Şəkidəki Heydər Əliyev Mərkəzində Vətən müharibəsində qazanılan tarixi Qələbəyə həsr olunan tədbir keçirilib və “Zəfərə gedən yol” adlı qısametrajlı filmin təqdimatı olub.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin qəhrəmanlığından bəhs edib. Bildirilib ki, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir. Prezident, Ali Baş Komandan İlham Əliyev işğal altındakı torpaqları azad etməklə həm də ata vəsiyyətini yerinə yetirib.
Sonra “Urfansoy Film” studiyası tərəfindən çəkilən “Zəfərə gedən yol” adlı qısametrajlı film nümayiş etdirilib. Filmdən sonra çıxış edənlər yaradıcı heyəti növbəti uğurları münasibətilə təbrik ediblər, filmin ərsəyə gəlməsində xidməti olan hər kəsə təşəkkür ediblər. Qeyd olunub ki, bu cür filmlərin gənclərin vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyəti var.
Ə.DOSTƏLİ
XQ

