Sentyabrın 23-də Bakıda Beynəlxalq Kibertəhlükəsizlik Günlərinə həsr edilmiş “Rəqəmsal iqtisadiyyatlar və kibertəhlükəsizlik” konfransı çərçivəsində Azərbaycan Respublikasının dövlət qurumlarının “İnformasiya Texnologiyaları rəhbərlərinin II Zirvə toplantısı” yekunlaşıb.
Tədbirdə çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisi, general-mayor Azər Əhədov bildirib ki, dövlət qurumlarında internetin təhlükəsiz istifadə olunması, informasiya təhlükəsizliyinin gücləndirilməsi, eləcə də əməkdaşların sahə üzrə məlumat və bilgilərinin artırılması məqsədilə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası tərəfindən “İnformasiya təhlükəsizliyinin təmini üzrə Təlimat” layihəsi hazırlanaraq öz fəaliyyət istiqamətinə uyğun tətbiq olunması üçün dövlət qurumlarına göndərilib. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən göstərilmiş metodiki yardım və keçirilmiş təlimlərin nəticəsi olaraq hazırda 120-dən artıq dövlət qurumunda İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının tövsiyəsinə uyğun olaraq daxili informasiya təhlükəsizliyi təlimatı hazırlanıb.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Rəqəmli media ilə iş sektorunun müdiri Elmir Vəlizadə vurğulayıb ki, informasiya sistemləri ölkəmizin ən kritik sahəsinə çevrilib. Ötən 20 il ərzində Azərbaycanda informasiya texnologiyaları sahəsində mühüm addımlar atılıb. “Son dövrlərdə Azərbaycanda kritik informasiya infrastrukturu sahəsinə dair normativ-hüquqi bazanın formalaşdırılması və əməli tədbirlərin həyata keçirilməsi sahəsində addımlar atılır. Artıq informasiya sistemləri ölkəmizdə kritik əhəmiyyətli sistemlər səviyyəsinə gəlib. Bu, onun vacibliyini gündəlik həyatımızda olan önəmini göstərir. Azərbaycanda ASAN və DOST mərkəzləri yaradılıb və modelləri bəzi ölkələrə təqdim edilir”, - deyə sektor müdiri qeyd edib.
Tədbirdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov yeniliklər barədə məlumat verərək qeyd edib ki, bu il təqdim olunacaq yenilik - “SMS mərkəzi” xidmətidir. Növbəti yeni sistem isə “Ziyarətçi analizi” sistemidir: “Bu sistem bizim “log”larımızın xarici şirkətlərin ötürülməsinin qarşısının alınması baxımından çox vacib bir sistemdir. Bunun üçün biz daxili bir sistem yaratmışıq”.
XQ