Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında iştirak etmək məqsədilə Ankara şəhərinə işgüzar səfərə gedib.
TDT-yə üzv Dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında açılış nitqi ilə çıxış edən Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahin, Ali Məhkəmənin sədri Mehmet Akarca, ədliyyə naziri Yılmaz Tunç, TDT-nin Baş katibi Kubaniçbek Ömüralıyev və Ağsaqqal Şurasının sədri Binəli Yıldırım iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətini vurğulayıb.
Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Türk dövlətləri Təşkilatına üzv Dövlətlərdə qanunçuluğun və hüquq qaydasının təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığın bütün formalarına qarşı mübarizə sahəsində səylərin birləşdirilməsinə və qarşılıqlı əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə mühüm töhfə verəcəyini bildirib. TDT Baş Prokurorları Şurasının 2-ci toplantısının Türkiyənin qurulmasının 100 illiyi ərəfəsində keçirilməsinin xüsusi əhəmiyyəti qeyd edilib.
İclasın sonunda Ankara bəyanatı qəbul edilib, növbəti iclasın Qırğızıstanda keçirilməsi qərara alınıb.
Baş Prokurorluğun nümayəndə heyətinin Türkiyəyə işgüzar səfəri davam edir.
XQ

