“Özbəkistan–Azərbaycan” Dostluq Cəmiyyəti – 25
“Özbəkistan–Azərbaycan” Dostluq Cəmiyyəti Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti ilə birgə bu qurumun 25 illik yubileyi münasibəti ilə “Qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi yolunda” adlı yubiley konfransı keçirib.
Toplantıda dövlət və hökumət nümayəndələri, deputatlar, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) və universitetin rəhbərləri, professor-müəllim heyəti, tələbələr, ictimaiyyətin nümayəndələri, Azərbaycandan gələn qonaqlar iştirak ediblər. Onlar əvvəlcə universitetin foyesində təşkil olunan “Dostluğumuz əbədidir” adlı fotosərgi ilə tanış olublar. Sərgidə ötən illər ərzində cəmiyyətin iki ölkə arasında dostluq və əməkdaşlığın genişləndirilməsi sahəsindəki fəaliyyəti, keçirilən tədbirlər öz əksini tapıb.
Universitetin rektoru, professor Abduqafar Qırğızbayev Özbəkistan–Azərbaycan dostluğu haqqında danışıb, bu əlaqələrin bu gün strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini söyləyib. O deyib ki, dostluq cəmiyyəti iki ölkə arasında dostluğun və hərtərəfli əməkdaşlığın inkişafına böyük diqqət yetirir, AMM ilə birgə reallaşdırılan təşəbbüslərin faydalı olduğunu vurğulayıb.
Özbəkistan Mədəniyyət Nazirliyi yanında Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsinin sədri Rüstəm Qurbanov Özbəkistanda bütün millətlərin dinc yanaşı yaşadığını, öz adət və ənənələrini, mədəniyyətlərini qoruyub saxladığını və ictimai işlərdə aktiv fəaliyyət göstərdiyini qeyd edib.
AMM-nin direktoru Samir Abbasov iki ölkə arasında münasibətlərin dövlət başçılarımızın uğurlu siyasəti nəticəsində yüksək səviyyəyə çatdırıldığını qeyd edib, rəhbərlik etdiyi Mədəniyyət Mərkəzinin Dostluq Cəmiyyəti ilə sıx əməkdaşlığı nəticəsində son 10 ildə iki ölkə arasında dostluq və əməkdaşlığa dair yüzlərlə tədbir və layihənin reallaşdırıldığını bildirib.
Cəmiyyətin icraçı direktoru, professor Erkin Nuriddinov qurumun yaranma tarixindən, 25 illik fəaliyyətindən, Özbəkistan-Azərbaycan münasibətlərinin möhkəmlənməsində, elmi, ədəbi, mədəni əlaqələrin qurulmasında həyata keçirdiyi layihələrdən söz açıb.
Özbəkistan Ali Məclisinin deputatları Gülbahar Saidqaniyeva və Oydin Abdullayeva, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin dosenti Gülbahar Aşurova, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, dosent Əzizağa Nəcəfov dövlətlərimiz arasında mədəni, ədəbi, elmi əlaqələrdən söz açıb, cəmiyyətin xalqlarımız arasında dostluq və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətindən danışıblar.
Çıxışlardan sonra Samir Abbasov DC-nin rəhbəri Erkin Nuriddinova üzərində Azərbaycan və Özbəkistan prezidentlərinin portretləri olan Azərbaycan xalçası hədiyyə edib.
Tədbirdə Dostluq Cəmiyyətinin 25 illik fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib, DDPU-nun tələbələri iki qardaş ölkənin dostluq münasibətlərinə həsr olunmuş şeirlər səsləndiriblər.
Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri
Daşkənd

