Milli QHT Forumu vətəndaşları seçki prosesində fəal iştiraka çağırıb

post-img

Qeyri-hökumət təşkilatlarının 7 fevral seçkilərini müşahidə etmələri üçün hər cür imkanlar yaradılıb. QHT-lər bu imkanlardan yararlanaraq seçkinin bütün mərhələləri üzrə müşahidələr aparırlar. Missiyamız ümumilikdə seçki mühitinin dəyərləndirilməsindən başlamış, səsvermə gününün izlənilməsinə qədər tam prosesi əhatə edir. 

XQ xəbər verir ki, bu fikirləri Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib. 

O, qeyd edib ki, rəhbərlik etdiyi qurum da müşahidə prosesində iştirak edir: “Milli QHT Forumu Azərbaycanda azad, ədalətli və mütərrəqqi seçkilərin keçirilməsinə töhfə vermək fikrindədir. İctimai sektorun fəal üzvü kimi seçki prosesində aktiv rol almağın tərəfdarıyıq. Çalışacağıq ki, bütün dairələr üzrə müşahidə həyata keçirək”.

Forum prezidenti vətəndaşları seçkilərdə fəal olmağa səsləyib: “Fevralın 7-də keçiriləcək prezident seçkisi digərlərindən fərqlənir. Bu seçkilər ilk dəfə respublikanın bütün suveren ərazisində təşkil olunacaq. Azərbaycan Milli QHT Forumu Azərbaycan vətəndaşlarını bu tarixi prosesin bir hissəsinə çevrilməyə, səsvermə günü seçkilərdə fəal iştirak etməyə çağırır”.

Qeyd edək ki, milli QHT-lər seçki prosesini izləmək üçün çoxsaylı koalisiyalar formalaşdırıblar. “Mənim səsim” Seçki Monitorinq Koalisiyası, Sivil Toplum Monitorinq Koalisiyası, Seçki Müşahidə və Təhlil Qrupu Koalisiyası və digərlərinin tərkibində QHT təmsilçiliyi təmin edilib.   

Anar ƏLİ
XQ

Son xəbərlər