Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı

post-img

Avropa Parlamentinin 2023-cü il 5 oktyabr tarixli qətnaməsi ilə əlaqədar 

Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı

Azərbaycan Respublikasının Milli Məclisi 2023-cü il oktyabrın 5-də Avropa Parlamentinin qərəzli və obyektivlikdən uzaq qətnamə qəbul etməsinə qəti etirazını bildirir və ölkəmizi hədəf alan bu hərəkəti şiddətlə qınayır. Xatırladırıq ki, Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur. Yaxşı olar ki, Avropa Parlamenti Avropada tüğyan edən islamofobiya, antisemitizm, miqrantların hüquqlarının kütləvi və kobud surətdə pozulması və digər bu kimi köklü problemlərlə məşğul olsun. 

Sözügedən qətnamə Fransa hö­kumətinin təhriki ilə əksəriyyəti bu ölkədən olan anti-Azərbaycan, isla­mofob deputatların saxta məlumatları əsasında hazırlanmışdır. Avropa Par­lamentinin bu addımı onun ikili stan­dartlara əsaslandığının növbəti bariz nümunəsi olub, məsələlərə selektiv yanaşdığını sübut edir. Beynəlxalq səviyyədə tanınmış Azərbaycan əra­zisinin 20 faizinin 30 ilə yaxın davam edən işğalının doğurduğu ağrı-acıya, etnik təmizləməyə, Xocalı soyqırımına, 1 milyondan artıq qaçqın və məcburi köçkünün taleyinə, şəhər və kəndlərin yerlə-yeksan edilməsinə, tarixi, mədəni və dini irsin dağıdılmasına etinasızlıq göstərən Avropa Parlamentinin Azər­baycan ərazisində qalmaqda davam edən Ermənistan Respublikası silahlı qüvvələrinin birləşmələrinə və qanun­suz erməni dəstələrinə qarşı həyata keçirilmiş anti-terror tədbirlərindən son­ra Ermənistan Respublikası tərəfindən yaradılmış qondarma qurumun mü­dafiəsinə yönələn belə bir qətnaməni qəbul etməsi separatizmə açıq dəstək verməkdir. 

Qətnamənin əsas təşəbbüskarı olan Fransa son illər Cənubi Qafqaz bölgəsində sülh və təhlükəsizliyin tə­min edilməsi yolunda başlıca maneəyə çevrilmişdir. Dünyanın müxtəlif region­larında iflasa uğrayan Fransa Cənubi Qafqaz bölgəsini yeni təhlükələrə sü­rükləyərək qeyri-sabit zonaya çevir­məyə çalışır. Fransanın Azərbaycanın Qarabağ bölgəsində erməni separa­tizmini dəstəkləyərək, özünün mənfur yeni müstəmləkəçilik təcrübəsini Cə­nubi Qafqaz bölgəsində tətbiq etməyə çalışması, xristianlıq amilini qabartma­sı və keçmiş münaqişəyə dini təəssü­bkeşlik mövqeyindən yanaşması onun səlibçi siyasətinin təzahürüdür. 

Qondarma “Dağlıq Qarabağ Res­publikası” özünü buraxdığını elan et­dikdən sonra Avropa Parlamentinin onu müdafiə etməsi siyasi riyakarlıq­dan xəbər verir və bölgədə vəziyyətin yenidən gərginləşməsinə xidmət edir. Avropa Parlamenti Azərbaycan tor­paqlarının işğalı dövründə bu qondar­ma quruma dəstək verməklə işğalın uzun illər davam etməsi, on minlərlə azərbaycanlının qətlə yetirilməsi üçün məsuliyyət daşıyır. 

Məhz bu cür qərəzli və obyektiv­likdən uzaq fəaliyyəti ilə Avropa Par­lamenti öz nüfuzuna sarsıdıcı zərbə endirir, erməni lobbisinin və onu dəstək­ləyən qüvvələrin əlində oyuncağa çev­rildiyini göstərir. Avropa Parlamentinin anti-Azərbaycan və islamofob siyasə­tinin nəticəsidir ki, Avropa Parlamenti ilə Azərbaycanın münasibətləri aşağı səviyyədədir. Avropa Parlamentində təmsil olunan bir sıra deputatlar Avro­pa seçicilərinin deyil, lobbi qruplarının maraqlarını təmsil edir. Belə davranış həm də şovinizmin, ifrat sağ düşüncə­nin təzahürüdür. Bu yanlış siyasəti ilə Avropa Parlamenti Avropa İttifaqının Cənubi Qafqaz siyasətini təhlükə altı­na atır. 

Qətnamədə irəli sürülən iddialar­dan fərqli olaraq, Azərbaycan hökuməti Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlə­rin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin edilməsi və Azərbaycan dövlətinin himayəsindən istifadə etməsinə imkan yaradılması məqsədi ilə Qarabağ bölgəsində sosi­al, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli istiqamətində komp­leks tədbirlər həyata keçirir. 

BMT-nin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və digər beynəlxalq təşkilatların səsləndirdiyi bəyanatlara tamamilə zidd olaraq, Avropa Parla­mentinin bölgədən könüllü getmiş er­məni sakinlərin ərazidən zorla köçkün düşdüyünü iddia etməsi beynəlxalq ic­timaiyyəti çaşdırmaq məqsədi daşıyır. 

Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin rəhbər­liyini korrupsiyaya qurşanmış destruk­tiv və qərəzli qüvvələri dayandırmağa, Cənubi Qafqaz bölgəsində yaranmış yeni reallıqları əks etdirən obyektiv sənədlər qəbul etməklə bölgədə sülh və sabitlik yaradılması səylərinə dəstək göstərməyə çağırır.

Siyasət