Ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar olaraq, Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində Ağcabədi rayonunda da aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər keçirilir.
85 saylı Füzuli–Ağcabədi seçki dairəsi üzrə treninqlərdə 366 nəfər aşağı seçki komissiyası üzvünün iştirakı nəzərdə tutulur. Treninqlər MSK-nın təşkil etdiyi “Trenerlər üçün treninq” kursunda iştirak etmiş Bəyoğlan Tağıyev və Allahverdi Heydərov tərəfindən aparılır.
Aşağı seçki komissiyaları üzvləri üçün maarifləndirici treninqlər 86 saylı Ağcabədi seçki dairəsində də mütəşəkkil qaydada davam edir. Treninqlərə dairənin tərkibinə daxil olan 49 seçki məntəqəsindən 294 nəfər komissiya üzvü cəlb edilib. Təlimləri Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil edilən “Trenerlər üçün treninq” kursunda iştirak etmiş Fərahim Xudiyev və Elçin Əliyev aparırlar.
Məşğələlərdə məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, səsvermə prosesi, səslərin hesablanması, protokolun doldurulması və sair mövzularda müzakirələr aparılır və suallar cavablandırılır.
Hər bir iştirakçıya təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar da təqdim olunur.
Əliqismət BƏDƏLOV
XQ