Güclü gənc nəsil – Xalqımızın qürur yeri

post-img

Azərbaycanda idman sahəsində əldə edilən böyük uğurların təməlində dövlət siyasəti dayanır. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu sahə dinamik inkişaf edir. 

Bu sözləri “XQ”ya açıqlamasında Azərbaycan Alpaqut Federasiyasının birinci vitse-prezidenti Nuranə Şıxəliyeva İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə bağlı danışarkən deyib.  

O qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib. İdmanda qazanılan böyük nailiyyətlər Azərbaycanın sürətli inkişafı ilə paralellik təşkil edir: “Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasət 1997-ci ildə yeni inkişaf mərhələsinə qədəm qoydu. Məhz həmin il İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ölkəmizdə Olimpiya hərəkatının sürətləndirilməsinə və idmanın inkişafına geniş imkanlar yaratdı. 2003-cü ildə keçirilən prezident seçkilərində İlham Əliyevin dövlətimizin başçısı seçilməsi ilə bütün sahələrdə olduğu kimi, idmanın da tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin ən qabaqcıl üzvünə çevrilməsi istiqamətində ciddi tədbirlər görüldü. Bu gün ölkəmizin gənclər siyasətində idmanın kütləviliyinin artırılması, onun inkişaf etdirilməsi xüsusən diqqət mərkəzindədir”. 

Respublikamızın ən ucqar bölgələrində belə Olimpiya İdman komplekslərinin, müxtəlif təyinatlı idman qurğularının fəaliyyət göstərdiyini, böyükdən-kiçiyə hamının idmanla məşğul olması üçün geniş imkanlar yaradıldığını bildirən federasiya rəsmisi qeyd edib ki, ölkəmizdə idmanla bağlı tədbirlərin əsas məqsədi insanların sağlamlığını təmin etməkdir. 

Prezident İlham Əliyev siyasətinin mərkəzində insan amili dayanır. İdmanın kütləviliyinin təmin edilməsi xalqımızın sağlamlığının qorunmasına, gənc nəslin həm fiziki cəhətdən, həm mənəvi baxımdan sağlam yetişməsinə xidmət edir. Çünki fiziki cəhətdən güclü insanda özünə əminlik var. Hərtərəfli sağlam, güclü insan heç vaxt özündən zəifə qarşı zor tətbiq etmir. Lazım gəldikdə özünü, yaxınlarını, Vətənini qoruyur.

“Biz bunun gözəl nümunəsini Vətən uğrunda düşmənə qarşı böyük inamla və sağlam şəkildə mübarizə aparan xalqımızın oğul və qızlarının timsalında aydın gördük. Bəli, Azərbaycanda çox güclü, fiziki və mənəvi cəhətdən sağlam, özünə əmin, mətin gənclər yetişib. Azərbaycan gəncliyinin Vətənə, milli-mənəvi dəyərlərimizə bağlı olması xalqımızın və dövlətimizin böyük üstünlüyüdür. Uzun illər düşmən işğalı altında qalan doğma torpaqlarımızı azad etmiş vətənpərvər nəsillə bu gün qürur duyuruq. Bu nəsil ümummilli lider Heydər Əliyev məktəbinin, müdrik lider, qalib sərkərdə İlham Əliyev idarəçiliyinin yetirmələridir”, – deyə Nuranə Şıxəliyeva əlavə edib. 

Leyla QURBANOVA

XQ

 

 



Siyasət