Qazaxıstan nefti Bakıdan Ceyhana axır

post-img

Bakı–Tbilisi–Çeyhan neft kəməri ilə xarici bazara çıxarılan Qazaxıstan neftinin həçmi artıb. Bu ilin yanvar–avqust aylarında neft tədarükü 838 min tona çatdırılıb. 2022-ci ildə bu göstərici 69 min ton təşkil etmişdi. Rəqəmlərdən də aydın olur ki, BTC ilə xarici bazara tədarük edilən neftin həcmində 12 dəfə artım var. Neft isə əsasən, Aktau limanından göndərilib.

Ekspertlər bildirirlər ki, Qazaxısta­nın Aktau limanından neft ixracı 8 ay ərzində 2,164 milyon ton səviyyəsində olub. Bu, əvvəlki illə müqayisədə 759 min ton (54 faiz) çoxdur. Bunun 520 min tonu “Tengiz”, 252 min tonu “Dunqa”, 1 milyon 385 min tonu “Buzaçı”, 7 min tonu isə “Kaşaqan” yataqlarından gön­dərilib. Aktaudan daşınmaların bu artı­mı Bakıya göndərilən ixrac həcmlərinin artması ilə bağlıdır. Eyni zamanda, yanvar-avqust aylarında neft Aktaudan təkcə Bakıya deyil, Mahaçqala limanı­na da göndərilib: 1,327 milyon ton.

Bununla belə, Qazaxıstanın “Ten­giz” yataqlarını Qara dənizdəki Novo­rossiysk neft terminalına birləşdirən Xəzər Boru Kəməri Konsorsiumu hələ də Qazaxıstan neftinin əsas ixrac mar­şrutu olaraq qalır. 2022-ci ildə Qazaxıs­tanın ümumi neft ixracının 81 faizi bu kəmər vasitəsilə həyata keçirilib. Yəni, ixrac edilən 64, 8 milyon ton neftin 52 milyon tondan çoxu Novorossiysk li­manından xarici bazara çıxarılıb. Digər marşrutlar üzrə ixrac olunan Qazaxıs­tan neftinin həcmi cəmi 19 faiz təşkil edib. Bu marşrutların gücü isə 1.8-2,2 milyon ton arasında dəyişir. Məsələn, Bakı–Tbilisi–Ceyhan neft kəməri ilə 2023-cü ildə 1,5 milyon ton Qazaxıstan nefti nəql ediləcək. 

Qeyd edək ki, 2022-ci ildə Qazaxıs­tan Prezidenti Kasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin artı­rılması barədə göstəriş verib. Bu göstə­rişə uyğun olaraq, “KazMunayQaz” və Azərbaycan Dövlət Neft Şirkəti arasın­da “Tengiz” yatağından hasil edilən, Bakı-Tbilisi-Ceyhan kəməri istiqamə­tində ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan saziş imzalanıb. SOCAR Qazaxıstan neftini BTC boru kəmərinə qəbul etmək üçün 2022-ci ildə Sən­gəçal terminalının ərazisi və ətrafında toplayıcı boru kəmərləri şəbəkəsinin yenilənməsi istiqamətində layihələr həyata keçirib. Bu layihələr BTC-nin ötürmə gücündən istifadə səviyyəsini artırıb. Bu hadisə Xəzər neftinin dünya bazarlarına nəqli üçün əsas marşrut kimi BTC boru kəmərinin strateji rolunu göstərərək regional enerji əməkdaşlığı­nın əhəmiyyətini bir daha sübut edir”.

Gələcəkdə BTC kəməri ilə həcmin artırılması və bu istiqamətdə ixracın 6,5 milyon tona çatdırılması nəzərdə tutu­lur. Bu, Qazaxıstanın Azərbaycan əra­zisindən öz neftini xarici bazara çıxar­maqda maraqlı olduğunu göstərir.

Qazaxıstan Azərbaycan istiqamə­tində neft nəqli üçün Bakı–Tbilisi–Cey­han neft kəmərindən başqa, Bakı–Sup­sa və Bakı–Batumi marşrutlarından da istifadə edə bilər.

Bəs Qazaxıstanın Bakı–Tbilisi–Çeyhan neft kəmərinə marağının art­ması nə ilə bağlıdır?

Yada salaq ki, Astana Xəzər Boru Kəməri Konsorsiumu və Novoros­siysk limanından asılılığı azaltmaq üçün nəqliyyat marşrutlarını şaxələndirmək istəyini dəfələrlə vurğulayıb. Hazırda o, bu strategiyanı həyata keçirir, ona görə də Qazaxıstan nefti Rusiya ərazi­sindən yan keçməklə də xarici bazara çıxmaqda maraqlıdır. Bunun səbəbləri var. Birincisi, Rusiya Xəzər Boru Kəmə­ri Konsorsiumu və Novorossiysk termi­nalından təsir vasitəsi kimi istifadə edir. Maraqlarına uyğun istənilən zaman neftin nəqlini dayandıra bilər. İstənilən bəhanəni də tapmaq asandır. Məsələn, Rusiya əlverişsiz hava şəraitini əsas gətirərək dənizdə yanalma qurğuları­nın mümkün zədələnməsi bəhanəsilə dəniz terminalından neftin yüklənməsi­ni dayandırmışdı. Nəticədə Qazaxıstan neftinin bazara çıxarılmasında çətinlik yaranmışdı. Qazaxıstan isə belə prob­lemlərlə bir daha qarşılaşmaq istəmir. Bundan başqa, Qərbin Rusiyaya qarşı sanksiyaları var. Nöbvəti sanksiyalar Rusiya limanlarından neftin daşınma­sını qadağan edə bilər. Bunlar isə Qa­zaxıstanın əlavə marşrutlar axtarmağa vadar edir.

 

P.ƏFƏNDİ

XQ

Son xəbərlər