Azərbaycanın Rus İcması ölkə rəhbərliyinin Qarabağın erməni əhalisinin tezliklə çoxmillətli Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətində səylərini tam dəstəkləyir.
Bu barədə İcmanın Respublika Şurasının bəyanatında bildirilir. Sənəddə vurğulanır: “Biz, Azərbaycanın rus əhalisi əminik ki, Qarabağ bölgəsi ermənilərinin sosial-iqtisadi reinteqrasiyası planı respublika Konstitusiyasında təsbit olunmuş bütün hüquq və normalara tam şəkildə uyğundur. Azərbaycan ənənəvi çoxmillətli, çoxmədəniyyətli ölkədir və burada çoxlu etnik qruplar sülh və anlaşma şəraitində yaşayır. Tariximizin bütün dövrlərində milli və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə məskunlaşmış bütün xalqlar arasında sülh şəraiti hökm sürüb. Bütün Cənubi Qafqazda sülhün, inkişaf və tərəqqinin vaxtı gəlib çatıb”.
Respublika Şurası bəyan edib: “Biz canlarını Vətən uğrunda fəda etmiş qəhrəmanları həmişə xatırlayacağıq. Təəssüf ki, antiterror tədbirləri zamanı şəhidlərimiz olub. Rus İcması həlak olanların ailələrinə başsağlığı verir və yaralıların tezliklə şəfa tapmasını diləyir”.
XQ