləcək. 2022-ci il iyulun 19-dan bu günədək 2 şəhərə (Laçın və Füzuli şəhərləri) və 3 kəndə (Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış və Laçın rayonunun Zabux kəndləri) 4 min 516 keçmiş məcburi köçkün qayıdıb, bu, 1134 ailə deməkdir.
Dövlət Proqramına əsasən, ilkin mərhələdə 100 yaşayış məntəqəsinin (8 şəhər, 8 qəsəbə və 84 kənd) bərpa edilməsi planlaşdırılır. İşğaldan azad edilmiş 8 şəhərin Baş planı hazırlanıb. İşğaldan azad olunmuş ərazilərdə bərpa və tikinti işlərində, dost xarici ölkələr fəal iştirak edir. Torpaqların işğaldan azad edilməsindən keçən 3 il ərzində regionda genişmiqyaslı abadlıq və tikinti işləri aparılıb:
– Füzuli və Laçın şəhərlərində, Zəngilan rayonunun Ağalı və Tərtər rayonunun Talış kəndlərində 5 məktəb binası istifadəyə verilib;
– turizmin inkişafı istiqamətində həyata keçirilən infrastruktur layihələri çərçivəsində 5 otel və konqres mərkəzi (Şuşada “Qarabağ” və “Xarıbülbül” otelləri, Şuşa Otel-Konqres Mərkəzi, Zəngilan Konqres Mərkəzi, Ağdam Konqres Mərkəzi) yenidən qurulub, bərpa edilib və istismara verilib;
– ümumi uzunluğu 2138 kilometr olan 22 yol layihəsindən 7-sinin tikintisi artıq icra olunub, uzunluğu 47,1 kilometr olan Bərdə–Ağdam və 110,4 kilometrlik Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir;
– regionun enerji təchizatı sahəsində: 330 kilovolt gücündə 1 köməkçi stansiya, 110 kilovoltluq 11 köməkçi stansiya, 14 HES istismara buraxılıb, 709 kilometr uzunluğunda 14 elektrik ötürücü xətti istifadəyə verilib, 12 hidroelektrik stansiyanın tikintisi və ya bərpası davam etdirilir.
Azad olunmuş ərazilərdə bu günədək 115 min hektardan çox sahə minalardan və partlamamış sursatlardan təmizlənib.
Hazırda Ağdam Sənaye Parkı, Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası” və Zəngilanda “DOST Aqropark” Azərbaycan–Türkiyə birgə müəssisəsi yaradılır. Ağdam Sənaye Parkında 12 müəssisə rezident və 3 müəssisə qeyri-rezident qismində qeydiyyatdan keçib.
Beləliklə, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış prosesini haqlı olaraq təkcə son 20 ildə deyil, həmçinin Azərbaycan tarixində, ümumilikdə və nəzərdə tutulmuş məqsədlər, onların dəyəri baxımından ən irimiqyaslı proqram sənədlərindən biri adlandırmaq olar.
Prezidentliyə namizədin ödənişsiz təşviqat materialı