"Rusiyaya yumurta ixracı ilə yanaşı, yerli istehsal da artırılmalıdır" - AÇIQLAMA

post-img

Azərbaycandan Rusiyaya toyuq yumurtasının ilk tədarükü bu həftənin sonuna qədər gözlənilir.

Rusiya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətinin məlumatında deyilir ki, daxili bazarı təmin etmək məqsədilə operativ tədbir çərçivəsində toyuq yumurtası ilə bağlı idxal rüsumlarının sıfıra endirilməsi barədə qərar qəbul edilib və bu məhsulun tədarükünün artırılması istiqamətində dost ölkələrlə də danışıqlar aparılır. Azərbaycandan ilk tədarüklər bu həftənin sonuna gözlənilir. Nəticədə növbəti ayda qiymət dinamikasının sabitləşəcəyi proqnozlaşdırılır.

Rusiya KTN-in məlumatına əsasən, 2023-cü ilin 10 ayının yekunlarına görə, ölkədə yumurta istehsalı 2,3 faiz artaraq 31,74 milyard ədəd təşkil edib.

Məsələ ilə bağlı “Xalq qəzetinə açıqlama verən iqtisadçı-ekspert Eldəniz Əmirov bildirdi ki, Rusiyaya yumurta ixracının artırılması Azərbaycan bazarlarında tələbatın ödənilməsi ilə bağlı müəyyən problemlər yarada bilər. 

Ekspert bunun qarşısı almaq üçün təklif edir ki, Rusiyaya yumurta ixracı ilə yanaşı, yerli istehsal da artırılmalıdır. 

“Yumurta ölkəmizdə qida məhsulları arasında ən yaxşı istehsal olunanlardandır. Yumurta istehsalı daxili tələbatımızı tam ödəyə bilir. Biz heç bir ölkədən yumurta almırıq. Qalıq hissənin xaricə ixracı problem yaratmaz, lakin istehsal artırılmalıdır. Bunun üçün yeni təsərrüfat subyektləri yaradılmalı, mövcud olanlar genişləndirilməlidir”, - deyə E.Əmirov fikirlərini yekunlaşdırıb. . 

Rizvan FİKRƏTOĞLU,
Şahanə XANKİŞİYEVA
XQ

Son xəbərlər