Hacıqabulda “Narkomaniyaya yox” deyildi

post-img

Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayondakı Mədəniyyət Mərkəzində 400-dən artıq yuxarı sinif şagirdinin iştirakı ilə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Məlumatı DİN Mətbuat Xidməti verib.  

Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Görüşdə çıxış edən RPŞ rəisi, polis polkovnik-leytenantı Anar Xəlilov bütün dünyanın ən ağrılı probleminə çevrilən və “Ağ ölüm” adlandırılan narkotik vasitələrin cəmiyyətimiz üçün yaratdığı fəsadlar barədə məlumat verib, bu bəlanın gənclərin həyatında yaratdığı problemlər, zərərli maddələrin geniş yayılmasının qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən aparılan qətiyyətli tədbirlərdən danışıb.

Tədbirdə “Erkən nikah və onun fəsadları” mövzusuna da toxunulub. Çıxış edən rəis A.Xəlilov, eləcə də digər iştirakçılar yeniyetmələrin, xüsusilə qızların erkən yaşlarda ailə qurmasının risklər yaratdığını qeyd edərək, övladlarımızın milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyümələrinin vacibliyindən, gələcəyin yüksək ixtisaslı, müasir biliklərə yiyələnmiş mütəxəssislər kimi yetişmələrinin önəmindən danışıblar.

Görüşdə şagirdlərə ölkəmizdə sabitliyin və asayişin təmin olunmasında polis əməkdaşlarının fədakar xidmətindən bəhs edilib, daxili işlər orqanlarında xidmət etmək həvəsində olan şagirdlərə Polis Akademiyasının tarixi və bu təhsil ocağına kursant qəbulu qaydaları, eləcə də müdavimlər üçün yaradılan şərait, kitabxanalar, laboratoriyalar haqqında geniş məlumatlar verilib.

Tədbir zamanı narkotiklərin zərərlərindən bəhs edən film nümayiş etdirilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

P.ƏMİRCANOV

XQ



Son xəbərlər