ICESCO Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır

post-img

Oktyabrın 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.

Görüşdə Azərbaycan və ICESCO arasında əməkdaşlıq məsələləri, habelə bölgədə mövcud vəziyyət müzakirə olu­nub.

Nazir Ceyhun Bayramov ölkəmizin müstəqilliyini bərpa etdiyi ilk illərdən mədəniyyətlərarası dialoqun təşviqi, irqi ayrı-seçkilik, islamofobiya kimi təhdid­lərlə mübarizə sahələrində ICESCO ilə yaxından əməkdaşlıq etdiyini diqqətə çatdıraraq, bu xüsusda, yaxın zamanda ICESCO-nun ölkəmizdə regional mərkə­zinin açılmasının münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə dair inamını ifadə edib. Multikulturalizm və tolerantlıq modeli ilə dünyada tanınan ölkəmizin mədəniyyət beşiyi olan Şuşa şəhərinin 2024-cü il üzrə ICESCO-nun “İslam dünyasının mədəniyyət paytaxtı” seçildiyi məmnunluqla qeyd edilib.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın sülh və quruculuq səyləri barədə qarşı tərəfi ət­raflı məlumatlandıran nazir Ceyhun Bay­ramov ölkəmizin 30 ilə yaxın davam edən münaqişə dövründə Ermənistan tərəfin­dən dağıdılan dini və mədəni irsimizin bərpası istiqamətində əməli addımlar at­dığını diqqətə çatdırıb. 

Bütün mövcud çətinliklərə və çağırış­lara baxmayaraq, Azərbaycanın Ermə­nistanla normallaşma və sülh gündəliyi­nin, habelə Qarabağ bölgəsində yaşayan yerli erməni sakinlərin reinteqrasiya pro­sesinin irəlilədilməsində qərarlı olduğu diqqətə çatdırılıb. 

Baş direktor Salim bin Məhəmməd əl-Malik Azərbaycana səfərindən məm­nunluq duyduğunu, ötən gün Prezident İlham Əliyevlə və birinci xanım Mehriban Əliyeva ilə keçirdiyi görüş zamanı fay­dalı fikir mübadiləsi aparıldığını diqqətə çatdırıb. ICESCO-nun Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğu, habelə bundan sonra da əlaqələ­rin gücləndirilməsi istiqamətində səylər göstərilməsinin vacibliyi qeyd edilib.

XQ

Son xəbərlər