BMT Baş katibinin sözçüsü Stefan Dujarrik mediaya müsahibəsində 2024-cü ildə Bakının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) evsahibliyi edəcəyi ilə bağlı fikirlərini bölüşüb. İqlim dəyişikliyi istiqamətində həyata keçirilən tədbirlərdə Azərbaycanın rolunu yüksək dəyərləndirən BMT Baş katibinin sözçüsü deyib:
–Son bir neçə həftə ərzində növbəti COP29-un harada keçiriləcəyi ilə bağlı çoxlu narahatlıq və gərginliklər vardı. Hesab edirəm ki, COP29-un Azərbaycanda keçirilməsi əlamətdar hadisədir və çox böyük əhəmiyyət kəsb edir. Bunun BMT üçün də çox böyük əhəmiyyəti var. Bir faktı xüsusilə qeyd etmək istərdim ki, biz ötən həftələrdə Azərbaycanın Ermənistanla razılaşma əldə etməsini, əsirlərin mübadiləsinin şahidi olduq ki, bu da müəyyən mənada münasibətlərin normallaşması və gərginliyin azalmasına gətirib çıxardı və eyni zamanda, Azərbaycanın səriştəli və aydın siyasətli bir ölkə kimi COP29-a ev sahibliyi etmək üçün rəsmi namizəd olmasına imkan verdi.
Biz Ermənistanın COP29-un evsahibliyinə namizədlikdə Azərbaycanı dəstəklədiyini də gördük. Beləliklə, bu, gərginliyin azalmasının əlamətidir. Bu gün dünyanın bir çox yerində münaqişələr davam edir, yeni ocaqların alovlandığı (Sudan, Qayana və Venesuela) və çox çətin vəziyyətlərin olduğu bir dünyada yaşayırıq. Düşünürəm ki, ölkələr nəhayət münaqişələrin, gərginliklərin və problemlərin həllində yeganə yolun silahlarla deyil, dialoq yolu ilə olduğunu başa düşə biləcəklərini göstərə bilərlər.
Biz növbəti COP29 üçün önümüzdə sülhün və aydınlığın olduğunu görməkdən çox şadıq. Bildiyiniz kimi, iqlim dəyişikliyi hamımızın üzləşdiyi əsas qlobal problemdir və Qafqaz və Mərkəzi Asiya ölkələri də iqlim dəyişikliyindən əziyyət çəkib və çəkməkdə davam edir. Ona görə də biz Azərbaycanın COP29-a sədrliyini çox səbirsizliklə gözləyirik. İqlim dəyişikliyi ilə mübarizə Baş katibin, həqiqətən, ürəkdən davam etdirdiyi mübarizədir və düşünürəm ki, heç bir dünya lideri bu məsələdə onun qədər daha açıq və ciddi olmayıb. Baş katib bu mübarizəni davam etdirəcək və o növbəti dəfə Azərbaycan Prezidenti ilə əməkdaşlığı səbirsizliklə gözləyir. Bəli, heç şübhəsiz ki, Baş katib özü də COP29-da Azərbaycanda olacaq. Ümid edirəm ki, mən də onunla gedəcəm və Azərbaycanı görəcəm. Mən bunu səbirsizliklə gözləyirəm.
XQ