YAP Kəlbəcər rayon təşkilatı Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə bağlı “Qalib xalqın müzəffər Prezidenti İlham Əliyev” mövzusunda konfrans keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Mərkəzin qarşısında yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Gəncə şəhər Heydər Əliyev Mərkəzində davam edən konfransda iştirakçılar Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Konfransda Kəlbəcər Rayon İcra Hakimiyyətinin rəhbərliyi, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə-müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, ərazi partiya təşkilatının sədrləri və YAP fəalları iştirak ediblər.
Tədbirin moderatoru Həbib Misirov bildirib ki, 2003-cü il oktyabrın 15-də İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 20 ili tamam olur və dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən uzaqgörən daxili və xarici siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarıb.
Konfransda Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev çıxış edərək bildirib ki, müstəqil Azərbaycan dövlətçiliyi 20 ildir böyük uğurlara imza atır. Seçildiyi ilk gündən Prezident İlham Əliyevin Azərbaycan Respublikasının müdafiə qüdrətinin artırılması istiqamətində ardıcıl olaraq həyata keçirdiyi davamlı və məqsədyönlü siyasət Qarabağda böyük Qələbəyə aparan yolun ən mühüm amillərindəndir.
Konfransda Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Əliyevin atası Vaqif Əliyev, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin Kəlbəcər rayonu üzrə sektor müdiri Musa Məmmədov, Kəlbəcər rayon 99 saylı tam orta məktəbin direktoru İsmət Nəcəfov, Kəlbəcər rayon 109 saylı tam orta məktəbin müəlliməsi Çinarə Eyvazova və digər çıxış edənlər bildiriblər ki, İlham Əliyevin Prezident seçildiyi 20 il ərzində xalqa verdiyi bütün vədləri yerinə yetirib. Diqqətə çatdırılıb ki, Ali Baş Komandan İlham Əliyevin siyasəti, Müzəffər Ordumuzun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı ilə 2020-ci il sentyabrın 27-də 30 illik Qarabağ həsrətinə cəmi 44 gün ərzində son qoyuldu. Bu Qələbəmizlə bir daha dünyaya sübut etdik ki, Azərbaycan xalqı qəhrəman, məğrur xalqdır və həmişə qalib xalq olaraq Müzəffər Ali Baş Komandan, qalib Lider İlham Əliyevə inanır, onun daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətini dəstəkləyir.