Özbəkistanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə tədbir keçirilib

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib. 

Tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin, AMM-nin əməkdaşları, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbərliyi, ölkıənin elm, mədəniyyət, incəsənət xadimləri, təhsil sahəsinin nümayəndələri, paytaxtda yaşayan soydaşlarımız, ali məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak edib.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında məlumat verib. 

Səfir qeyd edib ki, 1991-ci il dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin birinci iclasında bu qurumun rəhbəri Heydər Əliyevin Qərarı ilə dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilib. 

Hüseyn Quliyev soydaşlarımızın həmrəyliyi və onların azərbaycançılıq ideyası ətrafında birləşdirilməsi ideyasının Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında ən böyük tarixi xidmətlərindən biri olduğunu qeyd edib. 

Səfir yola saldığımız 2023-cü ilin Azərbaycan-Özbəkistan münasibətləri üçün uğurlu olduğunu, ötən ildə ölkə başçılarının qarşılıqlı səfərlərinin reallaşdığını, dövlətlərimiz arasındakı münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayıb. 

Sonra Azərbaycan-Özbəkistan münasibətlərinin möhkəmlənməsində xidmətləri olan bir qrup incəsənət xadiminə və jurnalistə  fəxri diplom və xüsusi Statuet təqdim olunub. 

Bayram konsertdə soydaşımız Rəna Əzizova, habelə Davron Kadırov Azərbaycan və özbək mahnılarını, tanınmış saz ustası İlham Abdullayev qədim aşıq havalarını, AMM-nin nəzdindəki “Azərbaycan” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər. 

Qulu Kəngərli 

XQ-nin xüsusi müxbiri

Daşkənd

 









Mədəniyyət