“Azərbaycanı ədalətli mövqeyindən heç bir qüvvə döndərə bilməz”

post-img

Milli Məclisdə Avropa Parlamenti kəskin tənqid olundu

Dünən Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2023- cü il payız sessiyasının növbəti plenar iclası keçirildi. Parlamentin Sədri gündəliyə 18 məsələnin çıxarıldığını bildirdi. İlk olaraq, oktryabrın 5-də Avropa Parlamentinin ölkəmiz haqqında qəbul etdityi qərəzli qətnamə müzakirə olundu. S.Qafarova dedi ki, Avropa Parlamentində Azərbaycanı hədəf alan çirkin siyasi aksiya təşkil olunmuş və ölkəmizə qarşı böhtanlar üzərində qurulan qərəzli qətnamə qəbul edilmişdi. 

S.Qafarovanın qeyd etdiyi kimi, belə bir qeyri-obyektiv sənədin ortaya çıxması onu göstərir ki, Avropa Parla­mentində bəzi qüvvələr Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri, Qarabağ bölgəsində suverenliyimizin tam bərpa olunması, münaqişənin ta­rixə qovuşması ilə heç cür barışa bil­mirlər. İşğal dövründə mövcud olmuş və artıq özünü buraxmış qondarma qurumun dəstəklənməsi separatizmə rəvac verməyə yönəlmişdir. Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasi­yası üçün dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərin görməzliyə vurul­ması Avropa Parlamentinin ikili stan­dartlardan əl çəkə bilmədiyini göstərir. Azərbaycanın etnik təmizləmədə itti­ham edilməsi isə siyasi məsuliyyətsizli­yin ən bariz nümunəsidir.

Bu qətnamənin, əsasən, fransalı deputatların təşəbbüsü ilə hazırlanma­sı və müzakirəyə çıxarılması diqqətə çatdırıldı. Fransa bu gün bütün dəyər­ləri bir kənara qoyaraq, açıq-aşkar təcavüzkar Ermənistan dövlətinin ya­nında yer alıb. Həm Fransada, həm də bəzi digər ölkələrdə və təşkilatlar­da Azərbaycanın uğurlarını həzm edə bilməyən qüvvələr bilsinlər ki, onların bütün cəhdləri əbəsdir. Haqq-ədalət Azərbaycanın tərəfindədir. Azərbaycan güclü dövlətdir və xalqımızı yenidən fəlakətə sürükləmək istəyən qüvvələrin qarşısını almağa qadirdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi kimi, “uzaqda, Avropada yerləşən “er­məni cəfakeşləri” bilsinlər – nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik”.

Sonra deputatlar Avropa Parlamen­tinin qərəzli və böhtanla dolu qətnamə­sindən söhbət açdılar. Qeyd olundu ki, heç kim Azərbaycanı suverenliyini tam bərpa etməsi yolundan döndərə bil­məz. Ölkəmizə qarşı hər zaman qərəz­li mövqe nümayiş etdirən Avropa Par­lamentinin növbəti qərəzli qətnaməsi həm də islamofob xarakteri daşıyır. Adətən, Fransa başda olmaqla ermə­nipərəst qüvvələrin müstəmləkəçilik siyasəti iflasa uğrayandan sonra bu qəbildən qətnamələr qəbul edilir.

Avropa Parlamentinin belə siyasət yürütməsindən təəssüflənən deputat­lar bildirdilər ki, bu qurumun qəbul et­diyi qətnamə və qərarların Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. Avro­pa Parlamentinin qərəzli qətnaməsi onun fəaliyyətini və varlığını şübhə al­tına qoyur. Fransa başda olmaqla, bir sıra ölkələr Azərbaycanın öz suveren ərazilərini tam bərpa etməsi ilə barışa bilmirlər. Bu, onların problemidir. Azər­baycanı ədalətli mövqeyindən heç bir qüvvə döndərə bilməz.

Milli Məclis Avropa Parlamentinin ölkəmizlə bağlı qərəzli qətnaməsinə cavab olaraq bəyanat qəbul etdi.

Sonra gündəlikdəki digər məsələlə­rinin müzakirəsi başlandı. 

“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında qanun layihəsini Milli Məclis Sədrinin birin­ci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hü­seynli təqdim etdi. Dəyişikliyə əsasən, Azərbaycan Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası diploma­tik nümayəndəliklərinin təsis edilməsi, inzibati ərazi bölgüsü, dövlət təltifləri barədə qanun layihələrinə Milli Məclis­də bir oxunuşda baxılacaq.

“Qiymətləndirmə fəaliyyəti haqqın­da” qanun layihəsinin müzakirəsi za­manı bəlli oldu ki, Azərbaycanda Qiy­mətləndiricilər Palatası yaradılacaq. Bu palatanın üzvü olmayan şəxslər ölkə ərazisində qiymətləndirmə fəaliy­yəti ilə məşğul ola bilməzlər. 

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanuna dəyişik­lik olunması təklif edildi. Dəyişikliyə əsasən, narkotik vasitələrin, o cüm­lədən, tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağıdırsa, şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdar hesab olunur.

Ölkəmizdə səfərdə olan Serbiya Respublikası Milli Assambleyasının Sədri Vladimir Orliç Milli Məclisin bu gün keçirilən iclasında iştirak etdi. 

Bununla da Milli Məclis öz işini başa çatdırdı.

Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər