Nazim Hikmət irsi Türkiyəyə qayıdır

post-img

Görkəmli tədqiqatçı-alim, Türkiyənin Ərzincan Universitetinin professoru Əli Kafqasiyalının “Böyük türk şairi Nazim Hikmət və Türk Dünyası” kitabı çapdan çıxıb. Dövrünün böyük pоеziya nümunələrini yaradan Nazim Hikmətin həyat və yaradıcılığına həsr olunan 630 səhifəlik yeni kitab “Nobel yayıncılık” nəşriyyatı tərəfindən nəşr edilib. 

Əsərdə böyük türk şairi təkrar­sız pоеtik şəхsiyyət, ictimai хadim, mütəfəkkir kimi təqdim edilir. Yaradıcı­lığı ilə müasir türk ədəbiyyatına güclü təsir göstərmiş Nazim Hikmət Türk po­eziyasına sərbəst şer vəznini gətirmiş, əsərləri dünya xalqlarının dilinə tər­cümə olunmuş, pyesləri bir sıra ölkələr­də tamaşaya qoyulmuşdur.

Nazim Hikmət Azərbaycan xalqının və ədəbiyyatının da yaxın dostu idi. Dəfələrlə Bakıda olmuş, Azərbaycan şair və yazıçılarının bir çoxu ilə yaxın­dan dostluq etmiş, onlarla yaradıcılıq əlaqəsi saxlamışdır. Azərbaycana həsr olunmuş şeirləri, Azərbaycan mədəniy­yətinə dair məqalə və xatirələri vardır. Məşhur ədəbiyyatşünas Əli Sultanlı şairi "Türk şeirinin Prometeyi" adlandır­mışdır. Tanınmış Türk ədibi və jurna­listi Zəkəriyyə Sertelin "Mavi gözlü dev" adlandırdığı şairi "Nazim Hikmətov", "Kommunist Don Kixot" adlandıranlar da olubdur. 

Şeirləri qadağan edilən və həyatı bo­yunca yazdıqlarına görə 28 il həbs cəza­sı almış Nazim Hikmət İstanbul, Ankara, Çankırı və 12 il Bursa həbsxanalarında həbsdə qalıb. Dünyanın 50-yə qədər di­linə tərcümə olunan Hikmət poeziyası Türkiyədə qadağan edilib, baxışlarına görə Türkiyə vətəndaşlığından məhrum edilib, amma ölümündən 46 il sonra Tür­kiyə dövlətinin 5 yanvar 2009-cu il tarixli qərarı ilə bəraət alıb. 1951-ci ildən SS­Rİ-də yaşayan Nazim Hikmət 1963-cü il iyunun 3-də Moskva şəhərində ürək tut­masından vəfat etmiş və “Novo Deviçye” qəbiristanlığında dəfn olunmuşdur.

İndi XXI əsrdir, 2023-cu ili yola sal­maqdayıq. Unudulan və yaddan çıxan çox şeylər var. Çoxsaylı əsərləri və elmi tədqiqatları ilə Azərbaycan oxucuları­nın da diqqətində olan Əli Kafkasiya­lı böyük şairi “Böyük türk şairi Nazim Hikmət və Türk Dünyası” kitabı ilə ye­nidən gündəmə gətirdi. Qeyd edək ki, “Bu əsər ideyaları, əsərləri, xidmətləri və bütün yaradıcılığı ilə özünü həsr et­diyi böyük türk xalqının əsərinə çevrilən Nazım Hikmət haqqındadır” deyə pro­fessor Savaş Kafkasiyalının ön sözü ilə təqdim olunan əsər Əli Kafkasiyalı­nın “Səməd Vürğun: bir milli şairə dair” əsərindən sonra bu il nəşr edilən ikinci kitabıdır.

XQ

Mədəniyyət