Xarici işlər nazirinin BMT-də görüşləri

post-img

Xarici işlər naziri Ceyhun Bayra­mov Nyu-Yorkda BMT Baş Assamble­yasının 78-ci sessiyasının yüksək sə­viyyəli həftəsində iştirakı çərçivəsində bir sıra önəmli görüşlər keçirib.

Səudiyyə Ərəbistanı Krallığının xari­ci işlər naziri Faysal bin Farhan Al Saud ilə görüş zamanı tərəflər siyasi, iqtisa­di, enerji təhlükəsizliyi, humanitar və ikitərəfli əməkdaşlığın gündəliyində du­ran bir sıra digər məsələlər ilə bağlı fikir mübadiləsi aparıblar və qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Nazir Ceyhun Bayramov regionda baş verən son proseslər ilə bağlı məlu­mat verərək, sentyabrın 19-da Azərbay­canın Qarabağ iqtisadi rayonunda qon­darma rejimin nümayəndələrinin bir sıra genişmiqyaslı hərbi təxribatlara və terror hücumlarına əl atdığı və bu təxribatların qarşısının alınması, habelə üçtərəfli Bə­yanatın müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələri­nin qalıqlarının ərazilərimizdən çıxarıl­ması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli an­titerror tədbirlərinin həyata keçirildiyini diqqətə çatdırıb.

Görülən tədbirlərin hədəfinin müstəs­na olaraq bölgədə sülh və təhlükəsizliyə əsas təhdid mənbəyi olan qanunsuz hər­bi birləşmələr və hərbi infrastrukturlar ol­duğu diqqətə çatdırılıb.

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər ətra­fında fikir mübadiləsi aparıblar.

*** 

Xarici işlər naziri Ceyhun Bayra­mov Finlandiyanın xarici və Avropa iş­ləri naziri Elina Valtonen ilə görüşün­də həmkarını regiondakı son vəziyyət və Azərbaycan tərəfindən başladılan lokal antiterror tədbirləri barəsində məlumatlandırıb.

Bu tədbirləri şərtləndirən amillə­ri diqqətə çatdıran nazir beynəlxalq hüquqa və 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın dördüncü paraqra­fını kobud şəkildə pozmaqla Ermənis­tanın öz silahlı qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmamasının, bütün mümkün siyasi, hərbi, maliyyə və ideoloji vasitələrlə Azərbaycanın ərazi bütövlü­yünə və suverenliyinə qarşı separatçılığı dəstəkləməkdə və təşviq etməkdə da­vam etməsinin regionda gərginliyin əsas səbəbi olduğunu bildirib.

Silahlı qüvvələr tərəfindən həya­ta keçirilən lokal antiterror tədbirlərinin müstəsna olaraq legitim hərbi hədəflərə qarşı aparıldığı, Ermənistanın qanunsuz hərbi infrastrukturunu zərərsizləşdirmək məqsədi güddüyü qeyd edilib. C.Bayra­mov vurğulayıb ki, bu tədbirlərin gedişin­də mülki şəxslərin və mülki infrastruktura zərər dəyməməsi üçün bütün işlər görü­lüb.

Nazir antiterror tədbirləri nəticəsində erməni silahlı qüvvələrinin ərazilərimiz­dən çıxarılması tədbirlərinin və erməni sakinlərin Azərbaycanın konstitusion quruluşu çərçivəsində reinteqrasiyası tədbirlərinin Ermənistanla sülh prosesinə də müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.

***

Ceyhun Bayramov Ərəb Dövlətlə­ri Liqasının (ƏDL) Baş katibi Əhməd Əbul Qeyt ilə də görüşüb.

Söhbətdə Azərbaycanın ƏDL çərçi­vəsində, habelə individual əsasda ərəb ölkələri ilə əməkdaşlıq məsələləri, habelə bölgədə cari vəziyyət müzakirə olunub. Ceyhun Bayramov, tarixi və mədəni baxı­mından bir çox oxşar xüsusiyyətlərimizin olduğu ərəb dünyası ölkələri ilə, o cüm­lədən ƏDL çərçivəsində əməkdaşlığa verdiyimiz əhəmiyyətdən bəhs edərək, bu istiqamətdə bir çox sahələr, o cüm­lədən iqtisadiyyat, investisiyalar, kənd təsərrüfatı, bağlantılar və s. sahələr üzrə əməkdaşlığın perspektivlərinin mövcud olduğunu diqqətə çatdırıb. 

Nazir Ceyhun Bayramov regionda təhlükəsizliyə ən böyük hədələrdən biri olan ərazilərimizdə qeyri-qanuni erməni silahlı qüvvələrinin mövcudluğuna tərə­fimizdən aparılan antiterror tədbirləri nəticəsində son qoyulduğunu bildirib. Ərazi bütövlüyümüz və suverenliyimizə hədə olan bu təhlükənin, eyni zamanda Qarabağ bölgəsində yaşayan erməniə­silli sakinlər ilə reinteqrasiya prosesinin irəlilədilməsinə də ciddi maneə törətdiyi diqqətə çatdırılıb. 

Baş katib Əhməd Əbul Qeyt, ötən il Qlobal Bakı Forumu çərçivəsində ölkə­mizə səfərini və dövlət başçımızla keçirdi­yi görüşü xatırlayaraq, bu kimi təmasların münasibətlərin inkişaf perspektivlərinin müzakirəsində əhəmiyyət kəsb etdiyini söyləyib. Azərbaycanın bölgədə sülh və quruculuq səylərinin təqdirəlayiq olduğu, bu xüsusda regionda dayanıqlı sülh qu­ruculuğu sahəsində işlərin davam etdiril­məsinin vacibliyi vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

XQ

Son xəbərlər