Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində Azərbaycan peşəkar Milli teatrının 150 illik yubileyinə həsr olunmuş Xalq Teatrları Festivalının mükafatlandırma mərasimi keçirilib.
Festivalın keçirilməsində məqsəd xalq yaradıcılığının inkişafı, mədəniyyət müəssisələrində fəaliyyət göstərən xalq teatrlarının və dram dərnəklərinin işinin daha da səmərəli təşkili, özfəaliyyət teatr kollektivlərinə gənclərin cəlb edilməsidir.
Münsiflər heyətinin qərarına əsasən, H.Sarabski adına Mədəniyyət evinin Xalq teatrının təqdim etdiyi “Cənnətə bilet” tamaşası 1-ci, H.Abbasov adına Mədəniyyət Mərkəzinin “Günəşim” özfəaliyyət dram dərnəyinin təqdim etdiyi “Tıq-tıq xanım və dostları” tamaşası 2-ci, H.Abbasov adına Mədəniyyət Mərkəzinin Xalq teatrının təqdim etdiyi “Cənnət sakinləri” və Badamdar qəsəbə Mədəniyyət evi Xalq teatrının təqdim etdiyi “Zorən nigah” tamaşaları 3-cü yerə layiq görülüb. Digər Xalq teatr kollektivləri isə “Ən yaxşı kişi rolu”, “Ən yaxşı qadın rolu”, “Ən yaxşı rejissor işi”, “Ən yaxşı musiqi tərtibatı”, “Ən yaxşı aktyor ansamblı” nominasiyaları üzrə fəxri fərmanlara və münsiflər heyətinin xüsusi diplomlarına layiq görülüblər.
Ə.DOSTƏLİ
XQ

