Azərbaycan və Türkiyə XİN başçıları hərtərəfli əməkdaşlığı müzakirə ediblər

post-img

Dekabrın 14-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə rəsmi səfəri çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər arasında keçirilən təkbətək görüş daha sonra hər iki tərəfin nü­mayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Geniştərkibli görüşdə iki ölkə ara­sında ikitərəfli, regional və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri, bölgədəki cari vəziyyət, habelə işğal­dan azad edilmiş ərazilərdə həyata ke­çirilən bərpa-quruculuq işləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə 2023-cü ildə Azərbaycan­da Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinin, qardaş Türkiyədə isə Cüm­huriyyətin 100 illik yubileyinin qeyd edil­məsi fonunda iki ölkə arasında bütün səviyyələrdə təmaslarımızın daha in­tensiv, daha məhsuldar xarakter aldığı vurğulanıb.

Çoxşaxəli və zəngin Azərbay­can-Türkiyə strateji müttəfiqlik gündəli­yinin cari vəziyyətindən məmnunluq ifa­də edilib, siyasi, iqtisadi, ticarət, hərbi, müdafiə sənayesi, enerji təhlükəsizliyi, investisiyalar, humanitar, təhsil, mədə­niyyət və digər sahələr üzrə münasibət­lərin tarixi yüksəliş mərhələsində oldu­ğu bildirilərək, Şuşa Bəyannaməsinin bu xüsusda mühüm zəmin olduğu qeyd olunub.

Habelə beynəlxalq və regional təş­kilatlar çərçivəsində qarşılıqlı faydalı tərəfdaşlığın nümunəvi xarakter daşı­dığı diqqətə çatdırılıb. Çoxtərəfli plat­formalarda, o cümlədən BMT və onun təsisatları, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Mərkəzi Asiya ölkələri ilə üçtərəfli və dördtərəfli formatlar çərçivəsində birgə tədbirlə­rin intensivliyinin artırılmasının, yeni çoxtərəfli təşəbbüslərin irəli sürülməsi­nin əhəmiyyətindən söz açılıb.

Nazirlər, həmçinin bölgəmizdə sa­bitliyin qorunmasında Azərbaycan-Tür­kiyə müttəfiqlik münasibətlərinin vacib roluna toxunub, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə bu gün bölgədə tarixi məqa­mın yarandığını, dövlətlərin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanın­masının və bu kimi təməl prinsiplərə hörmətlə yanaşılmasının bölgədəki davamlı sülh, sabitlik və firavanlığa aparan yeganə yol olduğunu bir daha bəyan ediblər.

Görüşdə nazir Ceyhun Bayramov həmkarını Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan ge­nişmiqyaslı bərpa və quruculuq işləri, Ermənistanın 30 illik işğalı nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş vətəndaşlarımızın geri qayı­dış prosesi, habelə Azərbaycan Ermə­nistan arasında etimad quruculuğu is­tiqamətində atılan son addımlar barədə məlumatlandırıb. 

Nazir işğaldan azad edilmiş əra­zilərdə fəaliyyətlərində Türkiyə tərəfinin aktiv iştirakının yüksək qiymətləndirildi­yini vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli, regional və bey­nəlxalq məsələlər ətrafında fikir müba­diləsi aparılıb.

***

Daha sonra nazirlərin iştirakı ilə ke­çirilmiş mətbuat brifinqində görüşün nə­ticələrinə dair bəyanatlar səsləndirilib, jurnalistlərin sualları cavablandırılıb.

XQ

Son xəbərlər