Sahibkarlar KOBİA tərəfindən mükafatlandırıldı

post-img

2023-cü il üzrə “Dayaq” mükafatının sahibkarlara təqdim edilməsi üçün dekabrın 28-də İqtisadiyyat Nazirliyinin dəstəyi, KOBİA-nın təşkilatçılığı ilə tədbir keçirilib. Dövlət qurumlarının nümayəndələrinin, millət vəkillərinin, sahibkarların, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış ediblər. Çıxışlarda 2023-cü il ərzində ölkəmizdə sosial-iqtisadi sahədə, özəl bölmədə əldə olunmuş uğurlar, sahibkarların məşğulluğun təmin olunmasında rolu, növbəti illərdə iqtisadiyyat və sahibkarlıq sahəsində yeniliklər barədə məlumat verilib. 

Tədbirdə 2023-cü ildə uğur qazanmış 14 sahibkara dövlət qurumlarının rəhbər şəxsləri tərəfindən müxtəlif nominasiyalar üzrə “Dayaq” mükafatı təqdim edilib. Sahibkarlar “Uğurlu istehsalçı”, “Əlillik məhdudiyyət deyil”, “Turizm”, “Fəal xarici şirkət”, “Fəal ixracatçı şirkət”, “Təmiz ətraf mühit və yaşıl artım”, “Uğurlu fermer”, “Made in Azerbaijan” brendi altında fəal marketinq fəaliyyəti, “Gənc sahibkar”, “Uğurlu qadın sahibkar”, “Yaradıcılıq sənayesinin təşviqində uğurlu biznes”, “Uşaqların uğurlu biznes təhsili layihəsi”, işğaldan azad edilmiş ərazilərdə uğurlu biznes fəaliyyəti nominasiyaları üzrə mükafatlandırılıblar.

Həmçinin KOBİA tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Qarabağ KOB-larının səmərəli dəstəklənməsi”, Dövlət Gömrük Komitəsi isə “G2B xidmətlərinin səmərəli təşkili” nominasiyaları üzrə mükafata layiq görülüblər.

Tədbir çərçivəsində KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə layihələrinin maliyyələşdirilməsi məqsədilə KOBİA tərəfindən elan edilmiş 4-cü qrant müsabiqəsinin 19 qalibinə qrant mükafatları təqdim olunub. 

Tədbir mədəni proqramla başa çatıb. 

Anar ƏLİ
XQ

Son xəbərlər