“Yaşıl enerji”dən “Sıfır emissiya”ya doğru

post-img

Britaniya ekspertləri Azərbaycanın bu yöndə uğurlarını yüksək qiymətləndirirlər

Londondakı Kings Kollec Universitetində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il Azərbaycanda keçiriləcəyinə həsr olunan müzakirələr təşkil edilib. Bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, Britaniyada nəşr olunan “Diplomat”  jurnalı, Siyasət İnstitutu və Sıfır Emissiya Missiyası üzrə Koalisiyanın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə bu ölkənin tanınmış siyasətçiləri və iqlim sahəsində aparıcı ekspertləri, o cümlədən keçmiş Baş nazir Tereza Mey, Enerji Təhlükəsizliyi və Sıfır Emissiya üzrə Kölgə naziri Ed Miliband, Britaniyanın keçmiş Biznes, Enerji və Sənaye naziri Kris Skidmor, Londondakı diplomatik korpus nümayəndələri, akademik dairələr iştirak ediblər.

Açılışda çıxış edən Tereza Mey “yaşıl enerji”nin ekoloji və iqtisadi faydalarından bəhs edib və ölkəsinin sıfır emissiya məqsədi istiqamətində gördüyü işlər və planlarından söhbət açıb. Xanım Mey ölkələri COP28-də qəbul olunmuş qərarları vaxt itirmədən icra etməyə çağırıb.

Tədbir çərçivəsində “Gələcək COP tədbirləri üçün ambisiyalar nələrdən ibarət olmalıdır?” mövzusunda paneldə çıxış edən Azərbaycan Respublikasının Britaniyadakı səfiri Elin Süleymanov bildirib ki, Azərbaycanın COP29-a evsahibliyi etməklə bağlı namizədliyini Şərqi Avropa qrupundakı digər ölkələrlə yanaşı, Ermənistanın da dəstəkləməsi tarixi bir hadisədir. Bunun iki ölkə arasında birbaşa ikitərəfli danışıqlar nəticəsində mümkün olduğuna vurğu verən E.Süleymanov  “yaşıl enerji”yə keçidlə bağlı səylərin regionda davamlı sülhə də töhfə verməsinin sevindirici olduğunu əlavə edib. O qeyd edib ki, Ermənistan da daxil olmaqla Şərqi Avropa qrupuna daxil olan bütün ölkələrin yekdilliklə Azərbaycanın namizədliyini dəstəkləməsi ölkəmizə göstərilən etimadın nəticəsidir.  

XQ

 

Son xəbərlər