ATƏT-in nümayəndələri Şəkidə

post-img

Növbədənkənar prezident seçkilərinə hazırlıq çərçivəsində Şəki rayonunda aşağı seçki komissiyalarının üzvləri treninqlərə cəlb olunublar. Rayondakı 114 və 115 saylı seçki dairələrində aşağı seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər davam edir. Yanvarın 17-dən başlayan treninqlərə hər iki seçki dairəsi üzrə, ümumilikdə, 630 nəfər komissiya üzvü cəlb edilib.

114 saylı Şəki şəhər seçki dairəsində keçirilən treninqlərin ilk günündə dairənin tərkibinə daxil olan 12 seçki məntəqəsi­nin 72 nəfər komissiya üzvü iştirak edib. Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil olunan treninqləri Tehran Əzizov və Elnur Mustafayev aparırlar. Təlim prosesində iştirakçılara MSK tərəfindən tərtib edilmiş xüsusi proqram və slaydla­rın köməyi ilə məntəqə seçki komissiya­sı üzvlərinin rol və vəzifələri, seçki günü prosesləri və müstəsna hallar, səslərin hesablanmasına hazırlıq, seçki bülleten­lərinin təsnifatı, səslərin hesablanması, yekun protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumatlar verilib. 

Aşağı seçki komissiyaları üzvləri üçün maarifləndirici treninqlər 115 saylı Şəki kənd seçki dairəsində də mütəşəkkil qay­dada davam etdirilir. Treninqlərə dairənin tərkibinə daxil olan 61 seçki məntəqəsinin 366 nəfər komissiya üzvü cəlb olunub.

Seçkilərin demokratik və şəffaf, insi­dentsiz keçirilməsi məntəqə seçki komis­siyaları üzvlərinin fəaliyyətindən çox ası­lıdır. Bu baxımdan komissiya üzvlərinin peşəkarlıq səviyyəsinin, bilik və bacarıq­larının artırılması vacibdir. Bu, seçki günü məntəqə üzvlərinin üzərlərinə düşən və­zifələrin layiqincə yerinə yetirilməsində mühüm rol oynayacaq.

Treninqlərin birinci günü keçirilən məşğələlərin gedişini ATƏT-in Demokra­tik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasının Danimar­ka və Moldovadan olan uzunmüddətli mü­şahidəçiləri də izləyiblər.

Dairə seçki komissiyası sədrinin söz­lərinə görə, seçicilərin ümumi sayı 54 min 442 nəfərdir. Onlardan 3673 nəfəri bu seçkilərdə ilk dəfə səs verəcək. Seçicilərin 940 nəfəri 80–100 yaş arasındadır. Dairə üzrə ən yaşlı seçici isə Cumakənddə yer­ləşən 50 saylı seçki məntəqəsində səs verəcək 1923-cü il təvəllüdlü Qasımova Gülümnaz Vahid qızıdır. Səsvermə günü Gülümnaz nənənin yaşadığı evə daşınan seçki qutusu göndəriləcək.

Əliqismət BƏDƏLOV 
XQ

 

 

Son xəbərlər