MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinin Bakı görüşü

post-img

Oktyabrın 11-də Bakı şəhərində MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları rəhbərləri Şurasının (SORB) 53-cü iclası keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Fəxri xi­yabanda müasir Azərbaycanın banisi və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edərək önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər. 

DTX-nin rəisi general-polkovnik Əli Nağıyev giriş nitqində qonaqları Azərbay­canda salamlamaqdan məmnun olduğu­nu bildirib, tədbirin Bakı şəhərində keçi­rilməsinin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Xidmət rəisi SORB-un Belarusun Minsk şəhərində keçirilən son iclasından ötən qısa zaman ərzində dün­yada təhlükəsizlik və geosiyasi cəhətdən bir sıra köklü dəyişikliklərin baş verdiyini, bəzi ölkələrdə yeni münaqişə ocaqları­nın yarandığını, beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, dini ekstremizm, narkotik vasitələrin qanun­suz dövriyyəsi hallarının artdığını və bu vəziyyətin ölkələrdə əməliyyat şəraitini xeyli mürəkkəbləşdirdiyini qeyd edib, tədbirin göstərilən istiqamətlərdə təcrübə və fikir mübadiləsi aparmağa, MDB döv­lətlərinin mənfi təzahürlərə qarşı birgə mübarizə üsullarını və koordinasiyalı iş mexanizmini daha da təkmilləşdirməyə, gələcək fəaliyyətin konturlarını cızmağa əlavə imkanlar yaradacağına, mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələ­rinin yeni mərhələyə yüksələcəyinə inan­dığını deyib. Əli Nağıyev iclasın gündəli­yində həlli vacib məsələlərin durduğunu, tədbir çərçivəsində dövlətlərin təhlükəsiz­liyi baxımından mühüm qərarların qəbul ediləcəyinə, ümumilikdə iclasın məhsul­dar keçəcəyinə ümidvar olduğunu bildirib.

Respublikamızda təhlükəsizliyə və sabitliyə əsas təhdidlərdən sayılan, Azərbaycanın Qarabağ bölgəsində fəa­liyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirilmiş antiterror tədbirləri barədə məlumat verən general-polkovnik Əli Nağıyev bil­dirmişdir ki, həmin cinayətkar birliklərin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bə­yanatın ziddinə olaraq ərazilərimizdən çıxmaması, son zamanlar onlar tərə­findən yaşayış məntəqələrinin və kom­munikasiyaların davamlı minalanması, ordumuzun mövqelərinin fasiləsiz atəş altında saxlanılması, mülki vətəndaşların və polis əməkdaşlarının həlak olması ilə nəticələnən terror aktlarının törədilməsi qısamüddətli antiterror tədbirlərinin ke­çirilməsini zəruri və təxirəsalınmaz edib, bununla da Azərbaycan Respublikası öz suverenliyini bərpa edib.

Sonra iclas birlik ölkələrinin təh­lükəsizlik məsələləri üzrə, o cümlədən MDB məkanında sabitliyin pozulması­na yönələn destruktiv fəaliyyətə və yeni çağırışlara qarşı səylər birləşdirilməklə birgə mübarizəyə dair digər iştirakçıların çıxışları və qarşılıqlı müzakirələrlə davam etmiş, yekun sənədlərin imzalanması ilə başa çatıb.

Xatırladaq ki, tədbirdə Xarici Kəş­fiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov və MDB ölkələrinin mü­vafiq orqanlarının rəhbərləri iştirak edib­lər.

XQ

Son xəbərlər